Məhkəmə qərarları › İş №2(067)-2035/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2035/2023

10.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2035/2023 10.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin onun işdən azad olunması barədə 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmrinin ləğv edilməsi, onun Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunmağı, məcburi işburaxma müddəti üçün əmək haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1948-ci ildə anadan olmuşdur. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “meyvə-tərəvəzçilik və üzümçülük” ixtisası üzrə bitirmiş və Dövlət İmtahan komisiyasının qərarı ilə ona “Alim aqronom” ixtisası verilmişdir. O, 15 yanvar 2020-ci il tarixdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsində baş aqronom vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə işin öhdəsindən layiqincə gəlmiş, heç bir əmək intizamının pozulmasına yol verməmişdir. 07 aprel 2023-cü il tarixdə cavabdeh idarəsi üzrə verilmiş 19-amp əmri ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi göstərilmişdir (Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda).Hesab edir ki, cavabdehin göstərilən əmri qanunsuz və əsassızdır. İşə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi üçün o, qanunvericiliyin tələbinə uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesinin keçirilməsi mediator X5 həvalə edilmiş, mediasiya prosesində cavabdeh tərəfi iştirak etmədiyi üçün mediator N.M.Əliyev 08 iyun 2023-cü il tarixli, MŞQ/MT-027/2023- 00742 nömrəli arayışı ilə mediasiya prosesinə xitam vermişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Bundan da əlavə o, həmin idarəyə 15 yanvar 2020-ci il tarixdə baş aqromon vəzifəsinə işə qəbul olunarkən onun artıq 72 yaşı var idi. Sual olunur əgər cavabdeh idarədə işçiləri Əmək Məcəlləsinin 70-ci rmaddəsinə əsasən işdən çıarılarsa, nə üçün 2020-ci ildə o, 72 yaşında həmin idarəyə qəbul olunmuşdur? O, ali təhsilli mütəxəssisdir, alim aqronom ixtisası vardır. Hesab edir ki, cavabdeh idarədə alim aqronom ixtisası olan baş aqronoma xüsusi ehtiyac vardır. O, işlədiyi müddətdə öz biliklərini və təcrübəsini Xaçmaz şəhərində yaşıllıqların bərpası və inkşafı üçün tətbiq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək,iddia ərizəsində qeyd olunanları təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan kimi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi öz-özünü maliyyələşdirən bir idarədir. 07 aprel 2023-cü il tarixli qərar ilə isə onun işinə xitam verilmişdir. Xitam verilməsinin səbəbi isə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi göstərilmişdir. Düşünür ki, bu əmr qanunsuz və əsassızdır. Məhkəmə iclasında cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdehin işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi əsasında işinə xitam verilmişdir. Həmin maddədə isə qeyd olunan yaş həddi məsələsidir. Ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, hazırda həmin idarədə baş mütəxəsəssis olaraq çalışır və Fikrət müəllimi tanıyır. Fikrət müəllim qanunla nəzərdə tutulmuş şəkildə, yaş həddində görə işdən kənarlaşdırılıb. Artıq idarədə 2 nəfər yaş həddinə görə işdən kənarlaşdırılıb və cavan kadrlara üstünlük verilir. Yaş həddi tamamlanan başqa işçilər də var. Onlar da işdən kənarlaşdırılacaq. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində mütəxəssis olaraq çalışır və Fikrət müəllimi 2020-ci ildən tanıyır. Həmin ildən idarədə işləyib və onun əmri ilə nəzərdə tutulmuş şəkildə, yaş həddiə görə işdən kənarlaşdırılıb. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən büdcədən maliyyələşmə olduğu üçün işinə xitam verilib. Fikrət müəllimi 73 yaşında işə götürən o, olmamışdır. Fikrət müəllim dövlət büdcəsində maliyələşdirilib. İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2023cü il tarixli 5 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı yaş həddi ilə bağlı xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisəsinin işçisi çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Quba-Xaçmaz regional şöbəsinin məhkəməyə ünvanladığı 01 iyul 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin dövlət büdcəsindən maliyyələşən müəssisə olub-olmamasını müəyyən edilməsi X9 Xidmətinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aparatının məhkəməyə ünvanladığı məktubundan müəyyən olunur ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi təsərrüfat hesablı idarə olduğundan özü-özünü maliyyələşdirir. Dövlət büdcəsindən maliyyələşmir. Bununla bağlı Mənzil Kommunal Təsərrüfatı İdarəsinin xx.xx.2021-ci ildə təsdiqlənmiş əsasnaməsi də vardır. (Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsi məktuba əlavə edilmişdir) İş materiallarında olan Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsindən müəyyən olunur ki, idarə müstəqil balansa, xərclər smetasına, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. İdarənin ayrıca əmlakı vardır, üzərində idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda ləğv edilə bilər Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 07 aprel 2023-cü il tarixli 19 amp saylı əmri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin təsərrüfat hesablı idarə olaraq xx.xx.2021-ci il tarixli əsasnaməsi əsasında özü özünü maliyyələşdirdiyindən, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndində göstərilən xüsusatlar ilə əsassız olaraq xitam verildiyindən iddia tələbi əsaslıdır. Belə ki, sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla da təsdiqini tapır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin olunsun. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 07 aprel 2023-cü il tarixli, 19-amp saylı əmri ləğv edilsin və İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə baş aqronom vəzifəsinə işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün "07 aprel 2023-cü il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar