Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1780/2025 03.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1938-ci ildə anadan olmuş və 03 iyul 2020-ci il tarixdə ürək çatmamazlığından vəfat etmiş, Xaçmaz rayonunun Ağçay kəndi qəbirstanlığmda dəfn edilmiş atası X1 onun atası olması, yəni onunla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və ərizəçinin izahatını dinləyərək hesab edir ki, hazırkı ərizəyə mülki mühakimə icraatında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi atası ilə arasında qohumluq faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, ərizəçinin doğum haqqında şəhadətnaməsinin ata qrafasında atasının adına, soyadına və atasının (baba) adına dair məlumatlar qeyd edilmiş, yəni ərizəçinin atası müəyyən edilmişdir. Ərizəçinin izahatı ilə müəyyən edildi ki, doğum haqqında şəhadətnaməsində babasının adı düzgün qeyd olunmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə icraata xitam verilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı ərizə məhkəmə aidiyyəti üzrə Xaçmaz rayon məhkəməsində baxılmalı olmadığından ərizənin hazırlıq icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə hazırlıq icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1780/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1780/2025
03.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver