Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1524/2020 14.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayonunun Köşnə-Xaçmaz kəndində ona məxsus bir mərtəbəli yaşayış evi vardır. Həmin evdə o, öz arvadı X2, qızları və nəvələri ilə birlikdə yaşayırlar. Cavabdeh onun oğludur. Oğlu onun evində pasport qeydiyyatında olsa da 2008-ci ildən etibarən ona məxsus evdə yaşamır. Belə ki, oğlu Rasim 2008-ci ildə Kürdəmir rayon sakini Gülnar İlqar qızı ilə ailə həyatı quraraq iki gün evində qalmış, sonradan evindən çıxıb getmişlər və hazırda onun mərhum anasından miras qalmış Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən yaşayış evndə yaşayırlar. Cavabdehin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir. Yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Ona görə də artıq 12 ilə yaxın müddətdə mənzilində yaşamadığına görə cavabdehin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən iddiasının təmin edilməsini, Cavabdeh ona məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun doğma atasıdır. Atasına məxsus Xaçmaz rayonunun Köhnə- Xaçmaz kəndində yaşayış evi vardır. O, həmin evdə doğulmaqla böyüyüb boya-başa çatmış və 2008-ci ilədək həmin evdə yaşamışdır. 2008-ci ildə evləndikdən sonra iddiaçı olan atası onu məcburi surətdə evdən çıxarmış və bir daha həmin evə buraxmamışdır. Məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndindəki nənəsindən miras qalmış evdə yaşayır. O, mübahisəli evdə qeydiyyatdadır, həmin evdə onun bir övlad kimi yaşamaq hüququ vardır. Atası İddiaçı onu əsassız olaraq evindən qeydiyyatdan çıxarmağa çalışır. O, isə mübahisəli evdən qeydiyyatdan çıxmasına və istifadə hüququnun itirilməsinə razı deyiddir. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan may 1994-cü il tarixli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisində 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 82,8 kv.m, köməkçi sahəsi 53,3 kv.m, yaşayış sahəsi 29,5 kv.m olan fərdi yaşayış evinə dair İddiaçı Gülmirxə oğlunun adına texniki pasport işlənmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 160- 12926-1220 nömrəli məktubundan görünür ki, iş üzrə cavabdeh- xx xxxxxxxx 1989-cu il təvəllüdlü X1 rayonunun Köhnə-Xaçmaz kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh İddiaçı ailə üzvü-doğma oğlu olmaqla həmin evdə doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmış və iddiaçının razılığı əsasında ona məxsus Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndindəki evə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman qeydiyyata alınmış və 2008-ci ilədək həmin ünvanda yaşamışlar. Odür ki, hazırki mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüqüqu əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li qərarında qeyd olunur ki, kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbində cavabdehin onun evindən çıxaraq başqa yerə köçməsini, özünə məxsus yaşayış sahəsi olduğunu, lakin dəfələrlə xəbərdarlıq etsə də buna baxmayaraq cavabdehin ona məxsus evdən qeydiyyatdan çıxmadığını göstərsə də cavabdehin başqa yaşayış sahələrinin olmasını və ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxmaqdan yayındığını sübut edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü- doğma oğlu olduğundan 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1524/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1524/2020
14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver