Məhkəmə qərarları › İş №2(067)-1888/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1888/2021

30.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1888/2021 30.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onu azyaşlı uşaqları 14.09.2009-cu il təvəllüdlü X4 və 26.11.2013-cü il təvəllüdlü X2 ilə birlikdə cavabdehlərin sahibiliyində olan Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən yaşayış evinə köçürməklə həmin yaşayış evindən və köməkçi vasitələrdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 isə qaynanası olmuşlar. O, Cavabdeh2 ilə 09.08.2008-ci ildə evlənmiş və ailə qurandan sonra qaynanasının razılığı ilə onların yaşadıqları Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh1 təklifi və təşəbbüsü ilə, habelə torpaq sahəsinin mülkiyyətçilərindən olan X1 razılığı ilə cavabdehlərə məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən yaşayış evinin yerləşdiyi 0,15 ha həyətyanı torpaq sahəsindən 0,03 ha hissəsi onlara ayrılıb və orada 2013-cü ildə bir mərtəbəli ev tikərək orada yaşamışlar. Ev əri usta olduğuna görə onların özlərinin vəsaitəsi ilə tikilib. Onun bütün cehiz əmlakları və digər əşyaları hazırda da oradadır. Ev xüsusi mülkiyyət kimi qeydə alınmayıb. Amma evin yerləşdiyi 0,03 ha torpaq sahəsinin də daxil olduğu ümumilikdə 0,15 ha həyətyanı torpaq sahəsinə Cavabdeh1 və digər oğlunun adına JN 744A seriyalı, 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə aralarındakı nikah pozulmuşdur. O, cavabdehlərlə aralarında yaranmış münaqişələr nəticəsində müvəqqəti olaraq valideynlərinə məxsus evə qayıtmışdır və hazırda uşaqları ilə birlikdə orada yaşayır. Dəfələrlə birlikdə tikdikləri evə geri qayıtmaq istəsələr də, cavabdehlər onu evə buraxmamışlar. Onun bütün əmlakları da oradadır. Başqa yaşayış yeri yoxdur, valideynlərinin evi darısqaldır. Cavabdeh2 ona 9000 manat məbləğində aliment borcu da var, kirayə ev tutub yaşamağa da imkanı yoxdur. Ona görə qeyd olunanlarla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq mübahisəli evin qaynanasının adına rəsmi qeydə alınmadığını, amma evin yerləşdiyi torpaq sahəsinin onun və digər oğlunun mülkiyyətində olduğunu, həmin evi həyat yoldaşı ilə birlikdə onların birgə nikahda olduqları dövrdə tikdiklərini bildirmişdir. O, həyat yoldaşı ilə birgə 2013-cü ildən 2018-ci ilin sonunadək orada yaşamışdır, onun həmin evə köçməyinə heç kimin, o cümlədən qaynanasının etirazı olmamışdır. Cavabdehlər onunla mübahisə etmiş və onu evdən qovmuşlar. Bundan sonra məcbur olub valideynlərinin evinə qayıtmışdır. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə bildirişini almaqdan imtina etmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2158/2018 saylı 26.10.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasındakı rəsmi nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 14.09.2009-cu il təvəllüdlü X4 və 26.11.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsinə verilmiş, onların saxlanılması üçün hər uşağa 154 manat olmaqla, iki uşaq üçün 308 manat sabit pul məbləğində alimentin Cavabdeh2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 09.03.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 14.09.2009cu il təvəllüdlü X4 və 26.11.2013-cü il təvəllüdlü X2 anaları İddiaçı himayəsindədirlər. İş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30.04.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 və X1 adına Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0,15 ha həyətyanı torpaq sahəsinə verilmiş JN 744A seriyalı, 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı 09.08.2008-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində cavabdehlərin birgə mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsində yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində heç kəsin adına mülkiyyət hüququ qeydə alınmayan evə gəlin köçmüş, ailə daxili münaqişələr nəticəsində evdən çıxmışdır. Hazırda o, həmin evə köçüb, orada yaşamaq istəsə də vavabdehlər iddiaçının köşüb orada yaşamasına maneələr yaradırlar. Belə olduğu halda məhkəmə hesab edir ki, mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində heç kəsin mülkiyyət hüququ qeydiyyata alınmadığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin özbaşına tikinti ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X3rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə iddiaçının Cavabdeh2 ilə rəsmi nikaha daxil olaraq ailə qurub mübahisəli evdə məskunlaşmasını, həmin vaxt onun evdə yaşamasına cavabdehlər tərəfindən maneə yaradılmamasını, cavabdehlərlə ümumi təsərrüfat apararaq uşaq dünyaya gətirməsini, evdən çıxana qədər orada yaşamasını nəzərə alaraq hesab edir ki, hazırda cavabdehlər tərəfindən iddiaçının mübahisəli evə qayıtmasına maneələr yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə qayıtmaq istəməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə göstərilənlərə əsasən iddianı evə köçürülmə hissəsində əsaslı hesab edir. Lakin, mübahisəli evə dair heç kəsin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmadığından, həmin evdən istifadə hüququ da müəyyən edilə bilməz.Buna görə də, məhkəmə mübahisəli evə istifadə hüququnun tanınmasına dair hissədə iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları 14.09.2009-cu il təvəllüdlü X4 və 26.11.2013-cü il təvəllüdlü X2 ilə birlikdə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsində inşa edilmiş evə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5(beş) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar