Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-162/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunda inşa edilmiş tikilinin sökülməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 23 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu üçün nəzərdə tutulmuş ərazidə Cavabdeh tərəfindən inşa edilmiş tövlənin cavabdehin öz hesabına sökülməsi və əkdiyi ağacların çıxardılaraq gediş-gəliş yolunun torpaq sahəsinə qədər tam açılması, torpaq üzərində pozulmuş hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən mülkiyyətinə Xaçmaz rayonunun Müzəffər oba kəndi ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onun mülkiyyət hüququ torpağın mülkiyyətə verilməsinə dair JN 313F seriyalı 30219078 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həyətyanı torpaq sahəsinə və o ərazidə olan digər həyətyanı torpaq sahələri olan torpaq mülkiyyətçilərinin torpaq sahələrinə gediş-gəliş yolu mövcuddur. Həmin gediş-gəliş yolu ilə daim torpaq sahəsinə gedib gəlmiş və istifadə etmişdir. Yerquruluşu xəritəsinə nəzərsalınsa orada torpaq payçılarının torpaq sahələri arasında həqiqətən də mübaşisələndirilən zolağın gediş-gəliş yolu olması müəyyən olunur. Onun torpaq sahəsinin yerləşdiyi ərazi dalan kimi bir yerdə yerləşir. Cavabdehin torpaq sahəsi onun torpaq sahəsindən 2 torpaq sahəsi aralıdadır. Cavabdeh öz torpaq sahəsinə əvvəl küçənin baş hissəsindən gedib gəlmişdir. Onun torpaq sahəsi gediş-gəliş yolunda cavabdehin torpaq sahəsindən sonra gəlir. Savabdeh ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunu açıq aşkar şəkildə bağlayaraq oraya dəmir darvaza qoymuşdur. Xaçmaz rayon məhkəməsinin 14.05.2019-cu il tarixli qətnaməsi cavabdehin qoyduğu dəmir darvazanın götürülməsi, onun istifadəsində olan 175 kv.metr torpaq sahəsini boşaldılaraq yolun vçılması göstərilmişdir. Hazırda həmin dəmir darvaza götürülsə də torpaq sahəsinə gedən yol tam boşaldılmamış, həmin ərazidə cavabdeh tövlə tikmiş və meyvə ağacları əkərək yolu həmin hissədə tamamilə daraltmış və keçilməz etmişdir. Dəfələrlə cavabdehdən yolu açmasını tələb etsə də, cavabdeh inadından əl çəkməmişdir. Nəticədə torpaq sahəsinə texnikanın gedib-gəlməsi mümkünsüz olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə Xaçmaz rayon AİK-nın 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkməsinin 14.05.2019-cu il tarixli 2(067)- 273/2019 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayonunun Müzəffər oba kəndində yerləşən İddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən mülkiyyətində olan torpaq sahəsinə yol üçün nəzərdə tutulmuş və cavabdeh X5 tərəfindən istifadə olunan 175 kv.metr torpaq sahəsi, cavabdeh tərəfindən yaradılan maneələr onun hesabına aradan qaldırılmaqla həmin yolun boşaldılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli, 2(105)-3287/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkməsinin 14.05.2019-cu il tarixli 2(067)-273/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayon AİK-nın 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu yolunda cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Qeyd olunan gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin 30 iyul 2021-ci il tarixli, 10/3342 nömrəli ekspert rəyindən müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-313F saylı, 30219078 kodlu şəhadətnaməyə əsasən Xaçmaz rayon AİK-nın 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Müzəffər oba kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu yolunda cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Qeyd olunan gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı gediş-gəliş yolunda inşa edilmiş tikilinin sökülməsi və sair tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Mütəxəssis rəyinin dəyəri olan 311 manat məbləğində pul İddiaçı alınaraq Kapitalbank ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-162/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-162/2021
23.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver