Məhkəmə qərarları › İş №2(067)-1959/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1959/2021

05.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1959/2021 05.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə islas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 18.01.1992-ci il tarixdə vəfat etmiş X1 qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsinə dair adına doğum haqqında şəhadətnamənin alınması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 18.01.1992-ci il tarixdə vəfat etmiş X3 onun doğma anası olmuşdur. Anasının vəfatından sonra Xaçmaz rayonunun Müzəffər-oba kəndində 0,15 ha torpaq sahəsi ona miras qalmışdır. O, anasından miras qalan əmlakı öz adına keçirmək üçün Xaçmaz rayon Notariat Ofisinə müraciət edəndə, X1 onun anası olmasını təsdiq edən doğum haqqında şəhadətnamə olmadığına görə müraciəti müsbət həll edilməmişdir və ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq özünün doğum haqqında şəhadətnaməsi olmadığını, anasının doğum haqqında sənədinin, şəxsiyyətini təsdiq edən sənədinin olmamasını, anası və atasının nikah haqqında sənədinin olmamasını, təsərrüfatbaşına kitabda X1 təsərrüfat başçısı kimi qeyd edilməsini və onun ailə üzvlərinin olmadığının göstərildiyini, onun özünün təsərrüfatbaşına kitabda ayrı təsərrüfat kimi göstərildiyini qeyd edərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Xaçmaz rayon Notariat Ofisinə məhkəmə baxışı iclasının vaxtı barədə vaxtında və lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi XX.XX.1932ci il tarixdə Quba rayonunun Zıxır kəndində anadan olmuşdur və Xaçmaz rayonunun Müzəffər-oba kəndində yaşayır. İş materiallarında olan İV seriyalı 313395 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X3 18.01.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon X2 Sətdər Yusif oğluna ünvanladığı 17.05.2021ci il tarixli cavab məktubundan müəyyən olunur ki, onun XX.XX.1932-ci il tarixdə Quba rayonunun Zıxır kəndində anadan olması barədə doğum haqqında təkrar şəhadətnamə qeydi aşkar olunmamışdır. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi tərəfindən 18.01.1992-ci il tarixdə vəfat etmiş X1 onun doğma nası olmasını təsdiq edən mötəbər sübutlar (o cümlədən X1 və ərizəçinin özünün doğum haqqında şəhadətnamələri) məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 17.05.2021-ci il tarixli məktubundan X1 XX.XX.1932ci il tarixdə Quba rayonunun Zıxır kəndində anadan olması barədə doğum haqqında təkrar şəhadətnamə qeydinin aşkar olunmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə ərizənin dəlillərinə münasibət bildirərək hesab edir ki, ərizənin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi 18.01.1992-ci il tarixdə vəfat etmiş X1 qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması faktı əhəmiyyətli olmadığından, məhkəmə qaydasında müəyyən edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar