Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1932/2021 09.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 09 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi **********81-10301 reyestr nömrəsi ilə hüquq subyekti ilə ona, yəni İddiaçı verilmişdir. Bu barədə ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən ümumi sahə 34.0 olan evə 0.04 ha torpaq sahəsinə dair Texniki Pasport və evə dair Seriya RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh onun oğludur. Cavabdeh 10 ildən yuxarıdır ki, RF-nın Moskva şəhərində ailəsi ilə birlikdə yaşayır, Azərbaycan Respublikasına gəlib-getmir. Cavabdeh işini RF-nın Moskva şəhərində qurmuşdur və onllarla onun heç bir əlaqəsi yoxdur. Cavabdehin dəqiq ünvanı məlum deyildir. Odur ki, Cavabdeh 10 ildir adıçəkilən ünvana gəlib-getməməsini qonşuları olan şahidləri və Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyi təsdiq edə bilərlər. Belə ki, cavabdeh Rusiya vətəndaşlığını qəbul edərək, Azərbaycan Respublikasına gəlib-getmir. Odur ki, o da adıçəkilən ona məxsus olan ünvandan oğlu cavabdeh olan Cavabdeh qeydiyyatdan çıxartmaq qərarına gəlmişdir. O, bununla əlaqədar Xaçmaz RPŞ-nə müraciət etmiş, lakin ona məhəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə o da göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq oğlunu evinə formal olaraq qeydiyyata aldırmasını, evini satmaq istədiyini, həmin vaxt oğlunun notariatda evinin satılmasına razılıq verdiyini, hazırda da evini satmaq istədiyini, ancaq oğlunu tapa bilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən 28.08.2015-ci il tarixli RX seriyalı ******* saylı, Reyestr nömrəsi **********81-10301 olan çıxarışından və Reyestr nömrəsi **********81-10301 olan texniki pasportdan müəyyən olunur ki, ünvan 6 yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanda yaşayır. İş materiallarında olan Xaçmaz şəhər İƏD üzrə Nümayəndəliyinin 28.04.2021-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 6 ünvanda yaşayır, Cavabdeh RF-nın Moskva şəhərində yaşaması ilə əlaqədar 10 ildən yuxarıdır ki, ünvan 6 ünvanda yaşamır. İş materiallarında olan 28.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Xaçmaz şəhəri, K.Novruzov küçəsi 15 ünvanında yerləşən ev ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestindən 28.08.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən 28.08.2015-ci il tarixdən iddiaçının mülkiyyətində olduğu üçün məhkəmə hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olduğunu hesab edir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən digər qohumlara qardaş və bacılar, baba, nənə və nəvələr, ögey oğul və qızlar, yetirmələr və faktiki tərbiyəçilər daxildirlər. İşdən müəyyən olunur ki, Cavabdeh iddiaçının oğludur, o, 10 ildən artıqdır ki, mübahisə predmeti olan ünvan 6 ünvanda yerləşən evdə yaşamır və iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Xaçmaz şəhər , K.Novruzov küçəsi 15 saylı yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh Xaçmaz şəhər , K.Novruzov küçəsi 15 saylı yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1932/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1932/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver