Məhkəmə qərarları › İş №2(067)-2046/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2046/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2046/2020 26.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə X2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11L000000472 nömrəli kredit xətti müqaviləsi ilə əlaqədar «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli 11S000001218 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə mərhum Malik Məhərrəmov arasında bağlanmış xx.xx.2009-cu il tarixli 11L000000472 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 60 ay ərzində 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə mərhum Malik Məhərrəmov arasında bağlanmış xx.xx.2012-ci il tarixli 11R000002263 nömrəli kredit razılaşması əsasında sonuncuya 7800 manat kredit verilmiş, xx.xx.2013-cü il tarixli sazişə əsasən ödənişin müddəti uzadılmışdır. Öhdəliyin icrasını təmin etmək məqsədilə onunla və X6 ilə zaminlik müqaviləsi bağlanmışdır. Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1, X4 və ondan müştərək qaydada 4327.39 manat əsas, 651.44 manat faiz, 200 manat cərimə borcu və 30 manat dövlət rüsumu alınaraq Banka verilməsi qət edilmişdir. Qətnaməyə əsasən icra vərəqəsi verilmişdir. Qeyd olunan pul vəsaitinin 1/3 hissəsi, yəni 1736 manat ondan tutularaq Banka verilmişdir. Tutma davam etdiyinə görə 2017-ci ildə İcra Şöbəsinə müraciət etmiş, məsələ yerində araşdırılaraq və ondan həqiqətən də 1736 manat tutulması müəyyən edilmiş və bu barədə məktub əmək haqqı aldığı 2 saylı X7 Mərkəzinə məktub ünvanlanmışdır. Həmin sənəddə də qeyd olunur ki, İddiaçı müəllim işlədiyi üçün qeyd olunan icra vərəqəsi borclunun əmək haqqından tutulması üçün göndərilmişdir. Məhkəmə qərarında borclunun müştərək qaydadad tutulması nəzər tutulduğundan və onun əmək haqqından 1736 manat vəsait tutulmaqla, tələb ona aid hissədə icra olunduğundan onun əmək haqqından tutulma dayandırılmalıdır. Ona görə də zaminliyə xitam verilməlidir. İddiacıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir.Eyni zamanda işə iddiaçının iştirakı olmadan baxıb mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinə qarşı zaminliyə xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar