Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1799/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə qaydalarını pozan şəxslərin yaşayış sahəsindən çıxarılması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üvləri ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus yaşayış evi vardır. Həmin evə hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyistirindən **********78-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə onun həyat yoldaşıdır. Qeyd olunan yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Buna baxmayaraq, cavadehlər özlərinin evin sahibi kimi apararaq onu saymır, evini dağıdırlar, korlayırlar, səsküy salaraq onun istirahətini pozmaqla qonuşularla yaşayış qaydalarına da riaət etmirlər. Qeyd olunan yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olsa da, öz evində yaşamağına imkan vermirlər, məcbur olaraq zirzəmidə qalır. Cavabdeh1 mütəmadi olaraq spirtli içkilər qəbul etməklə ona söyərək təhqir edir, şəxsiyyətini alçaldır. Ona elə sözlər demişdir ki, həmin sözləri ərizəyə yazmaq mümkünsüzdür. Dəfələrlə bunula əlaqədar aralarında mübahisələr baş vermiş, lakin heç bir nəticəsi olmamışdır. Xaçmaz rayon polis şöbəsində ailəsi nəzarətə götürülmüşdür. Xaçmaz RPŞ-nin xx.xx.2021 -ci il tarixli, 160- 24811/32 u saylı məktubunda göstərilir ki, şikayəti ilə əlaqədar araşdırma aparılmış, dəfələrlə Cavabdeh1 birgə yaşayış qaydalarını pozaraq mübahisələr etməsi ilə bağlı çoxsaylı müraciətləri üzrə ailə daxili münaqişələrini tez-tez təkrarlanması nəzərə alınaraq ailə nəzarətə götürülmüşdür. Buna baxmayaraq Cavabdeh1 əvəlkindən daha da betər olmuş, ona qarşı hərəkətlərini daha da qəddarlaşdırmışdır. 27 noyabr 2021 -ci il tarixdə yenə sərxoş halda onu söyərək təhqir etmiş, etirazını bildirdiyinə görə evin mətbəxinin və digər otaqların qapılarını sındırmış, qanuna zidd hərəkətlərini davam etdirdiyinə görə polisə etmişdir. Hadisə yerinə gəlmiş polis əməkdaşları cavabdehin yaratdığı mənzərənin şahidi olmuşlar və cavdehi polisə aparmışlar. Artıq dözə bilmir, qonum-qonşu arasında biabir olmuşdur və qərara gəlmişdir ki, cavabdehləri öz evindən çıxarsın. Onun 80-ə yaxın yaşı var. Qoca və xəstə adamdır və öz evində qalan ömrünü sakit yaşamaq istəyir. Cavabdeh bu yaşında ona qayğı göstərmək, baxmaq və qulluq etmək əvəzinə bu yaşda onu zirzəmidə saxlayır, söyərək təhqir edir. Ona çox əzablar verir. Cavabdehlərin hərəkətlərinə görə əsəbləri tamam pozulmuşdur. Onlarla birlikdə yaşamaq qeyri mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. Cavabdehlərdən Cavabdeh1 oğlu, Cavabdeh2 isə oğlunun həyat yoldaşıdır. Qeyd olunan yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsus olsa da, cavabdehlər öz evində yaşamağına imkan vermirlər, o da məcbur olaraq zirzəmidə qalır. Onun həyat yoldaşı vəfat etdikdən sonra cavabdehlər ona baxmırlar. O, hazırda evin zirzəmisində yaşayır, oğlu həyat yoldaşı ilə birlikdə evin 2-ci mərtəbəsində yaşayırlar. Evin qapılarını bağlayaraq, onu evə buraxmırlar. Onlar illərdir ki, danışmırlar və bir evdə yaşamaqlarına baxmayaraq oğlu və həyat yoldaşı onu saymırlar. Evin ikinci mərtəbəsinin bir otağında ona məxsus əmaklarını bağlayaraq, onu həmin otağa buraxmırlar. Cavabdeh bacısı ilə də danışmır. Qız işlədiyinə görə gəlib ona baxa bilmədiyindən onun uşaqları onun yanında ona kömək etmək üçün qalırlar. Avtomobilini sataraq toraq sahəsi almışdır. Qızının 23000 manat borcu olmuşdur və həmin torpaq sahəsini cavabdehin keçmiş arvadına satmışdır. Hazırda uşaqları həmin torpaq sahəsində ev tikirlər. Gəlini iki nəvəsini də Polisə şikayət etmişdir. Cavabdeh ailəsini də götrüb kirayədə yaşasın. Onlara kompensasiya vermək fikri yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iş üzrə izahatında göstərmişdir ki, iddiaçıya evə daxil olmasına heç bir qadağa qoymamışlar. Yoldaşı atasın baxırdı, qabağına yemək, çay qoyur lakin, atası yeməyi və çayı atırdı. Ona görə də yoldaşı atasına baxmaq istəməmişdir. 8 il kirayədə yaşamışdır. Birinci ailə valideynləri hər işlərinə müdaxilə etdiyinə görə dağılmışdır. İkinci dəfə ailə quraraq kirayədə yaşamış, sonradan valideynləri özləri onu çağıraraq, gedib onlarla yaşamasını istəmişlər. Atasının evinə getmişlər, lakin hazırda da atası ailəsini yola vermir və qəbul etmir. Birinci ailəsindən iki uşağı, ikinci ailəsindən isə bir qızı var və hazırda 15 yaşındadır. Mübahisəli ev anasının adına olmuş, anası vəfat etdikdən sonra atası evi öz adına keçirmişdir. İndi də həmin evdə onu yaşamağ qoymur və adına olan torpaq sahəsini sataraq pulunu da qızına vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək iş üzrə izahatında göstərmişdir ki, qaynatası onlara yaşamaqlarına imkan vermir. Həmin ev iki mərtəbəli evdir. Qətiyyən o, qaynatasını döyməmişdir. Baldızının 2 oğlu və baba onları söyərək, nalayiq ifadələr işlədirlər. Yoldaşı ilə 7 il rəsmi nikahsız yaşamış, birgə nikahından bir qızları var. 10 ildir ki, rəsmi nikah bağlamışlar. İddiaçı son 4 ildə onunla düşmən kimi davranır. Heç yerdə qeydiyyatda deyildir. Yoldaşı evdə olmayan vaxt ona hücum çəkmişlər və o da qorxduğuna görə Polisə müraciət etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Hazırki iddia tələbinin hüquqi əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında ********** qeydiyyat nömrəli, **********78- 10301 reyestr nömrəli, 12 noyabr 2019-cu il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi 82.10 kv.metr olan Xaçmaz şəhəri, Cəfər Əzizov küçəsi, 9 nömrəli ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 696 № ilə qeydiyyata alınmışdır. AZ-İ seriyalı, 941589 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 ilə X1 arasında 16 aprel 2014-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 177 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikaha daxil olarkən X1 ərinin soyadına uyğun olaraq “Fəttahova” soyadını qəbul etmişdir. Məhkəmənin gədiyi nəticə: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. İşin hallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, Cavabdeh1 iddiaçının oğludur, o, xx xxxx 1971-ci il tarixdə mübahisəli evdə doğulmuş və hal-hazıra qədər yaşamaqdadır. Cavabdeh2 isə iddiaçının gəlinidir. İddiaçının oğlu və gəlini 2014-cü ildə rəsmi nikaha daxil olmaları işin mübahisəsiz halıdır. Rəsmi nikahdan sonra, yəni 2014-cü ildən etibarən iddiaçının gəlini həmin evə gəlin köçmüş və hal-hazıra qədər orada yaşmaqdadır. Belə olan halda, Cavabdeh1 ilə İddiaçı arasında olan münasibətlər 1971-ci ildən yarandığından onların arasında olan münasibətlər 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənməli, digər Cavabdeh2 isə 2014-cü ildə iddiaçının oğlu ilə rəsmi ailə qurub iddiaçının evinə köçdüyündən, onların aralarında olan münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən tənzimlənməlidir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsəsən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığından, iddiaçıya cavavbdehlərə bazar qiyməti ilə müvafiq kompensasiya ödəniləcəyi təqdirdə məhkəmə qaydasında tələbinə xitam verilə biləcəyini izah edərək, bu barədə iradə ifadəsini soruşmuşdur. İddiaçı məhkəmə iclasında cavabdehlərə kompensasiya ödəməyəcəyini bildirmişdir. Həmin Məcəllənin 228.3-cü maddəsinə əsəsən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsəsən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsəsən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Mülki Məcəlləsinin 255.1.-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəlləsinin 255.2.-ci maddəsinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Mülki Məcəlləsinin 255.7.-ci maddəsinə əsasən servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Mülki Məcəlləsinin 255.8.-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh1 sözügedən evdə doğulub, hal-hazıra kimi orada yaşadığından və digər Cavabdeh2 iddiaçının oğlu ilə 2014cü il tarixdə rəsmi nikahla ailə həyatı quraraq həmin evə gəlin köçdüyündən, hal-hazırda iddiaçı tərəfindən cavabdehlərə hazırki bazar dəyərinə uyğun kompensasiyanın ödənilməsindən imtina edilməsi cavabdehlərin onun evindən istifadə hüququnun xitam verilməsi və evdən çıxarılmalarını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə qaydalarını pozan şəxslərin yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1799/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1799/2024
12.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver