Məhkəmə qərarları › İş №2(067)-1523/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1523/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1523/2023 11.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı İB-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın, 379,45 manat debitor borcun, cəmi 4526,65 manat pulun tutularaq **********10260 saylı abonent koduna və 65,27 manat dövlət rüsumunun İddiaçı X2 Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Birlik abonentə məxsus Xaçmaz rayonu Laman kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********10260 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. 2022-ci il tarixdə onun istifadəsində olan qaz xətlərinə və qaz sayğacına baxış keçirərkən abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, bu barədə akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 34560 m3 və ya 4147,20 manat ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hazırda cavabdehin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 4526,65 manat borcu vardır ki, bu məbləğin 4147,20 manatı dəymiş ziyana görə, 379,45 manatı isə sayğacla müəyyən edilən debitor borcudur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh abonent kimi qeydiyyatdadır. Qaz xəttinə xx.xx.2021-ci il tarixdə baxış keçirilib və abonentin təbii qazdan kənar xətlə qeyri-qanuni istifadə halı müəyyən edilib. Bu barədə video çəkiliş də aparılmışdır. Dəymiş ziyanın hesablanması üçün təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuş və həmin akta əsasən dəymiş ziyan 4147 manat hesablanıb. Bundan başqa 379,45 manat da debitor borcu da var. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, debitor borcu var, onu bu gün ödəyər. İddialı söhbətə görə ödəməmişdir. Təbii ki, pulu ödəməlidir. Ev ata evidir, heç o evdə yaşamamışdır, Xaçmaz şəhərində bacısıgildə yaşamış, sonradan ata evinə köçmüşdür. Boru çürüyüb, sızma olub, debitor borc onun nəticəsində yaranıb. Kənar xətt olmayıb. Boruda köhnə çıxış var, ancaq istifadə olunmur, qonşu üçün gedən çıxış olub, o da ki, 90-cı ildə kəsilib qaynaq olunub. Hazırda yalnız boru sonluğu qalıb, amma üstün qaynaqlanıb. Qonşuluqda yaşayan uşaqlar həmin boru sonluğuna şlanq taxıb guya maşın yuma oynayırlar. Həmin yer onun evindən 120 metr uzaqdadır. Burada görüntülər də var, onu məhkəməyə təqdim edir. Xətt evinin düz yanından keçir. Orada şlanq daimi qalmışdır və bunu nəzarətçi də görmüşdür. 90-cı illərdə qaynaq ediləndə yerində boru sonluğu qalmış, içərisini qaynaqla doldurmuşlar. Həmin vaxtdan elə də qalmışdır. Şahidləri var, təsdiq edəcəklər. O, 22 il Sibirdə yaşamış, burada yaşamamışdır. İddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini, yəni müdaxiləyə görə hesablanan pulun ondan tutulmasına dair hissədə iddianın təmin edilməməsini xahiş edir, debitor borcla bağlı hissədə iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur, qohumluğu, ədavəti yoxdur. Şəhid anasıdır. Cavabdehin qaz oğurluq etdiyini görməmişdir. Onun qızı neçə ildir oradan köçüb gedib. Qızının evinə qaz xətti əhali üçün gələn yerdən gəlirdi. Qızı köçəndən sonra, qaz xətti kəsilib və qaynaqlanıb. Lakin boru sonluğu qalmışdır. Onun evi uzaqdır, arada yol var. O, orada yaşayanda evinə qaz xətti çəkilib, gedəndə də kəsib çıxıb gedir, başqa yerdə özünə ev tikmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, cavabdeh qonşusudur, qohumluğu, ədavəti yoxdur. Cavabdeh ona demişdir ki, qaz çəkmiş, gəlib tutublar. O, kənar xətt görməmiş, olub-olmadığını deyə bilməz, evdə olur, arada bir dəfə küçəyə çıxır. Əzimə xala qızı Qətibə üçün 35-40 il əvvəl ev tikmiş, qaz xətti çəkilmişdi, sonra qızı köçüb getmiş, qaz xəttini də ləğv etmişlər. Boru çıxışı görmüş, ağzı qaynaqlı olmuşdur. Nə vaxt kəsilməsini görməmiş, Bakıda olmuşdur. İndi də borunun ağzı bağlıdır. Sonuncu dəfə boru sonluğunu bu söhbət çıxandan sonra görmüşdür, kolların içindədir. Ağzı da qaynaqlıdır.. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21 dekabr 2022-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, abonent təbii qazdan qeyri qanuni istifadə edir. İş materiallarında olan abonentin saldosundan və dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Cavabdeh 4526,65 manat cərimə hesablanmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, tələb olunan pul məbləğinin 379,45 manatı debitor borc, digər hissəsi isə, yəni 4147,20 manat isə akt üzrə dəymiş ziyanla bağlı hesablanan məbləğə aiddir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını, iş materialları və işə əlavə olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X3 filialının xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Laman kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qeyri qanuni qoşulmaya görə cərimə yazılması və qaz verilişinin dayandırılması barədə müraciət X4 Agentliyinin (bundan sonra Agentlik) Xaçmaz filialında araşdırılmışdır. Araşdırma zamanı filial tərəfindən İddiaçı İB-nin X11 İstismar İdarəsinə sorğu məktubu ünvanlanmış, Regional idarədən daxil olmuş cavab məktubunda bildirilir ki, Xaçmaz xidmət sahəsinin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh məxsus mənzilin qaz xətlərinə baxış keçirən zaman mənzildə “Qazdan istifadə Qaydaları’nın tələblərinə zidd olaraq sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən itirilmiş qazın bərpası tələbi ilə 4127,20 manat məbləğində hesabat aparılaraq abonent hesabına işlənilmişdir. Lakin təqdim olunmuş sənədlərə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacdan kənar qaz xəttinin çəkilişini əks etdirən alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş pozuntuların fotoşəkilləri və ya videoyazısı, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir. Bununla da, İddiaçı İB-nin X11 İstismar İdarəsi tərəfindən Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin (Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilişini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə ( və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və ya qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir) və “Qazdan istifadə Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.2.4-cü bəndinin ((aşkar olunmuş nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək) tələbləri pozulmuşdur. Agentliyin Xaçmaz filial tərəfindən qaz hesabınıza hesablanmış 4147,20 manat məbləğində dəymiş ziyanın hesabatına yenidən baxılması məqsədilə İddiaçı X5 X9 İdarəsinə məktub ünvanlanmışdır. Xaçmaz RQİİ-nin xx.xx.2023-cü il tarixli, 14-2-2-8/2- 180/2023 saylı məktubunda qeyd olunanlarla bağlı Xaçmaz rayon Məhkəməsinə müraciət olunduğu və qanuni qüvvəyə minmiş Məhkəmə Qətnaməsinə uyğun olaraq müvafiq tədbirlərin həyata keçiriləcəyi bildirilmişdir. “Qazdan istifadə Qaydalan”na 2 nömrəli Əlavədə verilmiş qazın alqı-satqı müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, məhkəməyə müraciət edə bilərlər. İş materiallarına əlavə edilmiş bir ədəd disk məhkəmə tədqiqatı zamanı tərəflərin iştirakı ilə məhkəmə iclasında monitor vasitəsilə nümayiş etdirilmiş və diskə baxış zamanı cavabdehin qeyri-qanuni kənar xətt vasitəsi ilə qazdan istifadə etməsi halı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsində nəzərdə tutulur ki, fiziki şəxs olan istelakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.7.-ci bəndinə əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda qazlaşdırılmış əraziyə və (və ya) yaşayış sahəsinə (bundan sonra – qazlaşdırılmış obyekt) qazın alqı-satqısı barədə müqavilədə nəzərdə tutulmuş bildiriş göndərilməklə, həmin qazlaşdırılmış obyektə daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vərəqəsini təqdim etməklə buraxıla bilərlər. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.8.-ci bəndinə əsasən qazlaşdırılmış obyektdə qaz qurğusuna texniki baxış keçirmək üçün tapşırıq sənədinin surəti istehlakçıya mütləq təqdim edilməli və istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.5.-ci bəndinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1.7.-ci bəndinə əsasən qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.4.-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.8.-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 4.9.-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.10.-cu bəndinə əsasən istehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbə dövlət yoxlanılmasından keçirmək. Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.1.11.-ci bəndinə əsasən ödənişsiz qaydada İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək və dövlət yoxlamasından keçirmək, habelə həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişmək və quraşdırmaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddısinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı İB cavabdeh tərəfindən qeyri-qanuni kənar qaz xəttindən istifadə etməsini sübuta yetirə bilməmişdir. Məhkəməyə bununla bağlı kifayət qədər sübutlar təqdim edilmədiyindən, iddia tələbi bu hissədə rədd edilməli, debitor borcla bağlı isə iddiaçı istifadə etdiyi qaz sərfiyyatına görə borcunu etiraf etdiyindən iddia bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi qismən təmin olunduğundan iddia həcmi azaldıldığı üçün dövlət rüsumu da ona mütənasib olaraq Azərbaycan Respublikası Dövlət X8 8.1.1-ci maddəsinə əsasən hesablanmalıdır. Azərbaycan Respublikası Dövlət X8 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki iddia 379,45 manat hissəsində əsaslı olduğundan Cavabdeh buna mütənasib olaraq 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 379,45 manat debitor borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə (Bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar