Məhkəmə qərarları › İş №2(067)-1681/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1681/2022

14.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1681/2022 14.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X1, Cavabdeh Ağasərkər oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Ağasərkər oğluna qarşı evdən istifadə hüququnun tanınması və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 iyul 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onu azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdehtn adına qeydə alınmış Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən yaşayış evinə köçürməklə həmin evdən və köməkçi vasitələrdən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Seymur Umudovla xx.xx.2007ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından iki uşaqları olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və onların saxlanılması üçün aliment qət edilmişdir. Seymur Umudov xx.xx.2021-ci ildə vəfat etmişdir. Onunla 2007-ci ildə ailə qurarkən cavabdeh və ailə üzvləri tərəfindən hazırda cavabdehin adına qeydə alınmış Hacıəlibəy kəndində yerləşən yaşayış evinə gəlin köçmüşdür. Bütün cehiz və digər əmlakları hazırda da həmin evdədir. Gəlin köçərkən yaşayış evi tikilsə də təmir olunmamış, əri və uşaqları ilə həmin evdə yaşamışlar və evi təmir edərək yenidənqurma işləri aparmışlar, həyətdə daş hasar çəkmişlər. Qaynanası və qaynatası da bir neçə il bir yerdə yaşamışlar. Əri vəfat edəndən sonra evə qayıtmaq istəsə də cavabdeh onları evə buraxmamışdır. Hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Həmin evdə 11 nəfər adam yaşayır. Çox darısqaldır, faktiki olaraq hamının orada yaşaması yaşayış üçün nəzərdə tutulan normalara uyğun deyildir. Uşaqlarla birlikdə əmlakının olduğu evə köçərək orada yaşamaq istəyir, bu uşaqların da mənafeyinə uyğundur. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisəli evin çıxarışını 2012-ci ildə alıb, sonra isə iddiaçı və onun uşaqlarını bu evə pasport qeydiyyatina salıb. 3 evi var, mübahisəli evi isə kirayəyə vermişdir. Gələcəkdə isə bu evi nəvəsinə bağışlayacaqdır. İddiaçı mübahisəli evə gəlin köçüb və uşaqları ilə birgə həmin evə pasport qeydiyyatına alınıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndində Cavabdeh Ağasərkər oğlunun adına xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********45- 05101-093002 reyestr nömrəli çıxarışa əsasən mənzil və həmin kənddə ümumi birgə 0,08 ha torpaq sahəsinə verilmiş xx.xx.1998-ci il tarixli, JN -927 kod 30209078 nömrəli «torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» aşkar edilmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdehin oğlu 2007-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamışlar və birgə təsərrüfat aparıblar. Hazırda isə iddiaçının yaşayış yeri yoxdur. İddiaçı və uşaqları bu evdə qeydiyyatdadırlar. Beləliklə iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehə məxsus Xaçmaz rayonu Hacıəlibəy kəndində yerləşən yaşayış evinə köçürülməsini də xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Hazırda isə özü və uşaqlarının yaşayış yeri yoxdur. İş materiallarından görünür ki, tərəflər arasında ailə hüquq münasibətləri 2007-ci ildən yaranmışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla faktiki olaraq mövcuddur. İddiaçı cavabdehin oğlu ilə ailə qurduqdan sonra uzun müddət həmin evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.KM1 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan ev cavabdehə məxsusdur, iddiaçı 2007-ci ildə cavabdehin oğlu ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və ailə üzvü kimi onların evinə qeyd şərtsiz yaşamaq üçün gəlin köçmüş, onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Onların birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı azyaşlı uşaqları X5 və X3 ilə birlikdə Cavabdeh Ağasərkər oğluna məxsus ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən və köməkçi vasitələrdən (sahələrindən) istifadə hüququ tanınsın və İddiaçı və onun azyaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə birlikdə həmin evə köçürülsünlər. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar