Məhkəmə qərarları › İş №2(067)-2018/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2018/2023

07.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2018/2023 07.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh2, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun, azyaşlı övladı Zara Əsədova ilə birgə cavabdeh Mötəbər Əsədovanın faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə yaşayış sahəsindən hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, onunla, cavabdehin oğlu X10 09 iyun 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X23 anadan olmuşdur. X34 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Mötəbər Əsədova onun qaynanasıdır. Xaçmaz şəhəri. Atatürk küçəsi, ev 29 faktiki olaraq qaynanası Cavabdeh1 məxsusdur. Həmin evin sənədi olmasa belə cavabdehin faktiki sahibliyindədir. O, həmin ünvana gəlin köçmüş və yaşamışdır. Əri öləndən və aralarında münasibətlər korlandıqdan sonra, cavabdeh onu evdən qovmuşdur. Hal-hazırda faktiki olaraq yaşamağa evi və yeri yoxdur. Övladı ilə birlikdə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalır və yaşayır. Halbuki o, mübahisəli evdə yaşamışdır və oradan istifadə hüququ əldə etmişdir. O, istəyir ki, həmin evə övladı ilə qayıdıb, orada yaşamaqda davam etsin. Lakin cavabdeh buna imkan vermir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, o, Cavabdeh1 məxsus evdə yaşadığı üçün onun yaşamaq hüququ əmələ gəlmiş və o, ünvan 1-da yerləşən evdən istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 cavabdeh kimi işə cəlb edilmə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini, iddiaçının azyaşlı övladı ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə yaşayış sahəsindən istifadə hüququnun övladı 18 yaşına çatanadək tanınması və evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki Cavabdeh1 oğlu Elşən Əsədov rəsmi olaraq 09 iyun 2015-ci il tarixdə Rusiya Federasiyasında evlənsə də, faktiki olaraq 19 aprel 2015-ci il tarixdə Xaçmaz rayonunda evlənmişlər. 2015-ci ilin aprel ayında evləndikdən bir müddət sonra Elşən Əsədovun babası X14 məxsus, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki sahibliyində və istifadəsində olan Xaçmaz şəhəri, Ataürk küçəsi, 29 saylı evə iddiaçının cehiz əmlakları ilə birgə gəlin köçmüşdür. Gəlin köçdükdən bir müddət sonra onlar Rusiya Federasiyasına yaşamaq üçün gediblər 2016-cı ilin yay aylarında Elşən Əsədov ağır xəstələndikdən sonra onlar yenidən Xaçmaz şəhəri, Atatürk küçəsi, 29 saylı evə, yəni Elşən Əsədovanın babasının evinə qayıdıblar. Bir müddət yaşadıqdan sonra Elşən Əsədov rəhmətə getmişdir. Onun bütün yas mərasimi ünvan 1-da cavabdehlərin faktiki sahibliyində və istifadəsində olan evdə keçirilmişdir. Yas mərasimi bitdikdən sonra uzun illər iddiaçı orada yaşamışdır. Azyaşlı övladı baxçaya və digər yerlərə oradan getmişdir. Təxminən 2-3 il qabaq iddiaçının qayınanası Mötəbər Əsədova iddiaçıya bildirdiki, Rusiyadakı evi satmaq istəyir və Elşənin vərəsəsi kimi imza etməlidir. İddiaçı buna razılaşmadıqdan sonra ünvan 1-da olan olan cehizi cavabdehlər çıxararaq çölə atıb, iddiaçını həmin evdə yaşamaqdan məhrum etmişlər. İddiaçının cehizi evləndiyi gündən orada olmuş, yoldaşı rəhmətə gedəndən sonrada uzun illər həmin evdə birgə cavabdehlərdən Cavabdeh2 ilə yaşamışdır. Həmçinin, iddiaçının azyaşlı övladı Zara Əsədovanın babasının övladının atasına çatacaq paya vərəsəlik üzrə “gözlənti” hüququ vardır. Bundan başqa həmin həyətdə 3 ev mövcuddur. Onlardan biri ikimərtəbəli köhnə tikili, 2 isə yeni tikilidir. Hal-hazırda faktiki olaraq iddiaçının yaşamağa evi və yeri yoxdur. Övladı ilə birgə müxtəlif ünvanlarda, qohum-əqrəba yanında qalır. Həmin evə iddiaçı övladı ilə birgə qayıdıb orada yaşamağa davam etsin. Cavabdehlər isə buna imkan vermir. Məhkəmə iclasına tərəfindən dəvət edilmiş şahidlər iddiaçının iddia ərizəsində qeyd etdiyi evdə, yəni iddaçının orada yaşamağını, gəlin köçməyinə dair faktları tam şəkildə təsdiq etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdehlər keçən məhkəmə iclaslarında da qedy ediblər ki, iddiaçının yoldaşı həmin evdə rəhmətə getmiş və orada da yaşamışlar. Məhkəmədən xahişi odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə iddaçının yaşayış sahəsindən istifadə hüququnun azyaşlı övladı Zara Əsədova ilə birgə övladının 18 yaşına çatanadək tanınması və evə köçürülməyinə dair qətnamə qəbul edilsin. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vəkilinin dedikləri ilə razılaşır. Başqa heç bir əlavəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ev atasının evidir. O, hazırda o evdə yaşayır və vərəsə də özüdür. Onlar o evə gəlib, sonra da köçüb gediblər. Yəni yaşamayıblar. O, razı deyil ki, iddiaçı gəlib evdə yaşasın. Çünki artıq aralarında əvvəlki münasibətlər də yoxdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Mülki Məcəllənin 30.4-cü maddəsində göstərildiyi kimi, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qarşı tərəf qeyd edir ki, iddiaçı həmin evdə yaşayıb. Lakin onlar tərəfindən məhkəməyə təqdim olunmuş şahidlər də öz ifadələrində bildirmişlər ki, iddiaçı o evdə yaşamayıb. Evdən istifadə hüququ ailə üzvlərinə verilir. Xanım özü keçən prosesdə də bildirdi ki, onlar Rusiyadan qayıtdıqdan sonar Xaçmaz rayonu, Padar kəndində qeydiyyata düşüblər. Üstəlik iddiaçının yoldaşı ilə 19 aprel 2015-ci il tarixdə toyları olub. Toydan üç gün sonra Rusiyaya köçüblər. Üç gün yaşamaqla həmin şəxsə yaşayış hüququ və evdən istifadə hüququ heç kimə verilə bilməz. Bundan əlavə iddiaçı qeyd edir ki. Yoldaşı dünyasını dəyişəndən sonra da o evdə yaşayıb, övladı oradan bağçaya gedib və s. Lakin şahid ifadələri də təsdiq etdi ki, heç kim iddiaçını o evdə yaşayan görməyib. İddiaçı və cavabdeh arasında heç bir ailə münasibətləri yoxdur. Nə əsasında evdən istifadə hüququ istəyir. Bütün bunların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 27-də yaşayır. Möhtəbər qonşusunun gəlini olub. Cənnət də qonşusudur. Möhtəbər Rusiyada yaşayır. Hazırda ünvan 1-da tək Cənnət yaşayır. O, həmin küçədə 1975-ci ildən yaşayır. Cənnət həmin evin sakini olub. O, gələndə də o evdə Cənnət yaşayırdı. Eyni zamanda, Cənnətin anası Səbirə xala, atası Aydın dayı da o evdə yaşayırdı. İddiaçıı isə tanımır. Əsədov Elşəni də balaca vaxtı görmüşdür. İndi rəhmətə gedib. O vaxt toyu olanda toyuna getməmişdir. Elşən rəhmətə getdiyi xəbərini isə cənazəsini evə gətirəndə bilmişdir. Əsədov Elşənin yoldaşını isə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 35-də yaşayır. Həmin evə gəlin kimi gəlmişdir. Möhtəbər qonşusunun böyük gəlini olub. Hazırda Rusiyada yaşayır. Hazırda ünvan 1-da Cənnət tək yaşayır. Əsədov Elşəni də tanımır. Yəni sadəcə adını eşitmişdir, özünü görməmişdir. Rəhmətə getdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri, Atatürk küçəsi, ev 27-də yaşayır. O, həmin evdə 1989-cu ildən yaşayır. Həmin evi almışlar. Qonşularla da əlaqələri elə o vaxtdan olub. Tahirgil, Cənnətgil onunla qonşuluqda yaşayıblar. Cənnətlə onlar üzbəüz qonşu olmuşlar. Həmin evdə Cənnət və anası Səbirə də yaşayırdı. Möhtəbər Rusiyada yaşayır, həmin evə gəlin kimi gəlmişdi. Əsədov Elşən isə rəhmətə gedib. Elşənin yas mərasiminə getmişdir, lakin yoldaşını orada görməmişdir. Daha doğrusu, yoldaşı ilə maraqlanmamışdır. Elşənin Rusiyada yaşadığını bilirdi. Onun toyu olanda pulu olmadığı üçün toya gedə bilməmişdir. İddiaçıı o evdə yaşayan görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində göstərmişdir ki, Sərvinaz onun ögey bacısının qızıdır. Lakin onlar çox mehribandır. Sərvinaz hazırda bir övladı ilə kirayədə qalır. Uşağa gah o, gah anası baxır. Sərvinaz özü Xaçmaza gəlin köçüb. Onun evinə qonaq da getmişlər, onlar da onlara qonaq gəliblər. Sərvinazın yoldaşının adı Elşən olub. Sərvinaz gəlin köçəndə cehizlərini Cənnətin evinə aparıb. Cehizlərini də o, özü yerləşdirmişdir. Toy aprel ayında olub. Toydan sonra 2-3 ay burada yaşadılar. Sonra isə Rusiyaya getdilər. Rusiyada 1 ildən çox yaşadılar. Daha sonra övladları xəstə olduğu üçün geri qayıtmaq məcburiyyətində qaldılar. Uşaq çox ağır xəstə idi. Bəzən o, də gəlib yanında qalırdı. Elşən yayda Xaçmazda rəhmətə getdi. Elşənin vəfatından sonra Sərvinaz 4-5 ay yenə həmin evdə yaşadı. Onların əlaqələri onda da kəsilməmişdi. Lakin Sərvinaz sonradan o evdə qala bilmədi. Çünki çox pis olurdu. Elşənin bütün yas mərasimlərində iştirak etmişdir. Elşənin ilinə kimi də o evə gedib-gəlmişdir. Elşənin il mərasimində də iştirak etmişdir. Sərvinazgil aprel ayından sonra 2-3 ay o evdə yaşayıblar. Sərvinaza mebel verməmişlər. Amma qalan hər bir şeyi vermişlər. Yorğan, döşək və başqa cehizlər verilib. Cənnətgil Sərvinazı bir ailə üzvü kimi qəbul etmişdilər. Bir övladları kimi çox gözəl qəbul etdilər. Hətta deyirdilər ki, Sərvinaz yeganə övladlarıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Sərvinaz yoldaşının xalası qızıdır. Ailə qurub. Ailə qurduğu tarix dəqiq yadında deyil. Lakin 7-8 il olar. Yoldaşının adı Elşəndir. Toyları da olub, özü də iştirak etmişdir. Toydan sonra Atatürk küçəsində yerləşən evə gəlin köçüb. Həmin küçə köhnə Kirov küçəsi olub. O küçədə göy qapı idi. Onlar həmin evə 3 il gedib-gəlmişlər. Münasibətləri yaxşı olub. Elşəndən əvvəl atası dünyasını dəyişib. Elşən özü 20 gün komada qaldı. Onlar toydan bir müddət sonra Rusiyaya getdilər. Tarixi dəqiq bilmir. Lakin bu evdə çox yaşamadılar. Toydan əvvəl də Elşən onlara gəlib-gedirdi. Həyətlərində o vaxt iki ev var idi. Biri yarımtiki ev idi. İddiaçı cehiz olaraq yorğan-döşək aparıb. Rusiyaya gedəcəkləri üçün mebel aparmayıb. Elşən Rusiyada işləyirdi. Onun orada evi var idi. Elşənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, Sərvinaz bacısının qızıdır. 2015-ci il tarixdə ailə qurub. Toydan sonra Xaçmazda yerləşən evə gəlin köçüb. Həmin küçənin adı yadında deyil. Qayınanası Rusiyada yaşayırdı. Bibisi elçi gəlib. Bibisi gəlib onu gəlin aparıb. Toydan sonra da evinə getmişdir. Qayınanası da var idi. Lakin həmin evdə Sərvinaz yoldaşı və bibisi yaşayırdı. Həmin ev isə Sərvinazın qayınatasının evi idi. Onlar toydan bir müddət sonra Rusiyaya getdilər. Tarixi dəqiq bilmir. Lakin bu evdə çox yaşamadılar. Həmin evdə təxminən 2 ay yaşadılar. Sonra Rusiyaya getdilər. Yoldaşının xəstəliyi oldu deyə onlar geri qayıtdılar. Qayıtdıqdan sonra həmin evdə yaşadılar. Ora xəstə yanına da getmişdir. Daha sonra yoldaşı vəfat etdi. Yas mərasimində də iştirak etmişdir. Yasdan sonra Sərvinaz həmin evdə yaşayıb. Cehiz olaraq yorğandöşək aparıb. Mebel isə aparmayıb. Qayınanası Rusiyada yaşayırdı. Yalnız cehiz olaraq yorğan-döşək, pastel, dəsmal aparıb. Cehizləri toydan 2 gün əvvəl aparıb. Lakin mebel falan aparmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Sərvinazı qonşu olaraq tanıyır. Yəni Sərvinazın atası onunla qonşudur. Sərvinaz hazırda o evdə yaşamır. Bilmir harada yaşayır. Yəqin ki, Xaçmazda kirayə qalar, ya da ki, Xaçmazda qardaşının evində yaşayır. Sərvinazgil 2015-ci il tarixdə ailə qurub. Toyları da olub, özü də iştirak etmişdir. Gəlin köçəndə özü ilə cehiz də aparıb. Onlarda belə bir adət var ki, qız köçəndə qonşuları çağırıb cehizləri göstəirlər. Hətta qonşular da pay aparır. Sərvinaz Rusiyaya gedəcəkləri üçün mebel dəsti aparmayıb. Lakin cehiz olaraq yorğan-döşək, pastel, xırda əşyalar aparıb. Mübahisə olunan ev Sərvinazın yoldaşının evi olub. Yas mərasimi də həmin evdə olub. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə İddiaçı 09 iyun 2015-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X23 doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2016-cı ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Xaçmaz Regional Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/02 saylı məktubundan müəyyən olunur ki, Rusiya Federasiyası vətəndaşı olan xx.xx.1954-cü il təvəllüdlü Moktabar Asadova sonuncu dəfə Xaçmaz şəhəri, X28 küçəsi ev 29 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD-nin xx.xx.2023-cü il tarixli, 2096 saylı arayışdan müəyyən olunur ki, X16 məxsus və onun mülkiyyətində olan fərdi yaşayış evində, onun vəfatından sonra qızı Cavabdeh2 yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verdiyi Xaçmaz rayon Məhkəməsinin elektron sorğu vasitəsilə əldə etdiyi cavabdan müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci ildə Azərbaycan Respublikası sərhədini keçmiş və xx.xx.2016-ci ildə geri qayıtmışdır. İş materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ünvan 5 yaşayış evinə X12 adına texniki pasport işlənmişdir.( 1952-ci ildə yaşayış evi tikilmişdir). İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin məhkəməyə ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ünvan 5 yaşayış evində X25, X6 və Cavabdeh2 qeydiyytadadırlar. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X10 ilə xx.xx.2015-ci il tarixində ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı ərinin babasının adına texniki pasportla inşa edilmiş, fərdi yaşayış evinə gəlin köçmüşdür. X34 xx.xx.2016cı ildə ölmüşdür. İddiaçı ailə qurduqdan sonra müvəqqəti olaraq ünvan 1 da yaşasa da, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası sərhədini keçmiş, yaşamaq üçün Əsədov Elşən ilə birlikdə Rusiya Federasiyasına getmişdir. xx.xx.2016-ci ildə Əsədov Elşənin xəstəliyi ilə əlaqədar geri qayıtmışlar. Sadalanan halları hər iki tərəf təsdiqlədiyinə görə işin mübahisəsiz halıdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia qaldıraraq, azyaşlı övladı Zara Əsədova ilə birgə cavabdeh Mötəbər Əsədovanın faktiki istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evə yaşayış sahəsindən hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə görə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Qeyd edildiyi kimi 1952-ci ildə inşa edilmiş mübahisə predmeti olan evə dair X12 adına texniki pasport tərtib edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinə dair mülkiyyət hüquqları hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, yuxarıdakı normanın tələbinə görə bu əmlak mərhum A.C.Əsədovun mülkiyyəti sayılır. İşin faktiki hallarından görünür ki, hazırda bu əmlakdan istifadəni və ona faktiki sahibliyi cavabdeh mülkiyyətçinin övladı Cavabdeh2 yerinə yetirir. Bu baxımdan Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2015-ci ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ailə qurmuş, ailə qurduqdan sonra texniki pasport ilə X13 adına işlənmış mübahisəli yaşayış evinə gəlin gəlmişdir. İddiaçı gəlin gələn zaman X7 olmasa da, həmin fərdi yaşayış evi Cavabdeh2 faktiki istifadəsində və sahibliyində olmuşdur. Göründüyü kimi, iddiaçı gəlin köçən zaman artıq mübahisə olunan ev faktiki olaraq mövcud olmuş, onun inşa olunmasında iddiaçı və ərinin heç bir iqtisadi marağı formalaşmamışdır. İddiaçının özünün, eyni zamanda məhkəmədə şahidlərin vermiş olduğu ifadələrə istinədən müəyyən olunur ki, iddiaçı ərə gəldikdən sonra iki ay mübahisəli mənzildə yaşasa da, sonradan daimi yaşamaq üçün Rusiyaya getmişdir. Birgə nikahdan doğulmuş uşaq da elə Rusiya Federasiyasında, Tomsk vilayəti, Strejevoy şəhərində dünyaya gəlmişdir. 2016-cı ildə iddiaçının ailə münasibətlərinə xitam verildiyindən, həmin tarixdən iddiaçı cavabdehlərin ailə üzvü deyildir. Belə olan halda İddiaçı mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə təmin edilə bilməz və bu tələbin təmin edilməsi məhkəmənin qənaətinə görə Cavabdeh2 sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bu baxımdan məhkəmə İddiaçı hazırki iddiasının əsassız olması qənaətinə gəlir. Məhkəmə eyni zamanda, iddiaçının 2016-cı ildə ərinin ölümündən sonra mübahisəli evdə deyil, başqa ünvanda yaşamasını nəzərə alaraq hesab edir ki, onun mübahisəli evdən istifadə hüququnun müəyyən müddətə saxlanılmasına da zərurət yoxdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Beləliklə, işin hallarına əsasən iddiaçının mübahisəli evə köçürülməsi Cavabdeh2 həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin hazırda ailə üzvü (digər qohumu) olmadığından, onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin olunması üçün heç bir hüquqi əsas olmadığından iddia əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli evdə yaşayan Cavabdeh2 ilə arasında heç bir qohumluq münasibətləri olmadığından, onun həmin yaşayış sahəsindən istifadə hüququ itirilmişdir. Bu halda məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar