Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2033/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı, istifadə hüququnun xitam verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “"KredAqro” BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq cavabdehlərin DƏDRX-nin 8 saylı reyestr kitabının 115 saylı vərəqində qeydiyyata alınmış RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Z. Bünyadov küçəsində yerləşən 22 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə və onların həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC iddiasını onunla əsaslandırmışdır ki, 21 fevral 2015-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən, Daşınmaz Əmlakın Dövlət Reyestrində 8 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən, Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsusdur. Lakin həmin mənzil "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin mülkiyyətinə keçdiyi vaxtdan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hal-hazıradək həmin mənzildə qeydiyyatdadırlar və həmin evdə yaşayırlar. Qeyd olunanlarla əlaqədar iddiaçı KredAqro” BOKT MMC tərəfindən hazırkı iddia qaldırılmış və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstirələnlərə uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.12.2020-ci il tarixli, Elektron notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Seriya RX ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi hazırda KredAqro” BOKT MMC-nin mülkiyyətindədir. İş materiallarında olan 12.02.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı BOKT MMC iddia tələbi ilə əlaqədar 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı BOKT MMC-yə məxsus olan Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evi ünvanda yerləşən evində qeydiyyatda olmaqla yaşadıqları müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məcəllənin 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən 22 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli və onlar həmin evdən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli Plenum qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun mənzillə bağlı münasibətləri tənzimləmədiyini və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas olmadığını, buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsinin məntiqsiz olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən vətəndaşın mənzildə qeydiyyatda olması, onun həmin mənzildən istifadə hüququnun olması anlamına gəlmir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Xaçmaz şəhəri, Z.Bünyadov küçəsində yerləşən 22 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin və onlar həmin evdən çıxarılsın. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2033/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2033/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver