Məhkəmə qərarları › İş №2(067)-1978/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1978/2021

29.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1978/2021 29.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın vəkili Vəkil və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevna ərizə ilə məhkəməyə müraciət edərək, özünün heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1988-ci ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ərizəçi 03 dekabr 1950-ci ildə Rusiya Federasiyasının Yakutsk rayonunda anadan olmuşdur. 1975-ci ilin 25 oktyabrında Azərbaycan Respublikasının vətəndaşı X2 ilə ailə qurmuşdur. Onların birgə nikahlarından 1975-ci il təvəllüdlü X6, X7 və 1978-ci il təvəllüdlü X3 anadan olmuşlar. Ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşamışlar. 1989-cu ildə isə Xaçmaz rayonunun Yalama kəndinə köçmüşlər. Qeyd olunan vaxtdan bu günədək həyat yoldaşı X4 məxsus olan mənzildə yaşayır. Həyat yoldaşı X8 16 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçi Azərbaycan Respublikasına köçüb gəldikdən sonra, yəni 1989-cu ildən sonra Azərbaycan Respublikasını tərk etməmişdir. Azərbaycan Respublikası vətəndaşı olduğu üçün Konstitusiyada nəzərdə tutulmuş konstitusion hüquqlarından istifadə edə bilmir. Heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi ona Azərbaycan Respublikası vətəndaşlığını təsdiq etmək üçün lazımdır. Məhkəmə iclasında ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X10 ərizə ilə tanış olduqlarını, ərizədə göstərilən hallara etirazları olmadığını, ərizəçi doğulduğu ölkənin səfirliyindən oranın vətəndaşı olmamasına dair arayış təqdim edəcəyi halda ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevna 03 dekabr 1950-ci il tarixdə Rusiya Federasiyasının Yakutsk rayonunda anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 və Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevna 18 avqust 1971-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İİ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 16 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 28 aprel 2021-ci il tarixli arayışından müəyyən olunur ki, 03 dekabr 1950-ci il təvəllüdlü Ərizəçi 56614/m nömrəli, 23 aprel 2021-ci il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında“ 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Xaçmaz RİHB X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 24 may 2021-ci il tarixli, 237 saylı arayışından müəyyən olunur ki, 03 dekabr 1950-ci il təvəllüdlü Ərizəçi 1989-cu il tarixdən hal-hazıra kimi həyat yoldaşı X1 məxsus olan evdə yaşayır. Beləliklə, işdə olan sənədlərdən müəyyən olunur ki, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevna 03 dekabr 1950-ci ildə Rusiya Federasiyasının Yakutsk rayonunda anadan olmuş, 18 avqust 1971-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X2 ilə rəsmi nikaha daxil olmuşdur. Ərizəçi 1989-cu il tarixdən hal-hazıra qədər Xaçmaz rayonunun Yalama kəndində mərhum əri X1 məxsus olan evdə yaşayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikasının MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Məhkəmə hesab edir ki, ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı iş materialları ilə öz təsdiqini tapdığı üçün ərizə təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Şişkina (Ağaverdiyeva) Lyudmila Sergeyevnanın heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar