Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1754/2021 05.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı Seyfulla qızının, cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Seyfulla qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Seyfulla qızı məhkəmədə iddia qaldıraraq Qanuni nümayəndə övladları olan cavabdehlər 21.12.2008- ci il təvəllüdlü Cavabdeh1 oglu, 11.06.2010-cu il təvəllüdlü Cavabdeh2 və 01.07.2011-ci il təvəllüdlü Cavabdeh3 ona məxsus Xudat Şəhəri O.Mirzəyev küçəsi, ev 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun qazanılmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış evi vardır. Həmin evə mülkiyyət hüququnu 10.10.1989-cu il tarixli № 1-06713 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən rəsmiləşdirilmişdir. Göstərilən evdə həyat yoldaşı Cavabdeh1 Abgül oğlu və ailənin digər üzvləri ilə birlikdə yaşayırlar. Cavabdehlərin atası 10.04.1984-cü il təvəllüdlü Qanuni nümayəndə onun oğludur. Taleh onun evində pasport qeydiyyatında olsa da uzun müddətdir ki, daha dəqiq 2008-ci ildə ailə qurduqdan sonra evindən köçərək ailəsi ilə birlikdə qayınanasına məxsus Xudat şəhərində başqa ünvanda yerləşən evdə yaşayır. Onunla heç bir əlaqələri yoxdur, onların evinə gəlibgetmir, 2008-ci ildən etibarən sadəcə evində pasport qeydiyyatında qalır. Talehin ona məxsus evdə hər-hansı bir əmlakı yoxdur. Xaçmaz rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(067)- 209/2021 saylı qətnaməsi ilə onun Qanuni nümayəndə qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Qanuni nümayəndə ona məxsus Xudat şəhəri, Osman Mirzəyev küçəsi, ev 52 ünvanında yerləşən evindən istifadə hüququ itirlmiş hesab edilmiş, Qanuni nümayəndə ona qarşı yaşayış sahəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Aidiyyatı üzrə qətnamə icra edilərkən Xaçmaz Rayon Polis Şöbəsində müəyyən olmuşdur ki, Qanuni nümayəndə övladları olan cavabdehlər 21.12.2008- ci il təvəllüdlü Cavabdeh1 oglu, 11.06.2010-cu il təvəllüdlü Cavabdeh2 və 01.07.2011-ci il təvəllüdlü Cavabdeh3 ona məxsus Xudat Şəhəri O.Mirzəyev küçəsi, ev 52 ünvanında pasport qeydiyyatındadırlar. Halbuki onların evinə pasport qeydiyyatına salınmalarına onun heç bir razılığı olmamış, qətnamə icra edilərkən bunu bilməmişdir. Xaçmaz rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(067)- 209/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Qanuni nümayəndə oglu 2008-ci ildə ailə qurub və həmin vaxtdan da ona məxsus evdən çıxıb getmiş, övladları olan cavabdehlərdə başqa ünvanda doğularaq ona məxsus evdə bir gün də olsun yaşamamışlar. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehlər onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Cavabdehlər yetkinlik yaşma çatmadıqlarına görə onların yaşayış yerləri valideynlərinin yaşadığı yerdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, iddia ərizəsinə etiraz edir, ərizənin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin 21 aprel 2021-ci il tarixli, 160-9754-1221 saylı məktubundan görünür ki, 21.12.2008-ci il təvəllüdlü Cavabdeh1, 11.06.2010-cu il təvəllüdlü Cavabdeh2 və 01.07.2011-ci il təvəllüdlü Cavabdeh3 Xudat şəhəri, O.Mirzəyev küçəsi ev 52 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 09.02.2021-ci il tarixli 2(067)- 209/2021 saylı qətnaməsinin suirətindən görünür ki, Qanuni nümayəndə Xudat şəhəri, O.Mirzəyev küçəsi 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Həmin Qətnamənin məzmunundan görünür ki, Qanuni nümayəndə üç övladı Qanuni nümayəndə mübahisəli evdən köçəndən sonra doğulmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və iş materialları ilə tam olaraq sübuta yetirilir ki, cavabdehlər onların ataları Qanuni nümayəndə mübahisəli evdən köçdükdən sonra doğulmuşlar və qeyd olunan evdə heç vaxt yaşamayıblar. Cavabdehlərin ataları Qanuni nümayəndə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mübahisəli evdən yaşayış hüququnu itirdiyindən, himayəsində olan övladları da həmin evdən istifadə hüququnu qazanmamış hesab olunmalıdırlar. Ona görə də iddia ərizəsi təmin edilməli, cavabdehlər 21.12.2008-ci il təvəllüdlü Cavabdeh1, 11.06.2010-cu il təvəllüdlü Cavabdeh2 və 01.07.2011-ci il təvəllüdlü Cavabdeh3 iddiçıya məxsus Xudat şəhəri O.Mirzəyev küçəsi, ev 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun qazanılmamış hesab edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər 21.12.2008- ci il təvəllüdlü Cavabdeh1, 11.06.2010-cu il təvəllüdlü Cavabdeh2 və 01.07.2011-ci il təvəllüdlü Cavabdeh3 iddiaçıya məxsus Xudat şəhəri O.Mirzəyev küçəsi, ev 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun qazanılmamış hesab edilsinlər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1754/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1754/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver