Məhkəmə qərarları › İş №2(067)-2098/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2098/2023

27.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2098/2023 27.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz şəhəri, 1 nömrəli notariat Kontoru tərəfindən xx.xx.2023-cü il tarixli, 4ə-661 nömrə ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsin dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Xaçmaz şəhərində yaşayan mərhum bacısı X6 yeganə övladı X10 xx.xx.2001-ci il tarixində vəfat etmişdir. Vəfat edən övladının qanuni vərəsəsi mərhum bacısı olmuşdur. X2 qalan miras vərəsəlik qaydasında X6 adına rəsmləşdirilmişdir. X11 xx.xx.2023-cü il tarixində evinə və torpaq sahəsi ilə bağlı sənədlərin alınması, həmin sənədlər əsasında mülkiyyətlərinə çıxarışın alınması və s. işlərdə onun adından çıxış etməsi üçün Cavabdeh1 xx.xx.2023-cü il tarixində etibarnamə vermişdir. Etibarnamənin verilməsinə səbəb isə övladının olmaması, ərinin vəfat etməsi, qardaşlarının Rusiya Federasiyasında olması, tək yaşaması və ağciyər ürək çatışmamazlığından əziyyət çəkməsi idi. İddiaçının bacısı X11 ağciyər ürək çatışmamazlığından xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Etibar edilən Cavabdeh1 həmin etibarnamə ilə iddiaçının mərhum bacısı X11 adına daşınmaz əmlakın reyestr xidmətindən **********13 reyestr nömrəli, ********** qediyyat nömrəli Xudat şəhəri ünvanında 0.04 ha olan torpaq sahəsinə çıxarış almışdır. İddiaçının mərhum bacısı X11 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Etibar edilən Cavabdeh1 iddiaçının bacısının vəfat etdiyini bildiyi halda, bundan sui- istifadə edərək notariat xidmətdən etibar edən X11 vəfat etdiyini gizlədərək qanunsuz hərəkətlərə yol verərək xx.xx.2023-cü il tarixində Xaçmaz şəhəri, 1 nömrəli notariat kontoruna gedərək mərhumənin adına olan **********13 reyestr nömrəli, ********** qediyyat nömrəli Xudat şəhəri ünvanında 0.04 ha olan torpaq sahəsini qızı Cavabdeh2 yəni etibar edilənin öz qızı ilə alqı-satqı etmişdir. Mərhum X11ya məxsus sənədlər və qızıl-zinət əşyaları Cavabdeh1 tərəfindən oğurlanmış və bununla bağlı DİNnin 102 xidmətinə şikayət edilmişdir. Araşdırma zamanı qızıl-zinət əşyalarının bir qismi Cavabdeh1 polis tərəfindən alınsa da digər qızıl zinət əşyaları və mərhumun sənədlərinin bir hissəsi Cavabdeh1 alınmamışdır. Hüquqlarını müdafiə etdiyi İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Dağıstan Respublikasında yaşayır. O, bunu bildikdən dərhal sonra qohumu olan X8 Dağıstan Respublikasının notariatına gedərək bu məsələnin hüquqi araşdırılması, dövlət qurumlarına və məhkəməyə müraciət etməsi üçün etibarnamə vermişdir. Xahişi odur ki, Xaçmaz şəhəri, 1 nömrəli notariat Kontoru tərəfindən xx.xx.2023cü il tarixli, 4ə-661 nömrə ilə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək müqavilənin etibarsızlığının nəticələrinin tətbiq edilməsi, həmin müqavilə əsasında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində qeyd olunanlar ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, özü xəstə qadındır. Arazova Raya ona xəstə olanda dedi ki, mənə gəl bax, ev də, qızıllar da - hər şey sənindir. O, da onun qulluğunda durmuşdur. O, onun paltarlarını yumuş, onun üçün su daşımış. Heç kəs gəlib ona xəstə olanda baxmırdı. Hətta öləndən sonra yas mərasimlərini də özü vermişdir. Evdə 3 və 7 mərasimlərini vermiş və qonşuları da dəvət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Hər bir şey qanunla olub. Saxta heç bir şey edilməyib. İş üzrə üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayonu 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X11 Xudat şəhəri ünvanında 0.04 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır.( etibarnamə əsasında) İş materiallarında olan DƏDRX-nin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından müəyyən olunur ki, X6 xüsusi mülkiyyətində Xudat şəhərində 0.04 ha torpaq sahəsi vardır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan müəyyən olunur ki, şəhadətnamə verilən miras əmlak DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********13 reyestr nömrəli, ********** qediyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xudat şəhəri ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan etibarnamədən müəyyən olunur ki, X11 xx.xx.2023-cü il tarixində evinə və torpaq sahəsi ilə bağlı sənədlərin alınması, həmin sənədlər əsasında mülkiyyətlərinə çıxarışın alınması və s. işlərdə onun adından çıxış etməsi üçün Cavabdeh1 xx.xx.2023-cü il tarixində etibarnamə vermişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. X16, anası Rəşidova Nənəxanımdır. İş materiallarında olan Arayışdan müəyyən olunur ki, xx.xx.2001-ci ildən xx.xx.2023-cü ilədək olan dövr ərzində X6 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışla Xudat şəhərində 0.04 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verilməsinə əsasdır. 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 600.1-ci madəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və X9 haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşdən göründüyü kimi, mübahisə predmetini Xudat şəhəri ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin Cavabdeh2 satılmasına dair alqı-satqı müqaviləsi təşkil edir. İşdəki mötəbər sənədlərdən görünür ki, X11 xx.xx.2023-cü ildə Cavabdeh1 Baləhməd qızına etibarnamə ( bütün əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və sair) vermişdir. X11 xx.xx.2023-cü il tarixdə ölmüş, bundan 8 gün sonra isə, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 Baləhməd qızı (X11 əvəzinə) həmin etibarnamədən istifadə etməklə daşınmaz əmlakı Cavabdeh2 satmışdır. Halbuki, yuxarıda qeyd edilən normaların dispozitiv şərtlərinə görə qeyd edilən etibarnamə xx.xx.2023-cü il tarixdə artıq qüvvədən düşmüşdür. Məhkəmə hesab edir ki, etibar edən əqd bağlanan ana kimi öldüyündən Cavabdeh1 Baləhməd qızı etibarnamə əsasında həmin torpaq sahəsini Cavabdeh2 sata bilməzdi. Başqa sözlə, məhkəmə hesab edir ki, səlahiyyəti olmayan şəxs, yəni Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixdə alıcı qismində iştirak edən Cavabdeh2 (yəni öz qızı) arasında bağlanmış alqı-satqı müqaviləsi (əqd) etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakın bu qaydada satılması mümkün deyil, çünki etibar edilən öz maraqları naminə etibardan sui-istifadə edərək torpaq sahəsini qızına satmışdır. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirməsinə baxmayaraq, qeyd edilən alqı-satqı müqaviləsində alıcısatıcı arasında hüquq və vəzifələrin yaranmasına dair onların subyektiv arzularının olmasına dair heç bir iradə ifadəsi əks olunmamışdır. Bu səbəbdən də İddiaçı hazırki tələbi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi qeyd edilən müqaviləyə əsaslanmaqla Cavabdeh2 adına qeydə alınmışdır. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıldığından etibarsızdır və onun əsasında verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Qüvvədə olan qanunvericiliyə görə xitam olunmuş etibarnamə vasitəsilə daşınmaz əmlakın bu qaydada özgəninkiləşdirilməsi qadağandır və vərəsəlik institutunun mahiyyətinə ziddir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Xudat şəhərində yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarış ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Xudat şəhərində yerləşən, ümumi sahəsi 0.04 ha olan torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış reyestrdən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar