Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1840/2020 05.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işəXaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər ər-arvad Cavabdeh2 və Cavabdeh1 sahibliyindən Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRXnin **********49-10301 reyestr və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsus Xaçmaz şəhəri,F. X. Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında yerləşən 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinin alınaraq istifadəsinə qaytarılması, cavabdehlərin ailə üzviləri ilə birlikdə oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX-dən **********49-10301 reyestr saylı ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan mülkü X8 satın almışdır. Onunla razılaşmalarına görə verdiyi etbarnamələr əsasında qeyd olunan əmlakı onun adına rəsmiləşdirməli və sonradan alqısatqı əsasında adına keçirməli idi. Cavabdehlər ər-arvad Cavabdeh2 və Cavabdeh1 X16 ilə şifahi razılaşmaya əsasən müvəqqəti olaraq xx.xx.2012-ci ilədək orada qalmalı idilər. Sənədləşmə 2019-cu ildə rəsmiləşdirildiyinə görə, yəni həmin mülk onun adına 2020-ci ildə keçdiyinə görə cavabdehlərə qarşı iddia qaldıra bilmirdi. O, əmlakı adına rəsmiləşdirəndən sonra X16 yaşadığı RF-nın Balaşiha şəhərindən cavabdehlərə rəsmi məktub göndərilərək şifahi razılaşma əsasında xx.xx.2012-ci il tarixədək evdə qalmalarına icazə verildiyini bildirməklə oradan çıxmalarını xahiş etmişdir. Lakin cavabdehlər həmin ünvandan çıxmamışlar və orada qalmaqda davam edirlər. 2018-ci ildə onların qeyd olunan ünvandan çıxarılması ilə bağlı polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. O, dəfələrlə cavabdehlərdən ona məxsus olan evdən çıxmalarını tələb etsə də, lakin onlar bildirmişlər ki, güya həmin əmlakı X6rdaşından alıblar. Halbuki, cavabdehlərin əllərində heç bir rəsmi sənəd yoxdur. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və SMS məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 iddiaçının və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 fikrini dinləyib İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə X5 tərəfindən köçürülmüşdür. X1 demişdir ki, ev atasından miras qalan evdir və həmin ev atasından sonra onunla bacısı X13 məxsusdur. O və həyat yoldaşı X3 xahişi ilə həmin evdə yaşamaqla ona qulluq göstərmişlər və o, onlara bunun müqabilində onları heç vaxt evdən çıxarmayacağını bildirmişdir. Hazırkı vaxtadək qeyd etdiyi kimi ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Qeyd olunan evin X17 tərəfindən İddiaçı satılması barədə məlumatı olmamışdır. Bu barədə X3 özünün də məlumatı olmamışdır. X5 bundan xəbər tutub məhkəmədə alqı-satqının etibarsızlığı barədə iddia qaldıranda o, da məsələdən xəbərdar olmuşdur. Hesab edir ki, onu qeyd olunan evə İddiaçı köçürmədiyinə görə, həmin evdən çıxara da bilməz. İddiaçı mübahisəli evdə heç vaxt görməmiş və həmin mübahisəli evdə sərəncam verdiyini də görməmişdir. O, evə köçərkən və orada yaşadığı müddətdə İddiaçı ona etirazını bildirməmişdir. O, yalnız onlara qarşı hazırkı iddianı qaldırmazdan əvvəl onları evdən çıxaracağını bildirmişdir. O, da buna qəti şəkildə etirazını bildirmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə tərtib edilmiş **********49-10301 reyestr saylı Texniki Pasportdan müəyyən olunur ki, Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin hüquq subyekti X2. İş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, 2018-ci ildə cavabdehlərin Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılması ilə bağlı İddiaçı polisə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 1946/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X3 cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, İddiaçı və X7rşı notariat əməliyyatının, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin və Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı notariat əməliyyatı, xx.xx.2019-cu il tarixli, 2V-1232 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2020-ci il tarixdə İddiaçı və X14 arasında bağlanmış alqı-satqı müqaviləsi və İddiaçı adına ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış etibarsız hesab edilmişdir, qətnamə qanuni qüvvəsini almamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məkəməyə verilməsi üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X11 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli Plenum qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən “istifadə hüququ”nun hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Mülki Məcəlləsinin 255.1.-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Mülki Məcəlləsinin 255.2.-ci maddəsinə əsasən Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Mülki Məcəlləsinin 255.7.-ci maddəsinə əsasənservitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Mülki Məcəlləsinin 255.8.-ci maddəsinə əsasən daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. İşin hallarından müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli **********49-10301 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışına əsasən İddiaçı məxsus Xaçmaz şəhəri, F.X.Xoyski küçəsində yerləşən 9A nömrəli ünvanında 0,038 ha həyətyanı torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadə hüquqları (servitut) vardır və bu hüquq mübahisəli evin əvvəlki mülkiyyəttçi X4 məxsus olduğu vaxtlarda yaranmışdır. Bu baxımdan məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli Plenum qərarında ifadə etdiyi hüquqi mövqeləri, həmçinin, Mülki Məcəllənin 255-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, evin mülkiyyətçisinin dəyişməsi həmin evdən istifadə hüququ olan şəxslərin oradan çıxarılması üçün əsas ola bilməz. Qeyd edilənlərlə yanaşı iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almamış xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-1946/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı evin mülkiyyətçisi olması məsələsi də hazırda mübahisəlidir. Hazırkı iddianı qaldırmaq hüququ isə yalnız əmlakın mülkiyyətçisinə məxsusdur. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1840/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1840/2020
05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver