Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-205/2024 07.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi əsasında Xaçmaz rayonu, Qaraçay-cək kəndi ərazisində 1.43 hektar torpaq sahəsi almış, alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi barədə AN-1,1128280 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərtib edilmişdir. Həmin müqavilə ilə ona satılmış torpaq sahəsinin pulunu ödəməklə almışdır. 8 iyul 2023-cü il tarixində AN-1, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə almış olduğu 1.43 hektar torpaq sahəsinə hasar çəkdirmək məqsədi ilə rayon bələdiyəsinə müraciət etmişdir. Müraciəti əsasında Xaçmaz rayonu Bələdiyyəsinin nümayəndəsi ilə AN-1,1128280 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almış olduğu torpaq sahəsinə baxış keçirilən zaman, torpağın sahəsi dəqiqləşdirilmişdir. Dəqiqləşdirilmə zamanı almış olduğu torpaq sahəsinin sağ və sol hissələrinin zəbt olunması müəyyən edilmişdir. Dəqiqləşdirilmə işləri aparıldıqdan sonra almış olduğu torpaq sahəsinə bitişik torpaq sahələrinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 əraziyə dəvət edərək onlara torpaq sahəsinin yerləşmə yerini göstərərək, torpağın sağ və sol hissəsinin onlar tərəfindən zəbt olunduğunu, həmin zəbt olunmuş ərazidən çıxmalarını tələb etmişdir. Buna baxmayaraq Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinin onlara məxsus olduqlarını iddia edərək zəbt etdikləri torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. Hal-hazırda ona məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş hissəsindən istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlə həyətləri qonşudur. O, 1,43 ha torpaq sahəsi almışdır. Torpağında çatışmazlıq var. Mütəxəssis tərəfindən torpaq sahəsi ölçülmüş və məlum olmuşdur ki, torpağından Cavabdeh1 qanunsuz istifadə edir. O, torpağı qaytarmaq istəmir. Torpağının tamlığının bərpa edilməsini istəyir. Mütəxəssis tərəfindən ərazidə ölçmə işləri aparılıb və rəy verilib. Ona görə təkrar ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, o iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Hesab edir ki, ekspert yeri düz ölçməyib. Təkrar ekspertiza keçirilsə hər şey üzə çıxacaq. Hər birinin əlində çıxarışlar var. Həmin çıxarışlara uyğun yerlərin ölçülüb verilməsini istəyir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə razı deyil. Ekspertiza təyin edilməsə onun ərazisi üzə çıxmır. İddiaçının torpaq sahəsi orta hissədədir, birinci Cavabdeh2 torpaq sahəsi yerləşir, ona görə birinci həmin torpaq sahəsi ölçülməlidir. Bu səbəbdən təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının torpağını zəbt etməmişlər. Torpaq sahəsi oğlunun adınadır. Onların bu işlə əlaqələri yoxdur. Hesab edir ki, təkrar ekspertiza təyin edilməsinə ehtiyac yoxdur. Ona görə vəsatətlə razı deyil və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X2 mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.43 ha torpaq sahəsini İddiaçı satmışdır. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.43 ha torpaq sahəsinin faktiki yerində elektron uçot baza məlumatlarına əsasən tanıtarkən məlum olmuşdur ki, vətəndaşın istifadə etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir, lakin həmin torpaq sahəsindən digər vərəndaş istifadə edir. İşə əlavə edilmiş etiraz ərizəsində Cavabdeh2 göstərmişdir ki, İddiaçı ona qarşı qaldırdığı iddia əsassızdır, heç bir mənbəyə söykənməmişdir. Belə ki, o özünə məxsus xx.xx.1999-cu il tarixli JN-0139 №-li çıxarış aktına əsasən göstərilən cizgilərdən kənara çıxmamış, xx.xx.1999-cu il tarixdə Xaçmaz torpaq şöbəsinin mütəxəssisləri kordinatlarını göstərərək ona məxsus torpağın sərhədlərini göstərmişlər. Çıxarış təqdim edilərkən göstərilən kordinatları pozmamışdır. Odur ki, iddianı əsassız sayır, iddiadan imtina edir. Əlavə olaraq bildirirmişdir ki, torpağının aşağı hissəsi Cavabdeh1 tərəfindən qanunsuz zəbt edilmişdir. Həmin ərizədə çıxarış aktında göstərilən xəritədə həmin ərazidə arada heç bir bələdiyyə torpağı əksini almamışdır. 2007-ci ildən bu vaxta kimi həmin torpaqlarda heç bir mübahisə olmamışdır. Lakin Cavabdeh1 Bələdiyyə ilə əlbir olaraq qanunsuz iş görmələri bu günkü gündə problemlər yaratmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən 0,35 ha hissəsi istifadə olunur. İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsindən 0.35 ha hissəsi şərq və cənub tərəfdən cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, mütəxəssis rəyinin alınması üçün iddiaçı tərəfindən 95 manat rüsum köçürülmüşdür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5 ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin olunsun. AN-1 seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ərazisində yerləşən İddiaçı mülkiyyətində (qanuni istifadəsində) olan 1,43 ha torpaq sahəsinin 0.35 ha hissəsi şərq və cənub tərəfdən (mütəxəssis rəyinə uyğun) Cavabdeh1 istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinın alınmasına görə ödənilmiş 95 manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-205/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-205/2024
07.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver