Məhkəmə qərarları › İş №2(067)-1901/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1901/2020

29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1901/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq onun Cavabdeh məxsus Xaçmaz rayonu Qusarçay kəndində 0.125 ha torpaq sahəsində inşa etdikləri 1 mərtəbəli 1 otaqlı yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi və X5 və X4 ilə birlikdə həmin evə istifadə hüquqları tanınmaqla köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxxxxxx 2003-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Xaçmaz rayonu Qusarçay kəndinə gəlin köçmüşdür. xx xxxxx 2008-ci il tarixdən Qusarçay kəndinə gəlin köçdüyü evdə pasport qeydiyyatındadır. Cavabdehlə birgə nikahlarından olan uşaqları da yaşadıqları evdə qeydiyyatdadırlar. Cavabdeh səbəbsiz evdə qalmaqal salaraq onu və uşaqlarını xx xxxx 2019-cu ildə evdən qovmuşdur. Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. O və övladları hazıra kimi atasının və qardaşının ailəsi olan 2 otaqlı evə sığınmışlar. Ata evi olsa da darısqal olan evdə yaşayışları çox pis vəziyyətdədir. O, həmin evə gəlin gəldikdən sonra 0.125 ha torpaq sahəsində olan 47.6 kv.metr yaşayış sahəli ev, çiy kərpicdən 1958-ci ildə inşa edilmiş və uzun müddət baxımsız qaldığından dam örtüyünün sıradan çıxması ilə əlaqədar yağış və qar suları evi qəzalı vəziyyətə salmışdır. Həmin evdə yaşamaq təhlükəli olduğundan cavabdehlə birlikdə həmin evin yanında 1 mərtəbəli, 1 otaqlı ev tikmişlər və orada yaşamışlar. Evin texniki pasportunda qeyd olunan ev barədə heç bir məlumat qeyd olunmamışdır. Lakin ev faktiki olaraq mövcuddur və onlar həmin evi yaşayış sahəsi kimi istifadə etmişlər. Gəlin köçən zaman apardığı cehiz və sonradan birgə nikah dövründə aldıqları gündəlik istifadə olunan ev əşyalarının çox hissəsi hazıra kimi yeni inşa etdikləri 1 mərtəbəli 1 otaqlı evdə qalmaqdadır. Onun və övladlarının Qusarçay kəndində olan 1 mərtəbəli, 1 otaqlı yaşayış evinə qayıtmasını qayınatası və qayınanası da tələb edirlər. Onlar nəvələrinin onlardan uzaq məsafədə yaşamalarını arzulamırlar və istəyirlər ki, hər zaman nəvələri onların yanında olsunlar. Eyni zamanda da cavabdeh öz uşaqları ilə gündəlik münasibətdə olacaq, övladlarının tərbiyəsi, təhsili hüquq və mənafelərinin müdafiəsi sahəsində valideynlik hüquqlarını həyata keçirə biləcəkdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıya və uşaqlarına atasının evinə köçüb yaşamasını təklif edir. İddianın təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayonu Qusarçay kəndində xüsusi mülkiyyətdə olan 0.125 ha torpaq sahəsində olan 47.6 kv.metr yaşayış sahəli ev, çiy kərpicdən 1958-ci ildə inşa edilmiş və uzun müddət baxımsız qaldığından dam örtüyünün sıradan çıxması ilə əlaqədar yağış və qar suları evi qəzalı vəziyyətə salmışdır. Həmin evdə yaşamaq təhlükəli olduğundan iddiaçı ilə birlikdə həmin evin yanında, lakin həmin 0.125 ha torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı özbaşına tikili hesab olunan ev tikmişlər və orada yaşamışlar. Evin texniki pasportunda qeyd olunan ev barədə heç bir məlumat qeyd olunmamışdır. Lakin ev faktiki olaraq mövcuddur və onlar həmin evi yaşayış sahəsi kimi uzun müddət istifadə etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdehin xüsusi mülkiyyətində olan 0.125 ha torpaq sahəsində olan 47.6 kv.metr yaşayış sahəli ev, çiy kərpicdən 1958-ci ildə inşa edilmiş və uzun müddət baxımsız qaldığından dam örtüyünün sıradan çıxması ilə əlaqədar yağış və qar suları evi qəzalı vəziyyətə salmışdır. Həmin evdə yaşamaq təhlükəli olduğundan tərəflər birlikdə həmin evin yanında, lakin həmin torpaq sahəsində 1 mərtəbəli, 1 otaqlı ev tikmişlər və orada yaşamışlar. Ev faktiki olaraq mövcuddur və onlar həmin evi yaşayış sahəsi kimi uzun müddət birgə istifadə etmişlər. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(067)-2731 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003-cı il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********45-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndində 0.125 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 47.6 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, inventar nömrəsi 132, reyestr nömrəsi **********45-10301 olan texniki pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu Qusarçay kəndi ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh adına texniki pasport işlənmişdir. İş materiallarından görünür ki, İddiaçı, övladları – xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X1 rayonu Qusarçay kəndində pasport qeydiyyatındadırlar. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar və 2019-cu ildə nikahlarına xitam verilmişdir. İddiaçı öz tələbində azyaşlı uşaqları ilə birlikdə 0.125 ha torpaq sahəsində tikilmiş özbaşına tikili olan yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, həmin ev özbaşına tikili olaraq inşa edilmiş və iddiaçı müəyyən müddət həmin evdə yaşamışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evi tikdirərək müəyyən müddət həmin evdə yaşamışlar. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini və yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı azyaşlı uşaqları ilə birlikdə cavabdehin istifadəsində olan Xaçmaz rayonu Qusarçay kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış evinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı, uşaqları xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2005-ci il təvəllüdlü X4 ilə birlikdə cavabdeh X2 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu Qusarçay kəndində yerləşən 0.125 ha torpaq sahəsində özbaşına tikili olaraq inşa edilmiş 1 mərtəbəli 1 otaqlı yaşayış evinə köçürülsünlər. Ödənilmiş dövlət rüsumunun 5 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin, 5 manat isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar