Məhkəmə qərarları › İş №2(067)-171/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-171/2024

19.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-171/2024 19.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı, iddiaçının vəkili Vəkil Şəraf oğlunun, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideyniəri - X5 və anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********322-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X5nun tam olaraq adına qeydiyyata alınmış, evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi mərhum X5nun və mərhum anası X3 adına qeydə alınmışdır. Valideynləri xx.xx.1972-ci ildə ailə qurmuşlar, onların birgə nikahından iki övladları - o İddiaçı və bacısı Məmmədova (Əhmədova) Xalidə Səfər qızı doğulmuşdur. Üçüncü şəxslər X17 və X18 atasının birinci nikahından doğulmuş övladlarıdır, yəni onların qardaşlarıdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.1971-ci il tarixli qətnaməsinə əsasən X14 ilə onun birinci həyat yoldaşı X10 arasında nikah pozulmuş, bundan sonra valideynləri rəsmi nikah əsasında 1972-ci ildə evlənmişlər. X5 xx.xx.2007-ci ildə, anası X7 isə xx.xx.2020-ci ildə vəfat etmişlər və onların vəfatı ilə yuxarıda göstərilən yaşayış evinə və torpaq sahəsinə vərəsəlik açılmışdır. Valideynlərinin ölümündən sonra miras əmlak onun sahibliyində və istifadəsindədir. Cavabdeh Quba rayonunun Vəlvələ kəndində, üçüncü şəxslərdən X6 şəhəri Atabəy küçəsi 7 ünvanda, X18 isə hələ atasının sağlığında Rusiya Federasiyasına köçməklə Rusiya vətəndaşlığını qəbul etmiş, bildiyinə görə Həştərxan vilayətində yaşayır. Mirası adına rəsmiləşdirmək üçün Xaçmaz rayon 1 saylı Notariat ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.Məmmədovun xx.xx.2022-ci il tarixli 559 nömrəli məktubundan göründüyü kimi vərəsələr arasında mübahisə yarandığından vərəsəlik işinin aparılması mümkün olmamışdır. X1 mirasla əlaqədar mübahisə yaratmasa da Cavabdeh mirasa iddialı olduğunu bildirmişdir. Üçüncü şəxslərdən X18 valideynlərinin vəfatından xəbərdardır, atasının 40 mərasimində iştirak etmiş və ondan sonra bir daha Azərbaycana gəlməmişdir, başqa sözlə mirası nə faktiki qəbul etməmişdir, nə də ki, qanunda nəzərdə tutulmuş müddətdə notarat orqanına müraciət etməmişdir. Eyni ilə X1 və Cavabdeh da mirası qəbul etməmişlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh bacısıdır. Mübahisəli torpaq sahəsi valideynlərinin ümumi birgə, ev isə atasının tam olaraq mülkiyyəti kimi qeydə alınmışdır. Ataları Səfərin birinci nikahdan da 2 oğlu var, hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan Şahin Əhmədov və Laçın Əhmədov. Atası ilə birinci nikahdan olan arvadı Nabat 1971-ci ildə boşanıblar və 1972-ci ildə atası anası Səyyarə Əhmədova ilə evlənmişdir. 2007-ci ildə atası, 2020-ci ildə isə anası vəfat edib. Miras əmlakı faktiki olaraq o idarə edir, həmin evdə yaşayır, evin bütün kommunal xərclərini ödəyir. Bacısı olan cavabdeh ailə qurub və Quba rayonuna gəlin köçərək evdən çıxıb getmişdir. Ögey qardaşlarından X24 şəhərində yerləşən özünə məxsus evdə yaşayır, o biri ögey X23 isə 30 il bundan əvvəl Rusiya Federasiyasının Həştərxan şəhərinə köçüb getmişdir. onlarda olan məlumata görə hazırda da orada yaşayır, amma dəqiq olduğu yeri bilmirlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, miras əmlakı faktiki olaraq bacısı Pərvanə idarə edir, o, həmin evdə yaşayır. O, ailə qurub Quba rayonuna gəlin köçərək evdən çıxmışdır. Ögey qardaşlarından X24 şəhərində yerləşən özünə məxsus evdə yaşayır, o biri ögey X23 isə 30 il bundan əvvəl Rusiya Federasiyasının Həştərxan şəhərinə köçüb gedib, məlumata görə hazırda da orada yaşayır, amma dəqiq olduğu yeri bilmirlər. 2013-cü ildən sonra ata evində yaşamamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 göstərmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir. Onun öz evi var. Miras evin və torpağın iddiaçı tərəfindən qəbul edilmiş sayılmasına etiraz etmir. X23 30 il bundan əvvəl Rusiya Federasiyasının Həştərxan şəhərinə köçüb getmiş, onlarda olan məlumata görə hazırda da orada yaşayır, amma dəqiq olduğu yeri bilmirlər. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********322-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam X9, 0.04 ha torpaq sahəsi isaə ümumi birgə, X9 və X3 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 8.12.1971-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, X14 ilə X7 arasında bağlanmış nikah ləğv edilmişdir. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 ilə X8 arasında nikah 20 aprel 1979-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Əhmədova soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 115 nömrəli arayışından müəyyən olunur ki, ünvan 4 ünvanında yaşamış və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X9 ailə üzvləri olmuşdur: X10, X7, X17, X18, İddiaçı və Cavabdeh. Vəfatından sonra evi və təsərrüfatı İddiaçı idarə edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X14 xx.xx.2007-ci ildə, X7 13..2020-ci ildə vəfat etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. X4 və anası X2 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar