Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1680/2020 24.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Xaçmaz rayonu, Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev.11,m.2 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvandakı 2 saylı mənzili anası orderlə 1985-ci ildə alıb və onlar ailəliklə orada yaşamışlar. X7 2008-ci ildə, anası Nazlı Aslanova isə 2013-cü ildə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra həmin mənzildə o, və qardaşı Ruslan ailə ilə birlikdə yaşamışlar. 2013-cü ildə o, yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə bağlı İ qrup əlil olmuşdur. 2019-cu ilin may ayında cavabdeh zor tətbiq edərək onu böyüyüb boya-başa çatdığı və rəsmi qeydiyyatda oduğu ünvan 2 ünvandakı 2 saylı mənzildən çıxarıb və o, həmin vaxtdan məcbur olub əmisi X4 rayonunun Yasab-oba kəndindəki evində yaşamışdır. Cavabdeh onu aldadaraq, 2016-ci il tarixdə Notariat Kontoruna aparıb ərizə yazdırmışdır ki, mərhum analarından miras qalmış həmin mənzilə dair heç bir tələbi yoxdur. Həmin vaxt cavabdeh ona bildirmişdir ki, mənzili özəlləşdirib onu müalicə etdirər və hər ikisi üçün birgə yaşayış evi tikdirər. O,da cavabdehin sözlərinə inanaraq Notariat Kontorunda müvafiq ərizəyə imza etmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh vədinə əməl etməmiş, əksinə onu mübahisəli mənzildən qovmuşdur. Ona görə də o, xx xxxx 2020-ci il tarixdə Notariat Kontoruna gedərək 2016-ci il tarixdə yazmış ərizəni ləğv etdirmişdir. Bundan əlavə o, mübahisəli mənzilin cavabdeh tərəfindən özəlləşdirib-özəlləşdirilməməsini dəqiqləşdirmək üçün vəkil vasitəsi ilə DƏDRX-nin 5 saylı X8 sorğu ilə müraciət etmiş, həmin idarənin xx xxxx 2020-ci il tarixli məktubu ilə cavab verilmişdir ki, ünvan 2 ünvandakı 2 saylı mənzilə aid məlumat aşkar edilməmişdir.Mənzilə dair bütün sənədlər, o cümlədən order cavabdehdədir, cavabdeh həmin sənədləri ona vermir.Mərhum anasından Xudat şəhərində yerləşən 0,04 ha torpaq sahəsi də miras qalmışdır.Cavabdeh həmin torpaq sahəsini 7500 manat pula sataraq, ona həmin puldan heç nə verməmişdir. Beləliklə mübahisəli mənzil 1985-ci il tarıxdə mərhum anası Nazlı Aslanovanın adına verildikdən sonra o, 1986-ci il tarıxdə həmin mənzildə anadan olmuş və cavabdeh tərəfindən 2019-cu ilin may ayında mənzildən qovulanadək orada yaşamışdır. Yəni həmin mənzildə yaşamaq hüququ vardır, cavabdeh tərəfindən qanunsuz olaraq mənzildən qovulmuşdur. Ona görə də, qeyd olunanlarla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, o, iddianı qəbul edir. ünvan 2 ünvandakı 2 saylı mənzili anası orderlə 1985-ci ildə alıb və onlar ailəliklə orada yaşamışlar. X7 2008-ci ildə, anası Nazlı Aslanova isə 2013-cü ildə vəfat ediblər. Valideynlərinin vəfatından sonra həmin mənzildə o, və qardaşı Vadim yaşamışlar. O, qardaşını evdən çıxarmamışdır və hazırda onun geri qayıdıb onunla birlikdə mübahisəli mənzildə yaşamasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmaqla, ünvan 2 ünvandakı 2 saylı mənzildə qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 051028 saylı vəsiqədən müəyyən olunur ki, İddiaçı İ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan DƏDRX 5 saylı X5 xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 2 ünvandakı 2 saylı mənzilə aid məlumat aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1986-ci il tarixdə anadan olmuş və həmin vaxtdan mənzildən çıxarılana kimi orada yaşamışdır. Məhkəmə mübahisəli mənzilin Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 5 saylı Ərazi İdarəsində qeydiyyata alınmadığını nəzərə alaraq, həmin mənzillə bağlı yaranan mübahisəyə Azərbaycan SSR 1964-cü Mülki Məcəllənin özbaşına tikiliyə dair münasibətləri tənzimləyən hüquq normalarının tətbiq edilməli olduğunu hesab edir. Azərbaycan SSR 1964-cü il Mülki Məcəlləsinin 105-ci maddəsinə əsasən müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətə\ndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s. haqlı deyildir. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Azərbaycan SSR 1964-cü il Mülki Məcəlləsinin 105-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. X9 Məhkəməsi “O.X3rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X9 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X9 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə mübahisəli evdə bir müddət birgə yaşamasını, orada məskunlaşmasını, ümumi təsərrüfat aparması, sonradan mübahisəli evdən çıxarılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə bütün sübutları araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 2 ünvandakı 2 saylı mənzilə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1680/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1680/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver