Məhkəmə qərarları › İş №2(067)-168/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-168/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-168/2023 28.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə3, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Şıxnəzər oğlunun və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, torpaq sahələrinə gediş-gəliş yolunun aşılması və sair tələbinə dair ilk, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçınə qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən cavabdeh X7 və Cavabdeh2 Şixnəzər qızının seriyası JN 033; kod: 30213038 olan Dövlət Aktı və reyestr nömrəsi **********45 nömrəli ilə verilmiş torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun cavabdehlər tərəfindən öz hesablarına açılması, həmin yolun bağlanması ilə əlaqədar etdikləri qanunsuz hərəkətlərinə son qoyulması, kənd sakinlərinin həmin yoldan kənd təsərrüfatı texnikası və piyadaların hərəkətinin təmin edilməsinə dair ərizə və xahişlərini nəzərə alaraq cavabdeh X7 tərəfindən İddiaçı mülkiyyətində olan 13 torpaq sahəsini onun qanunsuz sahibliyindən alınaraq bələdiyyənin mülkiyyyətinə qaytarılması və cavabdehlər tərəfindən ziyanın əvəzi olaraq 5000 manatın bələdiyyənin büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışlar ki, cavabdeh X5, onun qızı Cavabdeh2 Şixnəzər qızına və digər ailə üzvlərinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2.07 ha torpaq sahəsi verilmişdir. Cavabdehlərin torpaq sahələri seriyası JN-0033; kod: 30213038 olan Dövlət Aktında cizgilərlə göstərilib. Bundan başqa Cavabdeh2 Şixnəzər qızının reyestr №-si **********5 nömrəli alqı-satqı müqaviləsi ilə mülkiyyətinə aldığı 0,20 ha torpaq sahəsi də vardır. Cavabdehlərin dövlət aktında göstərilmiş və hal-hazırda öz mülkiyyətləri kimi istifadə etdikləri torpaq sahələrinin yanından digər torpaq sahələrinə gediş-gəliş yolu keçir. Həmin yol kənd yolu kimi uzun illərdir mövcud idi. Kəndin əhalisi həmin yoldan gediş-gəliş üçün istifadə edirdi. Təmir məqsədilə yol çınqıl daşla örtülmüşdür. Cavabdeh X2 Aktı ilə ona verilmiş torpaq sahəsinin uzunluğu boyunca şimal-şərq tərəfdən, Cavabdeh2 torpaq sahəsinin uzunluğu boyunca şimal tərəfdən 29 avqust 2022-ci ildə qərəzli şəkildə öz torpaq sahələrinə birləşdirməklə yolu bağlamışlar. Hazırda mübahisəli yolda gediş-gəliş mümkün deyil. Cavabdehlər yolun ərazisindən istifadə etmək məqsədilə traktorla yola döşənmiş çınqıl daşını yol boyunca kürətmişdir. Yol tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdehlərə dəfələrlə yolun ərazisindən geri çəkilməsini və yolu əvvəlki vəziyyətinə gətirmək üçün bərpa işlərinin görülməsi barədə xəbərdarlıq edilsə də, onlar öz qanunsuz əməllərindən əl çəkmirlər. Yolu açmaq istəmirlər. Yazılı xəbərdarlıq edilsə də belə, heç bir nəticəsi olmayıb. Bundan əlavə cavabdeh X7 mülkiyyətində olan torpaq sahəsinə şimal tərəfdən bələdiyyənin mülkiyyətində olan 13 sot torpaq sahəsini qanunsuz birləşdirərək istifadə edir. Dəfələrlə cavabdehə bildirilib ki, bələdiyyəyə məxsus torpaq sahəsindən qanunsuz istifadəsini dayandırsın və oradan çıxsın. Buna baxmayaraq zəbt etdiyi torpaq sahəsini özünə məxsus torpaq sahəsinə birləşdirərək qanunsuz istifadəsini davam edir. Zəbt edilmiş torpaq sahəsindən çıxmaq istəmədiyini deyir. Cavabdehin qanunsuz hərəkətinə görə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini hərraca çıxarmaqla satmaq mümkün deyil. Cavabdehin hərəkəti xəticəsində bələdiyyənin hüquqları pozulub. Cavabdeh X7 torpaq sahəsini zəbt etdiyindən və gediş-gəliş yolunu sökdüyündən, Cavabdeh2 Şixnəzər qızı yolu sökdüyündən bələdiyyəyə zərər vurmuşdur. Cavabdehlər vurulmuş zərərin əvəzini ödəməlidirlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Palçıq oba kənd bələdiyyəsinin ərizəsinin qanunsuz hesab edilərək,rədd edilməsi, onlara qarşı qərəzli mövqe seçən vəzifəli şəxs Musaib Aslanovdan maddi və mənəi ziyan əvəzi olaraq, 5000 manatın alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Palçıq oba kənd bələdiyyəsinin sədri X12 oglu bildirib ki, güya onlara məxsus pay torpaqları sahəsinin yanında olan yolu və bələdiyyəyə məxsus torpaq sahəsini öz torpaq sahələrinə birləşdirmişlər. Xaçmaz rayon Palçıq oba bələyyəsinin onlara qarşı yazdıqları həqiqətə uyğun deyildir. Əksinə 2021-ci il aprel ayınıın 26-sı gəcə saat 3-4 radələrində gizli olaraq, qohumuna məxsus ağır texnika (ekskavator) ilə torpaq sahəsinə çınqıl daş tökərək əkin biçin etdikləri kənd təsərrüfatlı təyinatlı torpaq sahələrini yararsız vəziyyətə salmışdır. Bunda da məqsədi torpaq sahələrindən qanunsuz olaraq qərəzli şəkildə özünün və qohum olan Şükürov Şaiqin şəxs maraqları üçün yol açmaq olmuşdur. Halbuki, iddiaçı A.Musayib öz iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsəsən mülkiyyət toxunulmazdır. Bunları bilə-bilə mülkiyyətləri yararsız hala salmışdır. Bələdiyyə sədrinin bu özbaşına qanunsuz hərəkətləri barədə Xaçınaz RPŞ-nə yazılı şəkıldə şikayət etmişdir. Xaçmaz RPŞ-də şikayət ərizəsi ilə müraciət əsasında toplanmış material üzrə 2021-ci ilin may ayının 4-də yaşadıqları Xaçmaz rayonu Palçıqoba kənd bələdiyyəsinin sədri Müsayib Aslanov onlara məxsus pay torpaq sahəsinin hasarını hasarını ağır texnika vasitəsilə qanunsuz olaraq sökdürməsi barədə iş başladılmışdır. Müsayıb Aslanov onlara qarşı vəzifəsindən istifadə edərək, qərəzli mövqedən çıxış edir və bu gün də qərəzli mövqe sərgiləyir. Bunlar azlıq imiş 6 sentyabr 2022-ci il tarixində saat 9-40 radələrində mülkiyyətində olan 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq şairəsinin hasarını qohumu olan Çinartala kənd sakini X10 ilə birlikdə vəhşicəsinə sökmüş və bir hissəsinidə aparmışdır. Xaçmaz rayon Palçıq oba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovun hərəkətlərində AR CM-nin maddələrinin tərkib hissələri olduğu əmlakına ziyan vurma və s hallar olduğu halda onlara qarşı iddia qaldırı. Həmin faktların daha ciddi araşdırılmasına ehtiyac var. Çəkdikləri xərci, onları get-gələ saldığını ictimaiyyət arasında nüfuzlarına xələl vurduğunu nəzərə alsalar, onlara ziyan vurmuş olur. Ona görə də, hesab edir ki, onun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də Palçıq oba kənd bələdiyyəsinin sədri Müsayib Aslanovun iddia ərizəsinin qanunsuz hesab edilərək, rədd edilməsi, onlara qarşı qərəzli mövqe seçən vəzifəli şəxs Müsayib Aslanovdan maddi və mənəvi ziyan əvəzi olaraq, 5000 manatın alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qarşılıqlı iddianı qəbul etmir. Cavabdehlər eyni zamanda 5000 manat ziyan vurub. Həmin yol düzəldilmişdi. Bununla bağlı onlarla çəkiliş də vardır. Həmin yola tökülən daş xüsusi texnika ilə yenidən götürülüb. Onlar bu daşı vətəndaşların razılığı ilə yola tökmüşlər. Maddi ziyan vurulması ilə bağlı başqa sübut yoxdur. Xaçmaz rayonu, Çinartala kəndi ərazisində yerləşən Cavabdeh1 və Cavabdeh2 seriyası JN033 KOD:30213038 olan Dövlət Aktı və reyestr **********45 nömrəli ilə verilmiş torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolunun cavabdehlər tərəfindən öz hesablarına açılması, həmin yolun bağlanması ilə əlaqədar etdikləri qanunsuz hərəkətlərinə son qoyulmasını istəyir. Vətəndaşlar özləri də onlara müraciət etmişdir. Bu işlə bağlı ekspertiza təyin olunmuş, ekspertiza rəyində də yolun zəbt olunduğu görünmüşdür. Xahiş edir ki, öz iddiaları təmin olunsun. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 Şıxnəzər oğlu izahatında göstərmişdir ki, ilk iddianı qəbul etmir, qarşılıqlı iddianı müdafiə edir. 2020ci ilin aprel ayının 26-da gecə saat 3-də bələdiyyə tərəfindən ekskavatorla çəpərlər sökülərək götürülmüşdür. Həmin ərazidən yol açıblar və oraya çınqıl daş töküblər. Göründüyü kimi bələdiyyənin iddiası əsassızdır. Ekspertiza da çıxarış təqdim olunsa da, buna baxılmamışdır. Onlar torpaqları 1998, 1999, 2000-ci illərdə almışlar. O zaman isə bələdiyyə heç orada yox idi. 2018-ci ildə də xanımın qardaşını məhkəməyə veriblər. Ekspert rəyi ilə tanışdır. Ekspert rəyi ilə qəti razılaşmır. Onların torpaq sahəsinin koordinatları verilməyib. Həmin rəydə başqa koordinatlar verilib. 1998-ci ildə pay torpaqları bölünmüşdür. İlk iddianın rədd, qarşılıqlı iddianını isə təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 izahatında göstərmişdir ki, öz iddiasını müdafiə edir. İlk iddianı isə qəbul etmir, çünki heç bir əsası yoxdur. Mülkiyyətində olan torpaq sahəsi gediş-gəliş yoluna mane yaratmır. Həmin torpaq sahəsinin onun adına çıxarışı da vardır. Ekspertiza təyin olundu. Yerinə baxış keçirildi. Keçən yol onun mülkiyyətində olan torpaq sahəsidir. Ondan yol kimi istifadə edirlər. Eyni zamanda, onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə bələdiyyə tərəfindən mane yaradılır. Bununla bağlı şikayətlərini də bildirmişdir. Qarşılıqlı iddianı da bu səbəbdən qaldırmışdır. Əsassız şəkildə oradan yol açılmış, qanunsuzluğa yol verilmişdir. Xahişi odur ki, İddiaçı onlara qarşı iddiası təmin edilməsin, öz iddiaları təmin olunsun. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Çinartala kəndinin baş planından Çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin koordinatları göstərilmişdir. İş materiallarında olan Xaçmaz rayon Çinartala kənd sakinlərinin Xaçmaz rayon Palçıq oba kənd bələdiyyəsinin sədrinə yazdıqları ərizədən müəyyən olunur ki, X7 və Cavabdeh2 Şixnəzər qızı 20 ildən çoxdur ki, istifadə etdikləri yolu dəmir torla bağlayaraq öz istifadə etdikləri torpaq sahəsinə birləşdirərək istifadə edirlər. Kənd sakinləri yolun açılmasını tələb edirlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2023-cü il tarixli, 10/5808 saylı rəyindən müəyyən olunur ki: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08 sentyabr 2023-cü il tarixli 3-21-3-34/2-12487/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. - Cavabdehlərin mülkiyyətində olan JN 033 kod 30213038 olan Dövlət Aktı və reyestr nömrəsi **********5 reyestrindən çıxarışa əsasən ünvan 1ünvanında yerləşən) 0.2041 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən iddiaçının istifadəsinə maneçilik törədilməsini müəyyən etmək tikintitexniki ekspertinin səlahiyyətləri daxilində deyildir. - İddaçının (bələdiyyənin) mülkiyyətində olan torpaq sahəsinin (yolun) şimal-şərq tərəfindən 0.053 ha hissəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən olunur. - Cavabdehlər tərəfindən Palçıqoba kənd ərazisində yerləşən kənd yolunun 0.053 ha hissəsinin istifadə olunduğu müəyyən olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər öz mülkiyyətlərində olan torpaq sahəsinin yanından keçən, gediş-gəliş üçün nəzərdə tutulan Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 153.1-ci maddəsinə görə bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. - 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. -157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. - 238.3-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. - 238.4-cü maddəsinə əsasən başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. - 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. - 239.2-ci maddəsinə əsasən Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. - 241.2-ci maddəsinə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 20-ci maddəsinə görə yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ- torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Həmin Qanunun 13-cü maddəsinə görə ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı bələdiyyənin mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan 0,053 ha torpaq sahəsindən heç bir qanuni əsas olmadan istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin 0,053 ha hissəsindən istifadə etmələri iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməsi nəticəsinə gəlir. Bununla belə, iddianın zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinin əsaslı olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. İddiaçı cavabdehlərin ona 5000 manat zərər vurduğunu iddia etsə də, bu barədə işdə hər hansı legitim sübut mövcud deyil. İddiaçı bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilmədi. Ona görə də məhkəmə həmin hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir. Eləcə də məhkəmə Cavabdeh1 və Cavabdeh2 İddiaçınə qarşı maddi ziyan tələbinə dair qarşılıqlı iddiası ilə bağlı onların məhkəməyə iddialarını təsdiq edəcək heç bir mötəbər sübutu təqdim etmədiklərindən təmin olunmaması nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Xaçmaz rayonu Çinartala kəndi ərazisində yerləşən cavabdeh X7 və Cavabdeh2 Şixnəzər qızının torpaq sahələrinin yanından keçən gediş-gəliş üçün nəzərdə tutulan kənd yolu cavabdehlər tərəfindən öz hesablarına açılmalıdır. Palçıqoba bələdiyyəsinin mülkiyyətində olan 13 torpaq sahəsinin müvafiq olaraq cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olan 0.053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) alınaraq bələdiyyənin mülkiyyyətinə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi Palçıqoba bələdiyyəsindən, 25 manat hissəsi isə X7 və Cavabdeh2 Şixnəzər qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin olunsun. İddiaçı mülkiyyətində olan 13 torpaq sahəsinin müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahiblik və istifadə etdiyi 0.053 ha hissəsi (mütəxəssis rəyinə əlavə edilən sxem üzrə) onların sahibliyindən və isitfadəsindən geri alınaraq İddiaçı mülkiyyətinə qaytarılsın. İlk iddia qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun 25 manat hissəsi İddiaçındən, 25 manat hissəsi isə X7 və Cavabdeh2 Şixnəzər qızından alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar