Məhkəmə qərarları › İş №2(067)-2084/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2084/2020

19.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2084/2020 19.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iсlas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh Xaçmaz rayon baytarlıq idarəsinin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Xaçmaz rayon baytarlıq idarəsinə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon baytarlıq idarəsinin onun işdən çıxarılması barədə xx.xx.2020-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, orta aylıq əmək haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın rəisi Ağali Ağabalayevin xx.xx.1987-ci il tarixli 38 nömrəli əmri ilə Xaçmaz rayon heyvan xəstəlikləri ilə mübarizə stansiyasına baytar vəzifəsinə qəbul edilərək həm sanitar həm də makinaçı işləmişdir. 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə şikayət yazıb operator vəzifəsinə keçirilməsini xahiş edəndən sonra xx.xx.2018-ci ildə həmin tarixli 4 nömrəli əmrlə kompüter operatoru vəzifəsinə keçirilmişdir. Onun bu vəzifəyə keçməsi idarənin rəisi Şirzad Mahmudovun xoşuna gəlməmişdir. Çünki o, onun və onunla işləyən vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə və saxtakarlığına etiraz etmişdir. xx xxxx 2020-ci ildə işçiləri Ağabəy Məmmədovun ad günü olmuş, karantin dövrü olmasına baxmayaraq rəis Ş.Mahmudov və onun saxtakarlığında iştirak edən əlaltıları məclis qurub, yeyib içəndən sonra sərxoş rəis ondan və sanitar işləyən bacısı Gülnarədən qonaqlıqda istifadə etdikləri qabların yuyulmasını tələb etmişdir. Onlar imtina etdiklərinə görə əsəbiləşən Ş.Mahmudov orada olan 5-6 nəfərə üzünü tutub demişdir ki, Gülnarə və Lenura bacıları ilə işləmə istəmir, siz də deyin ki, biz də istəmirik. xx.xx.2020-ci il tarixli 16 nömrəli əmri alanda bilmişdir ki, heç bir nöqsanı olmayan onu və bacısı X7 qanunsuz və əsassız olan əmrlə 34 ilin işçisini işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, o işinə bərpa edilib məcburi işburaxmaya görə 3 aylıq əmək haqqısı ödənilməlidir. Müdiriyyət Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla onun əmək müqaviləsini müəssisənin X2 qabaqcadan razılığı alınmaqla ləğv edə bilərdi. X1 işdən azad edilməsinə razılıq verən belə bir əsaslı qərarı olmamışdır. Müəssisənin X1 işdən azad edilməsinə razılıq verən qanuna uyğun qərarı yoxdur. Çünki belə bir iclas keçirilməmişdir. X3 təşkilatına əsaslandırılmış yazılı təqdimatı olmamışdır. Cavabdeh təşkilat Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cavabdeh təşkilatın rəhbəri intizam tənbehini ona intizamı pozmasını aşkar etdiyi gündən bir ay keçənə qədər verə bilər. İnztizam xətasının baş verdiyi müddət əmrdə və protokolda göstərilməmişdir. Çünki intizamsızlıq etməmişdir. Müdiriyyət əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv etsə də, həmin məcəllənin 71.2-ci maddəsinin tələbini pozmuşdur. Onun əmək funksiyasını pozmasının vəzifə borcunu yerinə yetirməməsinin nədən ibarət olmasını iş yerində istehsalın əmək və icra intizamının əmək kollektivinin hüquqlarını və ya qanunla qorunan mənafeyinə ziyan vurmasını aşkar etmədiyi üçün əmrdə qeyd etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 84cü maddəsinin tələbini pozub əmrin ləğv edilməsi üçün əsas hesab olunan təqdimatı Həmkarlar İttifaqı təşkilatı yığıncağının qanuna uyğun protokol qərarı, intizam tənbehinin verilməsinə əsas olan faktları özündə əks etdirən əmrdə göstərilən əsaslar olmadan əmək müqaviləsini ləğv edən əsassız əmr vermişdir ki, bu qanunun tələbinə əsasən əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahidqismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, iddiaçı bütün işlərə qarışır, işdə dedi-qodu yaradır. İdarəyə gələn vətəndaşlar bu vəziyyəti gördükdə təəccüblənib irad bildirirlər. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, İddiaçı idarədə söz-söhbət yaymaqla məşğul olmuşdur. İş yoldaşının maşını ilə işdən birlikdə çıxanda Lenura öz düşüncəsi ilə dərhal bu barədə xoşagəlməz söhbətlər yaratmışdır. Lenura daim onun təmiz adına ləkə vura biləcək söhbətlər yaradır. İş materiallarında olan Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin kompyuter operatoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən və digər sənədlərdən görünür ki, İddiaçı Xaçmaz rayon baytarlıq idarəsində kompyuter operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrinə əsasən Xaçmaz rayon baytarlıq idarəsinin kompyuter operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a -bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç -bəndinə əsasən əmək müqaviləsi işə götürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərin iyerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç -bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Belə ki, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin işdən çıxma əmrində də iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndində nəzərdə tutulan hansı hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç -bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin olunsun. Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilsin və İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin “kompyuter operatoru” vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz rayon baytarlıq idarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar