Məhkəmə qərarları › İş №2(067)-2108/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2108/2021

26.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2108/2021 26.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X13 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh adına Xaçmaz rayonu, Qaradağlı kəndində 11.07.2019 -cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41 - 10301 reyestr nömrə ilə fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab edilməsi, mərhum X4nun mülkiyyətində olmuş “Mersedes” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili və anası Xalidənin mülkiyyətində olmuş, QAZ- 21 markalı , ** BE *** dövlət nömrə nişanlı avtomobillərin, onların mülkiyyətində olan 8 (səkkiz) baş qaramalların dəyərini qiymətləndirilərək onun payının müəyyən edilməsi, mərhum X4nun və mərhum X1nın adına Xaçmaz rayonu, Qaradağlı kəndində ümumi birgə mülkiyyətdə olan 0,75 ha torpaq sahəsinin həmin torpaq sahəsinə verilmiş JN-109 KOD 30207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na uyğun bölüşdürülərək onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Qaradağlı kəndində anadan olmuşdur. X1 04.01.2020-ci ildə vəfat etmişdir. X4 isə 27.11.2020-ci ildə vəfat etmişdir. O, özü ailə qurmamışdır. Anadan olduğu vaxtdan valideyinlərinin mülkiyyətində olan Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən evdə yaşamışdır. Onların ailəsi beş nəfərdən, yəni atasından, anasından, böyük bacısı Yeganədən, onun özündən və qardaşı İkramdan ibarət olmuşdur. Böyük bacısı Yeganə ailə qurub ayrı yaşayırdı. Qardaşı İkram da ailə qurub 10 ildən çox Bakı şəhərində yaşayırdı, onun 2 (iki) övladı olmasına baxmayaraq ailəsindən ayrılaraq 2005-ci ildə evlərinə qayıtmışdır. Qardaşı İkram ikinci dəfə Elnara adlı qadınla ailə qurub yanlarında yaşayırdı. İkinci gəlin Elnara onlarla yola getmədiyinə və onları zəhərləyəcəyi ilə hədələdiyinə görə valideynləri yaşadıqları Qaradağlı kəndində İkram üçün, onun adına ayrıca torpaq sahəsi alıb ev tikmişlər. Qardaşı İkram təzə tikdiyi evə köçməmişdir. Valideynləri yuxarıda göstərdiyi tarixlərdə vəfat edəndən sonra onun həyat yoldaşı Elnara mütəmadi olaraq onu hədələyir və təhqir edir. Həyat yoldaşı Elnaranın təhriki ilə qardaşı İkram atası Hörmətin mülkiyyətində olmuş “Mersedes” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobili və anası Xalidənin mülkiyyətində olmuş, QAZ- 21 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobili mənimsəmişdir. Qardaşı İkram Bakıda yaşadığı vaxt, 3 nəfər ailə üzvü olmaqla, onun, X4nun və X1nın adına JN -109 KOD 30207028 nömrəli, 02.04.1999-cu il tarixli, “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə verilmiş 0,75 ha torpaq sahəsini, həmçinin onların mülkiyyətlərində olan 8 (səkkiz) baş qaramalı da mənimsəmişdir. O, valideynləri vəfat edəndən sonra ona çatacaq əmlakla əlaqədar Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Notatiat Ofisinin notariusu F.Məmmədov ona müəyyən sənədlər əlavə etməklə ərizə ilə müraciət etməyi məsləhət görmüşdür. Bunu eşidən qardaşı İkram və həyat yoldaşı Elnara onun üstünə hücum etmişlər. Onlar ona əmlakla əlaqədar müraciəti olduğu halda onu öldürəcəkləri ilə hədələyirlər. Ona deyirlər ki, sənin adında heç bir əmlak yoxdur. Elnaranın hədələrinə və təhqirlərinə dözməyib o, qorxaraq məcbur olub tez-tez bacısı Yeganənin yanına gedib orada qalır. Ona məlum olmuşdur ki, cavabdeh - qardaşı İkram saxta sənədlər əsasında, valideynləri və onun razılığı olmadan yaşadıqları evi də öz adına keçirmişdir. Bunu dəqiqləşdirmək üçün vəkil vasitəsi ilə DƏDRX-nın 5 saylı Xaçmaz ərazi idarəsinə sorğu verilmişdir. Sorğuda torpaq sahəsinin və digər daşınmaz əmlak çıxarışlarınin surətlərinin verilməsi xahiş olunsa da yalnız sorğuya cavab verilmişdir. Evə qanunsuz olaraq, saxta sənədlər əsasında qardaşı İkramın adına çıxarışın verilməsi ilə əlaqədar DƏDRX-nin 5saylı Xaçmaz Ərazi İdarəsi işə maraqli tərəf kimi cəlb edilmişdir. Sorğuya cavabda göstərilmişdir ki, Cavabdeh adİna Xaçmaz rayonu Qaradağlı kəndində 11.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evi, İddiaçı və mərhum X4nun adına Xaçmaz rayonu, Qaradağlı kəndində ümumi birgə 0,50 ha torpaq sahəsinə verilmiş 02.04.1999-cu il tarixli JN-109 KOD 30207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” (3 nəfər ailə üzvü olmaqla) aşkar edilmişdir. Göründüyü kimi qardaşı İkram 0,75 ha torpaq sahəsini də qanunsuz olaraq zəbt etmişdir. Ona görə qeyd olunanlarla əlaqədar o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, ata mülkündə doğulub boya-başa çatmışdır. Ona görə də ona həmin evdən pay düşür. Bundan baqa atasının Mercedes markalı ** BX *** dövlət qeydiyyat nişanlı və QAZ-21 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşınları var. Həmin avtomaşınlar qiymətləndirilərək, onun payı müəyyən edilməlidir. Həmçinin o, gözünü açandan həyətlərində 8 baş qaramal olub, onlar da qiymətləndirilərək onun payı müəyyən edilməlidir. Bundan başqa mərhum anasının, atasının və onun ümumi birgə mülkiyyətində 0,75 ha pay torpaq sahəsi var və həmin torpaqdan da o, həm öz payını, həm də anası ilə atasının payını tələb edir. Həmçinin, adı çəkilən evə cavabdehin öz adına çıxarışı necə aldığını bilmədiyini, amma düzgün almadığını, yəqin ki, atasını məcbur etdiyini və evi öz adına keçirdiyini, avtomaşınların sənədlərinin atasının adına olduğunu və onların cavabdehdə olduğunu, sənədləri onun təqdim etməli olmadığını, həmin sənədlərin cavabdehdən alınmalı olduğunu bildirmişdir. O, 04 yanvar 2020-ci ildə ata mülkündən çıxmışdır və o vaxtdan hazırkı vaxtadək bacısının Xaçmaz şəhərindəki evində yaşayır. Mərhum anasının, atasının və onun ümumi birgə mülkiyyətində olan 0,75 ha pay torpaq sahəsindən ata-anasının vəfatından sonra cavabdeh istifadə edir. Buna görə o cavabdehdən təzminat da tələb edəcəkdir. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur və göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, onlar iki bacı, bir qardaşdırlar. Xaçmaz rayonunun Qaradağlı kəndində yerləşən evini atası Hörmət Müslümov sağlığında, 19 avqust 2018-ci ildə ona notarial qaydada bağışlayıb və bu müqavilə əsasında 11 iyul 2019-cu ildə evə mülkiyyət hüququna dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilib. Həmin çıxarışın verilməsi üçün heç bir əsas yoxdur. Ona görə ki, atası könüllü olaraq dövlət orqanı olan Xaçmaz rayon 1 saylı notariat kontoruna gedərək evini ona bağışlayıb. Səbəbi də odur ki, sağlığında iddiaçı özü atası və anası ilə yola getmirdi, atası da yeganə oğlu kimi evini ona bağışlamışdı. Mercedes Benz markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını da atası Hörmət Müslümov sağlığında, özü artıq avtomobildən istifadə edə bilmədiyinə görə alqı-satqı yolu ilə 30 yanvar 2018-ci ildə onun adına keçirib və onun adına həmin avtomaşına dair qeydiyyat şəhadətnaməsi verilib və həmin sənədi məhkəməyə təqdim etmişdir. İddiaçının tələb etdiyi digər avtomaşının, yəni QAZ-21 markalı avtomaşının sənədləri isə ümumiyyətlə yoxdur. Həmin avtomaşın uzun illərdir həyətlərində istifadəyə yararsız halda atılıb qalıb, avtomaşının mühərriki yararsız haldadır, özü pas atmışdır, bir sözlə istifadəyə tam yararsızdır. Sağlığında atası onu metal qəbulu yerinə vermək istəyirdi. İddiaçının mal-qara tələbini də qəbul etmir. Ona görə ki, atası sağlığında bütün mal-qarasını satmışdı. Sonradan o, özü üçün mal-qara almış və hazırda özünün 5 baş mal-qarası var. Əgər iddiaçı atasına məxsus hansısa mal-qaranın olduğunu iddia edirsə, bu barədə sübutlarını təqdim etsin. İddiaçının tələb etdiyi 0,75 ha torpaq sahəsinə gəlincə, elə bir torpaq sahəsi ümumiyyətlə mövcud deyil. Atası ilə iddiaçının paylı mülkiyyətinə verilmiş 0,50 ha pay torpaq sahəsi var və iddiaçı oradan özünə düşən payı istədiyi vaxt ala bilər. Amma atasının payının iddiaçıya verilməsinə etiraz edir. Ona görə ki, atası ilə anasının vəfatından sonra həmin torpaq sahəsindən o, istifadə edir. Həmçinin, hesab edir ki, bağışlama müqaviləsi tam qanuna uyğun şəkildə bağlandığına görə onun əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Atası ilə anasının vəfatndan sonra həmin torpaq sahəsindən özü istifadə edir, bunu iddiaçı özü də etiraf edir. Digər bacısı da çoxdan ailə qurub ər evinə köçüb və onun ümumiyyətlə evlə, torpaqla əlaqəsi olmayıb. Anası ilə arvadının münasibətləri yaxşı olmuşdur, amma iddiaçı hər dəfə araya girib onların münasibətlərini pozmağa çalışmışdır.Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir.. Məhkəmə iclasında İddiaçı vəkili X17 bildirmişdir ki, cavabdeh Bakı şəhərində yaşamış, sonradan ata evinə gəlmişdir. Ona görə ona pay torpaq sahəsi də ayrılmamışdır. İddiaçının tələb etdiyi avtomaşınlar atasının adına olmuşdur, cavabdeh onların sənədlərini təqdim edəcəyi halda, avtomaşınlar qiymətləndirilərək iddiaçının payına düşən hissə ona verilməlidir. İddiaçının yaşamağa başqa yeri yoxdur. Cavabdeh üçün valideynləri sağlığında yer alıb ev də tikiblər. Hazırda cavabdehin iki evi var, bir evi yaşaması üçün bacısına verə bilər. Onun fikrincə cavabdeh atasını məcbur edərək, hədə qorxu yolu ilə Xaçmaz rayonunun Qaradağlı kəndində yerləşən evin ona bağışlanmasına nail olub. Malqara da qiymətləndirilərək iddiaçının payı verilməlidir. Ona görə ki, mal-qaranın mövcudluğu faktdır. 0,75 ha pay torpaq sahəsindən də iddiaçının özünün payı, həm də valideynlərinin payından ona düşən hissə ayrılıb iddiaçya verilməlidir. Valideynləri öləndən sonra həmin torpaqlardan cavabdeh istifadə edir, və o, əldə etdiyi mənfəətdən iddiaçının payını verməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-T seriyalı 160486 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Xaçmaz rayon, Qaradağlı kəndində anadan olmuşdur. Onun X4, X1dır. İş materiallarında olan AZE seriyalı 00363095 saylı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Müslümova Yeganə Hörmət qızı 25.11.1963-cü il tarixdə Xaçmaz rayon, Qaradağlı kəndində anadan olmuşdur. Onun X4, X1dır. İş materiallarında olan AZ-İİ seriyalı 059448 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 04.01.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz RİHB yanında Hülövlü kənd İƏD Nümayəndəliyinin 01.06.2021-ci il tarixli 20 saylı vəkil sorğusuna cavab məktubundan müəyyən olunur ki, Xaçmaz rayon, Qaradağlı kəndində yaşayan və qeydiyyatda olan Cavabdeh adına rəsmi 0,0175 ha həyətyanı torpaq sahəsi və 99,2 metr kvadrat ümumi sahəsi olan fərdi yaşayış evi vardır və Xaçmaz rayon, Qaradağlı kəndində yerləşir. Cavabdeh həyat yoldaşı X9 adına rəsmi həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi yoxdur. İş materiallarında olan DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01.06.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh adına Xaçmaz rayonu, Qaradağlı kəndində 11.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********41-10301 reyestr nömrəli çıxarışa əsasən fərdi yaşayış evi, İddiaçı və X7 adına Xaçmaz rayonu, Qaradağlı kəndində ümumi birgə mülkiyyətdə 0.50 ha torpaq sahəsinə verilmiş JN-109 KOD 30207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı (3 nəfər ailə üzvü olmaqla, 02.04.1999-cu il tarixli) aşkar edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat ofisinin 25.05.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunur ki, 04.01.2020-ci ildə vəfat etmiş X6 və 27.11.2020-ci ildə vəfat etmiş X11 məxsus olan əmlaklara dair Cavabdeh və İddiaçı tərəfindən hal-hazırki günə kimi vərəsəliyin qəbulu ərizəsi ilə notariat ofisinə müraciət edilməmişdir. İş materiallarında olan 19.08.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, X2 rayonu, Qaradağlı kəndində yerləşən ümumi sahəsi 93.5 kv. metr olan fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. İş materiallarında olan 11.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh adına Xaçmaz rayonu Qaradağlı kəndində 0,0159 ha həyətyanı torpaq sahəsi və 99,2 metr kvadrat ümumi sahəsi olan fərdi yaşayış evi vardır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-BX-*** dövlət nömrə nişanlı, MERCEDES BENZ 220 minik markalı avtomobil alqı-satqı müqaviləsi əsasında 30.01.2018-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 02.07.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X12 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub - olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mülki Məjəllənin 1243-jü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci və 1246-cı maddələrinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbayjan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi jəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki jəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərjlərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir və s. Azərbayjan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-ju il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərənjam verməsi sahəsində müvaftq işlər görmüşsə – binanın təmiri, həyətyanı torpaq sahəsini bejərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs, miras qoyanın dəfn etmə xərjlərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərjini anjaq pul şəklində tələb edə bilər, xərjinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı və cavabdehin valideynlərindən X8 04.01.2020-ci il tarixdə, X14 isə 27.11.2020-ci ildə vəfat etmişdir. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan müəyyən olunur ki, 27.11.2020ci il tarixdən X11 məxsus olmuş əmlaka miras açılmış hesab edilir. Bununla yanaşı mübahisə predmeti olan fərdi yaşayış evi 11.07.2019-cu il tarixdən, “Mersedes” markalı, ** BX *** dövlət nömrə nişanlı avtomobil isə 30.01.2018-ci il tarixdən cavabdehin mülkiyyətindədir. Qeyd edilən əmlaklar miras qoyanın sağlığında bağışlama və alqı-satqı müqavilələri əsasında cavabdehin mülkiyyətindədir və həmin əmlaklar Mülki Məcəllənin 1151-ci maddəsinin tələbləri baxımından miras kütləsinə daxil deyil. Bu baxımdan mirasa daxil olmayan əmlaklardan iddiaçının öz payını tələb etməsi əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə 11.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********41 - 10301 reyestr nömrə ilə fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair hissədə də iddianı əsaslı hesab etmir. İddia tələbinin digər əmlaklara aid hissəsi barədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən mirasın qəbulu müddətinin ötürülməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından iddiaçı mirasın qəbulu müddətini ötürdüyündən yalnız məhkəməyə müraciət etməklə mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilər və məhkəmə buraxılmış müddəti üzürlü saydıqdan sonra mirasdan öz payını tələb edə bilər. Yalnız mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı olduğu halda miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin iddiaçı, ümimiyyətlə, mirasın qəbulu müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Bununla yanaşı cavabdeh mübahisə predmeti olan əmlaklardan torpaq sahəsindən başqa digər əmlakların ümumiyyətlə miras əmlaka daxil olmadığını bildirərək, iddianı qəbul etmədiyindən həmin əmlakların miras kütləsinə daxil olmasını sübut etmək vəzifəsi MPMin 77-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Lakin iddiaçı tərəfindən göstərilən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti, incumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsindən iddiaçının payının ayrılmasına dair hissədə iddianın təmin edilməsinə etiraz etmədiyini göstərsə də, iş materiallarından iddia ərizəsində göstərildiyi kimi JN-109 KOD 30207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X7 və X3 adına Xaçmaz rayonu, Qaradağlı kəndində ümumi birgə mülkiyyətdə olan 0,75 ha torpaq sahəsinin verilmədiyi, həmin şəhadətnamə əsasında 0.50 ha torpaq sahəsinin 3 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətinə verildiyi müəyyən edilir. İddiaçı tərəfindən JN-109 KOD 30207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən mövcud olmayan 0,75 ha torpaq sahəsinin bölünməsi tələb edildiyindən məhkəmə iddia tələbini torpaq sahəsinin bölünməsinə dair hissədə də əsaslı hesab etmir. “Məhkəmələr və hakimlər haqqında” AR-nın Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı miras əmlakda payların müəyyən edilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar