Məhkəmə qərarları › İş №2(067)-1928/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1928/2020

13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1928/2020 13.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, ddiaçı İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlərə məxsus, Xaçmaz rayonunun Qusarçay kəndi ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla xx.xx.2002-ci il tarixdə ailə qurmuşlar. Evlənərkən el adəti ilə toy edilmiş və cavabdeh tərəfindən ona məxsus, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yaşayış evinə köçürülmüş, bütün cehiz və sair əmlaklarını da cavabdehin evinə aparmışdır. Əmlakları hazırda da cavabdehə məxsus evdədir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci iltarixli 2(067)-1928/2020 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. O, əmlaklarının olduğu yaşayış evinə qayıtmaq istəsə də, cavabdeh könüllü olaraq icazə vermir. O, ev sahibi ilə ümumi təsərrüfat apardığından həmin evdən istifadə hüququ yaranmışdır. Qeyd olunanlarla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki,o, iki uşağı ilə kirayədə qalır. 2002-ci ildə mübahisəli evə gəlin köçmüş və xx.xx.2020-ci ildə evdən çıxmışdır. Ev cavabdehin adınadır, amma rəsmi qeydə alınmayıb. İddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki,iddianı qəti şəkildə qəbul etmir. Belə ki, iddiaçı ilə boşanarkən o, özü deyirdi ki, birgə yaşamaqları mümkün deyil. Bu məhkəmə qətnaməsi ilə də müəyyən olunub. Ev 1 otaq və 1 mətbəxdən ibarətdir. Orada iddiaçı ilə birgə yaşamaqları mümkün deyil. Uşaqları da ondan imtina ediblər. Ona görə iddiaçının mübahisəli evə köçürülməsinə etiraz edir. Mübahisəli ev heç kimin mülkiyyətində deyil, yalnız torpağın sənədi var. Həmin ev 2000-ci ildə inşa edilib, lakin həmin evə mülkiyyət sənədləri alınmayb. İddiaçı 2002-ci ildən mübahisəli evdə yaşayıb. Onun iddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan DƏDRX 5 saylı X3 xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonunun Qusarçay kəndində Cavabdeh adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1928/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh nikahları pozulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən fərdi yaşayış evi heç kimin mülkiyyətində deyil, cavabdehin bildirdiyinə görə yalnız evin yerləşdiyi torpaq sahəsinin sənədi var. Həmin ev 2000-ci ildə inşa edilib, lakin həmin evə mülkiyyət sənədləri alınmayıb. Məhkəmə mübahisəli evin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamasını nəzərə alaraq hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin özbaşına tikinti ilə əlaqədar yaranan hüquq münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası MM-nin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. X5 Məhkəməsi “O.X2rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə xx xxxxxx 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. X5 Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair X5 Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə xx.xx.2002-ci il tarixdə tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub mübahisəli evdə məskunlaşmasını, həmin vaxt onun evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılmaması, cavabdehlərlə ümumi təsərrüfat apararaq uşaqlar dünyaya gətirməsini, evdən çıxana qədər orada yaşamasını nəzərə alaraq hesab edir ki, hazırda cavabdeh tərəfindən iddiaçının mübahisəli evə qayıtmasına maneələr yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının həmin evə qayıtmaq istəməsi onun həmin evdə yaşamaq niyyətinin olduğunu göstərir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Buna görə də, iddia tələbi evə köçürmə tələbinə dair hissədə təmin edilməlidir. İddia tələbinin evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evdə yaşamış iddiaçının və cavabdehin evə istifadə hüququ olmadığından iddiaçının evə istifadə hüququnun müəyyən edilməsini tələb etməsi əsaslı hesab edə bilməz. İddiaçı evə köçürülməklə, onun orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilində evdə yaşamaq imkanı müəyyən edilməlidir. Evə köçürmə hissəsində iddianın təmin edilməsi mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu isə evə yaşayış hüququnun tanınması anlamına gələ bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh tərəfindən inşa edilmiş Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən yaşayış evinə köçürülsün. İddianın qalan hissəsi təminedilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun yarısı, 5 (beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçıödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar