Məhkəmə qərarları › İş №2(067)-2125/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2125/2021

23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2125/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi mülkiyyət hüquqlarının özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi mülkiyyət hüquqlarının özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar. Qanunvericiliyin qeyd edilən normasının məzmunundan göründüyü kimi mülkiyyət hüquqlarının ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə hüquqi faktın müəyyən edilməsi qaydasında baxılması nəzərdə tutulmamışdır. Qeyd edilənlərlə yanaşı ərizəçi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi ərizədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi göstərilmişdir. Xüsusi icraat işlərində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iştirakı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi mülkiyyət hüquqlarının özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə, həmçinin ərizənin forma və məzmununa riayət etməklə yenidən müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinin tələblərinə əsasən ərizənin icraata qəbul edilməsindən imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi mülkiyyət hüquqlarının özünə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə, həmçinin ərizənin forma və məzmununa riayət etməklə yenidən müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar