Məhkəmə qərarları › İş №2(067)-183/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-183/2021

25.01.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-183/2021 25.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı iştirakı ilə İddiaçı Muradəliyeva (Talıbova) Aysel Əfrasiyab qızına və qeyrilərinə qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər X1, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətinə aid əmlakdır. O, yaşayış evini notarial qaydada satın almışdır. Cavabdehlər satın aldığı mənzilin keçmiş ailə üzvləridirlər. Onlar mülkiyyətində olan evdə formal qeydiyyatda qalmışlar. Cavabdehlərin onun evində heç bir hüquqları yoxdur. Evin bütün xərclərini o ödəyir, cavabdehlər isə uzun müddətdir ki, ayrı ünvanda yaşayırlar. Hesab edir ki, cavabdehlərin ona məxsus evdə formal olaraq pasport qeydiyyatında saxlanılmasının heç bir əsası yoxdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********98-05101-093001 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdehlər hazırda ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan Xaçmaz MKTİ-nin xx.xx.2021-ci il tarixli 107 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda 14 avqust 2-18-ci il tarixdən yaşayır və göstərilən ünvandakı mənzil özünə məxsusdur və dəgər şəxslər həmin mənzildə yaşamırlar. İş materiallarında olan ərizələrdən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh3 notariat kontoruna ərizə verərək ünvan 1 ünvanda yerləşən mənzilin istənilən şərtlərlə, istənilən qiymətə və istənilən şəxsə satılmasına etiraz etməmişlər. İş materiallarında olan ərizədən müəyyən olunur ki, İddiaçı və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən mənzilin 9000 manat məçləğinə satılması barədə razılığa gəlmişlər. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin tələblərinə əsasən də hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Muradəliyeva (Talıbova) Aysel Əfrasiyab qızının, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Muradəliyeva (Talıbova) Aysel Əfrasiyab qızının, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar