Məhkəmə qərarları › İş №2(067)-1782/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1782/2021

09.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1782/2021 09.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin mümkünlüyü araşdırılarkən iddianın məhkəmə aidiyyatı üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmadığı müəyyən olundu. Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçının iddia tələbinin faktiki əsasları müvafiq inzibati orqanın qanunsuz qərar və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 16.1.ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 16.2-ci bəndinə əsasən İnzibati-iqtisadi məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 16.3.-cü bəndinə əsasən ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə bağlı başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddialar) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hesab edirəm ki, hazırki iddia ərizəsi məhkəmə aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsində baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin iddiaçıya müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiacıya göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada alındıqdan sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar