Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1590/2021 29.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə Quba rayon məhkəməsinə müraciət edərək mərhum anası X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinə dair mirasın qəbul edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş 05.05.2021-ci il tarixdə aidiyyatı üzrə baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1957-ci ildə Quba rayon Afurca kəndində anadan olmuşdur. 04.10.1980-cı il arixdə X14 ilə rəsmi nikaha daxil olaraq evlənib Yarıyeva soyadını qəbul etmişdir. X5 25.12.1962-ci il tarixdə, anası X4 isə 26.07.1968-ci il tarixdə Quba rayonu Afurca kəndində vəfat etmişlər. Mərhum anası X2 Quba rayonu Afurca kəndində 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evi miras qalmışdır. O, hər iki valideynlərinin dəfnini təşkil edib onları el adəti üzrə dəfn etmişdir. Mirası faktiki olaraq qəbul edib idarə edir. O, miras əmlakını öz adına rəsmiləşdirməklə əlaqədar hüquqmüəyyənedici sənədləri Quba Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinə təqdim edib vərəsəlik hüququ haqqında şəhadətnamə almağı xahiş etmiş, Quba Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinin notariusu R.Haqverdiyev 07.12.2020-ci il tarixli 551 saylı məktubu ilə mirasın qəbul edilmə müddətini buraxıldığını və ona sahiblik etməyi barədə sənəd təqdim etməməsi, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişdir, ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsinə əlavə etdiyi X22 filialının 18 fevral 2020-ci il tarixli 153 nömrəli arayışından aşkar olur ki, mərhum anası G.Babayevanm adına Quba rayon Afurca kəndində şəxsi mülkiyyətində 0.02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi olması qeyd edilmişdir. Ərizəsinə əlavə etdiyi ölüm şəhadətnamələrindən aşkar olur ki, atası M.Babayev 25.12.1962-ci ildə, anası G.Babayeva 26.07.1968-ci il tarixdə vəfat etmişlər. Mərhum anasından qalan mirası qəbul etməyi onunla qonşuluqda yaşayan həmkəndliləri şahidlik edərək təsdiq edə bilərlər. Ona görə də, X9 əmlkakını faktiki olaraq qəbul etməyinə görə vərəsə kimi hüququnun tanınmasını və miras əmlakı vərəsəlik qaydasında adına rəsmiləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 iyun 2021-ci il tarixli, 259 saylı arayışından görünür ki, Ərizəçi, X17 filialının verdiyi arayışa əsasən 1966-1968-ci illərə aid Afurca kəndi üzrə 9№-li təsərrüfatbaşı kitabda mərhum anası X3 şəxsi mülkiyyətində 1948-ci ildə tikilmiş yaşayış evi və xüsusi istifadəsində 0.02 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin təsərrüfatda X3 26.06.1968-ci ildə vəfat etdiyi göstərilmiş, təsərrüfatda X10 onun qızı kimi yazılmışdır. 1968-1969-cu illərdə təsərrüfatın addan-ada keçməsi, ləğv edlməsi haqda məlumat yoxdur. 1969-1971-ci illərin təsərrüfatbaşına kitablarda X8 qızının adı aşkar edilməmişdir. Bu illər ərzində həmin 0.02 ha torpaq sahəsini Yarıyeva (Babayeva) Gövhər Məmməd qızı idarə etmişdir. Mərhumə X3 vərəsələri arasında mübahisə yoxdur. İş materiallarında olan Quba rayon Güləzi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2020-ci il tarixli 388 saylıarayışdan görünür ki, 1926-cı ildə Qonaqkənd qəsəbəsinin Afurca kəndində anadan olmuş, Quba rayonu Afurca kəndində yaşamış, 26.07.1968-ci ildə həmin kənddə vəfat etmişdir. Vəfatından sonra qızıları-X6, Ərizəçi və oğlu X21 (15.08.2018-ci ildə vəfat etmişdir) oğludur. İş materiallarında olan Milli Arxiv İdarəsinin Quba filialının 18 fevral 2020-ci il tarixli, 152 saylı arxiv arayışından görünür ki, Quba rayonu Güləzi kənd sovetinin 1954-1956-cı illərə aid Güləzi kəndi üzrə 2№-li təsərrüfatbaşına kitabda vətəndaş X7 1930-cu ildə və X3 1926-cı ildə anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan nikahın bağlanması şəhadətnamənin surətindən görünür ki, X14 ilə Babayeva Gövhər Məmməd qızı ilə 04 oktyabr 1980-cı ildə nikaha daxil olmuş, nikahdan sonra ərə Yarıyev, arvada Yarıyeva soyadları verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 25 iyul 1962-ci ildə anadan olmuşdur. İş materiallarında olan X6 məhkəməyə ünvanladığı teleqramda göstərir ki, valideyinlərindən qalan miras əmlakdan bacısı Ərizəçi xeyrinə imtina edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konsitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bunu nəzərə alaraq, hesab edir ki, miras qoyan şəxs vəfat etdiyindən, ondan miras qalmış əmlakla bağlı mülki münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə miras əmlakın kimin tərəfindən qəbul edilməsini araşdırarkən aşağıdakılara diqqət yetirmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə mərhum nənəsindən və xalasından miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Məhkəmə bütün yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Bu qətnamə X2 miras qalmış Quba rayonu Afurca kəndində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evində Ərizəçi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsə, qətnamə qəbul edilən gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1590/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1590/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver