Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-168/2024 25.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh1, onun vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına (ev, hasar tikmək və.s) törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışına əsasən Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2023-cü ilin əvvələrində Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən seriya RX. ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində hasar və ev tikməyinə imkan verməmiş, mübahisə salaraq torpağında tikinti işlərinin aparılmasına hər vəchlə mane olmuş, nəticədə mülkiyyətindən istifadəyə imkan verməmişdir. Cavabdehlər tərəfindən mülkiyyətində tikinti işlərinin aparılmasına süni maneələr törədilməkdədir. O, cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması üçün Xaçmaz rayon X9 Bölməsinə müraciət etsə də, onlar ona məhkəmədə iddia qaldırmağı tövsiyə etmişlər və bu günə kimi onlar tərəfindən heç bir tədbir görülməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra İddiaçı iddiasının dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z. Tağıyev küçəsində yerləşən torpaq sahəsində hasar çəkilməsinə yaradılan (törədilən) maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2023cü ilin əvvələrində iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsində iddiaçının hasar tikməyinə imkan verməmiş, mübahisə salaraq torpağında tikinti işlərinin aparılmasına hər vəchlə mane olmuş, nəticədə mülkiyyətindən istifadəyə imkan verməmişdir. Cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində tikinti işlərinin aparılmasına süni maneələr törədilməkdədir. İddiaçı cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması üçün Xaçmaz rayon X9 Bölməsinə müraciət etsə də, onlar iddiaçıya məhkəmədə iddia qaldırmağı tövsiyə etmişlər və bu günə kimi onlar tərəfindən heç bir tədbir görülməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, qarşı tərəf tikintini çoxdan edib tikmişdi. İddiaçı hasarı onlardan icazə almadan söküb tikmək istəyir. Ustaları da gətirmişdi. Onların hasarının dibində qaraj tikmək istəyir. İddiaçının hasar çəkmək istədiyi yerdə onların evinin pəncərələri yerləşir. Ara məsafəsi saxlanılmalıdır. Onlar hasar çəkməyinə narazı deyillər, sadəcə məsafə saxlasın. Hər bir ölkədə qanun var ki, qonşunun hasarının dibində tikinti tikmək olmaz. Ara məsafəsi saxlanılmalıdır. Bu ara məsafəsi 1-2 metr olmalıdır. Bəs onların evinə hava necə daxil olacaq. Bu səbəbdən də icazə verməmişlər. Onlar ara məsafəsi saxlanılmamasına icazə vermirlər. O, iddiaçıya ara məsafəsi saxlanılmasını söyləmişdir. Qarşı tərəf onların hasarının dibində 2 metr hündür hasar üstündə talvar tikmək istəyir, arada isə 2 metr məsafə saxlamır. Onlar 0,3 metr məsafəyə razı deyil. Həmin hasar onun pəncərəsinin qarşısını tutur. Onun evinin işığını bağlayır. Sabah fövqaladə və ya usta ora girmək istəsə, girə bilməz. İddiaçının pəncərələri onun həyətinə baxır. Onlar buna etiraz etmirlər. Lakin iddiaçı pəncərələrini bağlamaq istəyir. O, da bildirir ki, ara məsafəsi saxlasın. Məhkəmə qərarı verilmədən, onların icazəsi olmadan heç nə tikə bilməzlər. Məhkəmə iclasında digər Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, heç bir məsafə saxlanılmayıb. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 izahatında göstərmişdir ki, qarşı tərəfin tikmək istədiyi hasar cavabdehin düz pəncərəsinin qarşısındır. Cavabdeh də tələb edir ki, 1-2 metr ara saxlayıb hasarı elə çəksin. Tikili tikilərkən ara məsafəsi nəzərdə tutulmalıdır. Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafə sahələri tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin olmasına yol verilmir. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarının sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəni təşkil edir. Həmin Məcəllənin 69.5.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə divar hündürlüyünün 0,3 hissəsi ara məsafə olmalıdır. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər-hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydada təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarların həmin hissəsi ortaq divar sayılır. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Cavabdeh tərəf heç bir maneçilik də törətməyib. Sadəcə olaraq ara məsafəsi saxlanılması lazım olduğunu bildirib. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.06 ha torpaq sahəsi verilmişdir. - Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0.06 ha torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir. - Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə etiraz ərizələri ünvalamış, etiraz ərizələri onunla əsaslandırılmışdır ki, İddiaçı Yusif oğlu onlara qarşı iddia ərizəsi ilə müraciət edərək, Xudat şəhəri. H.Z.Tağıyev küçəsi ünvanında yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına (ev. hasar tikmək və s.) tərəflərindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yusif oğlunun həyətyanı sahəsində tikilən evin və hasarların tikintisinə heç bir maneçilik törətmirlər. Əksinə onlar tələb edir ki, tikintilər qanuna uyğun aparılsın və yaxın qonşular kimi onların da hüquqları pozulmasın və onlara zərər vurulmasın. Lakin bu xəbərdarlıqlara baxmayaraq İddiaçı evini tikən ustalar onun evinin 2-ci və 3-cü mərtəbələrindən tikinti materiallarının qalıqlarını və zibillərini ataraq onun telefon kabellərini və quraşdırılmış video kameraları qırıb tökərək sıradan çıxarmışdır. Bundan əlavə 3 mərtəbəli evin tikinti materiallarının zibillərinin 3-cü mərtəbədən ataraq toz-torpaqla evinin pəncərə altında zibilxana yaratmıdır. Dəfələrlə İddiaçı və ev tikən ustalara xəbərdarlıq edərək bildirmişlər ki, tikinti materiallarının zibillərini kisələrə yığıb avtomobillə zibilxanaya aparmaq lazımdır. Lakin bu xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən qazinti və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. Daha sonra İddiaçı onara məlumat vermədən həyətyanı sahələrinin arasında olan tərəfindən tikilmiş alçaq hasarı iki tərəfdən sökərək yerində yeni hündür hasar tikib, öz tərəfindən hündür naves-çardaq yaratmaq istəmişdir. Hasarını sökən zaman evində çatlar əmələ gəlmişdir və evini yararsız hala salınmışdır. Belə ki, evinin yan divarı hasarına çox yaxındır və möhkəm tikilmiş hasarı sökən zaman ev zədələnmişdir, çatlar vermişdir. Ona görə də hasarı tam sökməyə imkan verməmişlər. Bundan sonra İddiaçı onun hasarına bitişik öz hasarını tikib üstündə çardaq (naves) tikmək istərkən o, tələb etmişdir ki, hasarlarının arasında məsafə olmalıdır ki, hündür çardağından tökülən yağış-qar suları kənara çıxartmağa imkan olsun və sonradan təmir işləri aparılarkən divarların arasına girib iş görmək mümkün olsun. O, isə bu tələbi ilə razılaşmayıb məhkəməyə müraciət etmişdir. Lakin qanuna əsasən onun hasar divarına yanaşı divarlar tikilərkən Məhərrəm Sabıqov onun icazəsii almalıdır və divarların arasında həmin divar hündürlüyünün 0,3 hissəsi qədər məsafə saxlamalıdır ki, həmin tikəcəyi çardaqdan tökülən yağış-qar suları kənara axıtmağa imkan olsun. Həm də gələcəkdə divarlarını təmir edərkən şərait yaransın və texniki təhlükəsizlik qaydalarına riayət etmək, yanğından mühafizə tədbirləri həyata keçirmək mümkün olsun. İddiaçı Yusif oğlu öz evini tikib başa çatana kimi o qədər özbaşnalıqlara yol vermişdir ki, həmin qanunsuzluqlar barəsində Xudat şəhər bələdiyyəsinin Xudat PB-nə, Xaçmaz Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlər etsə də, həmin orqanlar onun öhdəsindən gələ bilməmişdir. Onlar ev. hasar və s. tikilməsi üçün iddiaçıya heç bir maneçilik törətmirlər. Onların tələbi yalnız aralarında tikiləcək hasarın qanuna uyğun tikilməsi, yəni aralarnda tikiləcək hasar onun hasarından aralı tikilməli və həmin hasarın hündürlüyü qanunda qeyd edlidiyi kimi 2 metr 20 sm-dən hündür olmamalıdır ki, onun pəncərələrinin gün işığı kəsilməsin. Beləliklə M.İ.Sadıqovun onlara qarşı iddiası əsassızdır, qanunsuzdur. Ona görədə onlara qarşı verdiyi «mülkiyətdə tikinti işlərinin görülməsinə yaradılan maneələrin aradan qaldırılmasına dair» iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. - Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli, 10/1506 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DöVlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, RX ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə gedən yola Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın və Ünvan Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilinə deyildir. Mübahisəli əraziyə tərəflərin iştirakı ilə 22 iyul 2024-cü il tarixində keçirilən yerli baxış zamanı müəyyən olundu ki, İddiaçı məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan ünvan 1 ünvanında yerləşən torpaq sahələri qonşuluqda yerləşir. Qeyd olunan torpaq sahələrində hər hansı bir zəbt faktı müəyyənləşdirilməmişdir. Bu torpaq sahələrinin təmas xəttində təqribən 40 sm hündürlüyündə beton arakəsmə olsa da, əsaslı inşa edilmiş hasarın olmadığı müəyyən olunmuşdur. İddiaçı özünə məxsus torpaq sahəsində sərhəd xəttindən 0.3 metr məsafə saxlamaqla mişar daşından hasar çəkmək istədiyini bildirmiş, cavabdehlər isə iddiaçının 2 metr məsafə saxlamayacağı təqdirdə həmin hasarın tikintisinə imkan verməyəcəklərini bildirmişlər. Tərəflərə məxsus torpaq sahələri arasında mişar daşından tikilmiş hər hansı bir hasar müəyyən edilməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia təmin olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən: İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -170.2-ci maddəsinin tələblərinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. -171.1.Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. -171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. -171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. - 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 4.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. - 69.1-ci maddəsinə görə binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. - 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. - 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. - 69.5.-ci maddəsinə əsasən Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. -69.6-cı maddəsinə əsasən divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı torpaq sahəsinə və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş tələbi irəli sürmək hüququna malikdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasar tikməsinə maneçilik törədirlər. Qeyd olunan hal cavabdehlərin də etirafedici ifadələri ilə öz təsdiqini tapmışdır ki, bu da iddiaçının mülkiyyətində olan torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan onun təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsində hasar tikilməsinə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən torpaq sahəsində hasar çəkilməsinə maneə yaradılması qadağan edilməklə, İddiaçı məxsus torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının həyata keçirilməsinə kifayət edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nın iddiaya qarşı bildirdikləri etirazlara dair məhkəmə qeyd edir ki, onlara məxsus torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin sərhəddində ara məsafəsinin hasar tikilməsi ilə pozulmasına dair dəlilləri əsassızdır. Çünki ara məsafəsi torpaq sahəsində yerləşən yaşayış sahəsinin hündürlüyünə əsasən deyil, iddiaçı ilə cavabdehlərin torpaq sahələrini ayıran hasarın hündürlüyünə əsasən müəyyən edilir. Qeyd olunan torpaq sahələri arasında da hər hansı bir hasarın olması isə müəyyən olunmamışdır. Bundan başqa, mübahisəli torpaq sahəsinə tərəflərin iştirakı ilə baxış keçirən zaman tərəflərə məxsus torpaq sahələrinin sərhəd xəttində hər hansı hasarın olmaması, eyni zamanda mişar daşından hasar çəkiləcəyi təqdirdə cavabdehlərin buna maneçilik törətmələri təsdiq olunmuşdur. Beləliklə, tərəflərin izahatını, işin hallarını və işdə olan kifayət qədər mötəbər sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən torpaq sahəsində hasar çəkilməsinə maneə yaradılması qadağan olunmalıdır. Məhkəmə, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumu ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq X2 hesaba keçirilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z. Tağıyev küçəsində yerləşən torpaq sahəsində hasar çəkilməsinə yaradılan (törədilən) maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı məxsus Xaçmaz rayonu, Xudat şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi ilə cavabdehlərə məxsus evin yerləşdiyi torpaq sahəsi arasında (sərhəd xətti boyunca) daş hasarın çəkilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələr aradan qaldırılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-168/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-168/2024
25.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver