Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1686/2022 25.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə 25 iyul 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1985-ci ildə Xaçmaz şəhərində anadan olmuş əri X4 ölmüş elan edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 1985-ci ildə anadan olmuş X6 onun həyat yoldaşıdır. R.Q. Paşayev ilə 04 may 2011-ci il tarixdə Xaçmaz rayon Qaraçı İƏV-də nikah qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2012-ci il tarixdə oğlu X9 anadan olmuşdur. X1 şəhəri 28 May küçəsi 26 saylı evdə yaşamışdır. 2013-cü ildən RF-na getmişdir. Qeyd olunan ünvanda olan evini satmışdır. Onun qohumlarından Xaçmaz şəhərində heç kəs yoxdur. Xaçmaz rayon məlıkəməsinin 23 may 2013-cü il tarixli 2(067)- 891/2013 saylı qətnaməsi ilə R.Q.Paşayevin iştirakı olmadan oğlu X5 yetkinlik yaşma çatana qədər saxlanmsı üçün hər ay 80 manat aliment alınıb ona verilməsi və Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-1838/2019 saylı qətnaməsi ilə həmin alimentin miqdarı artırılaraq hər ay 100 manat sabit pul məbləğində aliment X3 alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi R.Q.Paşayevin iştirakı olamadan qəbul edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X6 ilə aralarında qeyd edilmiş nikah R.Q.Paşayevin iştirakı olmadan pozulmuşdur. Məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimentləri R.Q.Paşayev heç vaxt ödəməmişdir. O, həmişə Rusiya Federasiyasında ona məlum olmayan ünvanda yaşamış və onlarla heç bir əlaqə saxlamamışdır. Aliment alınması üçün R.Q.Paşayevi çox axtarmış, lakin bir nəticəsi olmamışdır. R.Q.Paşayevin yaşayış yerini müəyyən edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya şöbəsi uzun müddət axratış etmiş və axtarışı davam etdirilməsi üçün işi Xaçmaz RPŞ-nə göndərmişdir və hazırda R.Q.Paşayevin axtarışı davam etdirilir. Uzun müddət axtarışları bir nəticə vermədiyi üçün R.Q.Paşayevin ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, 2012-ci ildə anadan olmuş oğlu X9 uzun müddət maddi vəsaitsiz qalmışdır. O da azyaşlı uşağın qayğısına qalmağı ilə əlaqədar heç yerdə işləyə bilmir. Ona görə də maddi vəziyyəti olduqca ağırlaşmışdır. Odur ki, uşağın saxlanılmasında çox çətinlik çəkir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə yazılanları müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə nümayəndənin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Nərminə Heydərovanın, Şüküfə Mirzəmədovanın və Sənubər Talıbovanın iştirakı ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, X6 2013-cü ildən hal-hazıra kimi ünvan 2 ünvanda yaşamamış və onun barədə heç bir məlumatları yoxdur. Məhkəmə iclasında aktda qeyd olunan şəxslərin şahid qismində iştiraklarına dair məsələ ilə bağlı iddiaçı bildirmişdir ki, həmin şəxslər şahid qismində iclasda iştirak edə bilməyəcəklər. Hesab edir ki, akt bu halın təsdiqi üçün kifayət edir. Əlavə olaraq bildirmişdir ki, şəxsin ölmüş elan edilməsi ona müavinət almaq üçün lazımdır və həmin şəxsin ölümü ilə bağlı onlarda dəqiq məlumat yoxdur. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Ərizəçi ərizəsini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1686/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1686/2022
25.07.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver