Məhkəmə qərarları › İş №2(067)-1840/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1840/2022

29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1840/2022 29.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə mərhum X4 və X3 məxsus olan Xaçmaz rayonu, Qusarçay İƏV-nin Qıraqlı kəndində yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə, həmçinin onların mülkiyyətinə verilmiş, JN-0024 kodlu, 30213068 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair 1999-cu il tarixli Dövlət aktında göstərilən 1.0 ha torpaq sahəsinin 0.65 ha hissəsinə münasibətdə vəsiyyətnamə əsasında onun, yəni Ərizəçi mirası qəbul etməsi faktının və mirasın açılma yerinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayənədəsi Nümayəndə izahatında göstərmişdir ki, Ərizəçi onun oğludur. Valideynləri xx.xx.1957-ci ildə evləniblər. Birgə nigahdan 10 övladları doğulmuşdur. bir qardaşı Rusiya Federasiyasında vəfat edib. vəfat edən qardaşının Rusiya Federasiyasında yaşayan bir qızı var. X7 xx.xx.2000-ci ildə, X9 isə xx.xx.2011-ci ildə vəfat ediblər. Sağlığında valideynlərinin Xaçmaz rayonunun Qıraqlı kəndində 3 otaqlı evi, pay torpaq sahəsi və həyətyanı torpaq sahələri olub. X9 xx.xx.2002ci ildə vəsiyyətnamə yazaraq evi, həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini nəvəsinə, yəni iş üzrə Ərizəçi vəsiyyət edib. Digər vərəsələrini isə vərəsəlik hüququndan məhrum edib. Evə və pay torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün müraciət etmişlər, lakin onlara bildirilmişdir ki, bunun üçün nəzərdə tutulan 6 aylıq müddəti ötürmüşdür. Ona görə ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Hesab edir ki, miras qalan ev, həyətyanı və pay torpaq sahəsi atasıdan vəfat edəndən sonra avtomatik surətdə X9nın mülkiyyətinə keçib və o, da öz əmlakı kimi qeyd olunan əmlakları öz nəvəsinə, yəni Ərizəçi vəsiyyət edib. Digər bacı qardaşlarından yalnız Fəxrəddin adlı qardaşı vəsiyyət olunan əmlakların ərizəçinin adına rəsmiləşdirilməsinə razılıq vermir, mərhumların qalan övladları öz razılıqlarını notarial qaydada bildiriblər. Hazırda miras qalan torpaq sahələrindən payın ayrılması, bölünməsi ilə bağlı qardaşı Fəxrəddinin oğlu Sərdar Qadaşov məhkəmədə ona qarşı iddia qaldırıb və mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı tərəf olan Xaçmaz 1 saylı Notariat Ofisinə məhkəmə bildirişi çatdırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ki, ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildələrsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2(105)-736\2022 saylı Sumqayıt Apelyasiya Məhkəməsinin məhkəmə bildirişindən müəyyən olunur ki, iddiaçı X1 cavabdeh Nümayəndə Nəzrəmməd oğluna qarşı ümumibirgə mülkiyyətdə olan əmlakın bölünməsi, payın naturada ayrılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə araşdırması zamanı ərizəçinin nümayənədsinin izahatından müəyyən olunmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındakı mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlaklar mərhum X2 miras qalmış miras əmlak kütləsinə daxildir. Bu isə hazırki, iş üzrə hüquq haqqında mübahisə yarandığını göstərir. Qeyd olunan hal ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Ödənilmiş 100 manat (Qəbz №-si 861151051, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar