Məhkəmə qərarları › İş №2(067)-2171/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2171/2022

24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2171/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu Valeh Rəfixanovdan miras qalmış Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0.018 ha torpaq sahəsinə münasibətdə mirasın tərəfindən qanun üzrə vərəsəlik hüququ əsasında faktiki qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X5 ilə birgə nikahlarından xx.xx.1978-ci il təvəllüdlü X7 doğulmuşdur. Birgə nikahlarından Valehdən başqa iki uşaqları da vardır. Həyat yoldaşı Nemət Rəfixanov xx.xx.2006-cı ildə vəfat etmiş, oğlu Valeh Rəfixanov isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Oğlu Valeh vəfat edən günə qədər ailə qurmamışdır. Oğlunun vəfatından sonra onun birinci növbəli vərəsəsi olaraq tək o, qalmışdır. Xaçmaz rayonunun Yalama kəndi ərazisində paylı mülkiyyət olan 0.11 ha həyətyanı torpaq sahəsindən 0.018 ha hissəsi oğlundan miras qalmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən digər övladı Nailə Rəfixanovanın adına rəsmiləşdirilmişdir, lakin çıxarışda 0.11 ha toraq sahəsinin paylı mülkiyyətçiləri kimi Nailə Rəfixanova və mərhum Valeh Rəfixanov göstərilmişdir. Həmçinin çıxarışda paylı mülkiyyət olan torpaq sahəsinin 0.092 ha hissəsi Nailənin, 0.018 ha hissəsi isə Valehin mülkiyyətinə aid olduğu qeyd edilmişdir. oğlu Valehin vəfatından sonra onun birinci vərəsəsi olaraq ondan miras qalmış Xaçmaz rayonu Yalama kəndi ərazisində yerləşən 0.018 ha toraq sahəsinə münasibətdə mirası faktiki qəbul etmişdir. Belə ki, 2016cı ildən həmin torpaq sahəsini istifadə edir, əkib-becərir və torpaq vergisini özü ödəyir. Miras əmlaka dair hər hansı bir şəxslə aralarında mübahisə yoxdur. Lakin o, oğlunun ölümündən sonra vərəsəlik şəhadətnaməsi almaq üçün Notariat orqanına müraciət etməmişdir. Yaxın vaxtlarda o mirasın qanun üzrə vərəsəlik yolu ilə adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon 1 saylı notariat ofisinə müraciət etmiş. Lakin 1 saylı notariat ofisi tərəfindən vərəsəlik işinin aparılmasından imtina edilmişdir. İmtinaya səbəb isə təqdim etdiyi sənədlərlə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. O, mirası faktiki idarə etməklə mirasa sahiblik edir. O, mirası qəbul etmiş tək vərəsədir. Miras əmlaka dair hər hansı mübahisə olmadığından hazırda mirasın qəbulu olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, oğlu Valeh vəfat etdiyi günədək ailəli olmayıb. Oğlundan miras qalmış torpaq sahəsindən faktiki 2016-cı ildən istifadə edir və həmin torpaq sahəsi hazırki günədək istifadəsində və sahibliyindədir. Miras əmlaka dair hər hansı şəxsə aralarında mübahisə yoxdur. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, Ərizəçi anası, X5 isə atasıdır. xx.xx.1978-ci il təvəllüdlü Valeh Rəfixanov doğma qardaşıdır. X14 xx.xx.2006-cı ildə vəfat edib. X10 isə xx.xx.2016-cı ildə vəfat edib. Qardaşının vəfatından sonra Xaçmaz rayonunun Yalama kəndi ərazisində yerləşən paylı mülkiyyət olan 0,11 ha həyatyanı torpaq sahəsinin 0,018 ha hissəsi ondan miras qalıb. Çıxarışa əsasən 0,11 ha torpaq sahəsinin paylı mülkiyyətçilər o və mərhum X10dur. Həmçinin paylı mülkiyyət olan torpaq sahəsinin 0,092 ha hissəsinin mülkiyyətçisi o, 0.018 hissəsinin mülkiyyətiçisi isə Valeh Rəfixanovdur. X8 vəfatından sonra onun birinci növbəli vərəsəsi olaraq yalnız anam miras qalmış Xaçmaz rayonunun Yalama kəndi ərazisində yerləşən 0,018 ha torpaq sahəsinə münasibətdə mirası faktiki qəbul edib, lakin qardaşımın ölümündən sonra 6 ay müddətində notariat orqanına müraciət edərək vərəsəlik şahadətnaməsi almayıb. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1952-ci ildə Xaçmaz rayonu, Tağar-oba kəndində doğulmuş, Xaçmaz rayonu, Yalama kəndində yaşayır. İş materiallarında olan RX seriyalı ******* saylı, xx.xx.2016-cı il tarixli, DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu, Yalama kəndi ərazisində 0.11 ha torpaq sahəsinin 0.092 ha hissəsi X3 və 0.018 ha hissəsi isə X4 xüsusi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Xaçmaz rayonu İcra Hakimiyyəti Yalama İnzibati Ərazi Dairəsinin xx.xx.2022-ci il tarixli 261 saylı arayışından müəyyə olunur ki, X7 xx.xx.1977-ci il tarixdə Xaçmaz rayonu Ləcət kəndində doğulmuş, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun birinci vərəsəsi kimi anası Ərizəçi qalmışdır. X4 ölümündən sonra miras qalmış Xaçmaz rayonu Yalama kəndi ərazisində 0.018 ha torpaq sahəsini anası Ərizəçi idarə etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən məyyən olunur ki, X7 xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikası, Məhərrəmkənd kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konsitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bunu nəzərə alaraq, hesab edir ki, miras qoyan şəxs vəfat etdiyindən, ondan miras qalmış əmlakla bağlı mülki münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə miras əmlakın kimin tərəfindən qəbul edilməsini araşdırarkən aşağıdakılara diqqət yetirmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə mərhum qohumundan miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan SSR Ali Məhkəməsinin Plenumu özünün 28 sentyabr 1979-cu il tarixli «Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələri haqqında» 5 №-li Qərarında göstərmişdir ki, vərəsə mirasa sahiblik, onlan istifadə və ona sərəncam verməsi sahəsində müvaftq işlər görmüşsə, binanın təmiri, həyətyanı torpaq sahəsini becərmək, məhsulu yığmaq və s. yaxud sığorta tədiyəsini və ev üçün vergini ödəmişsə, kirayəşinlərdən mənzil pulunu yığmışsa və b. hallar vərəsənin mirası faktiki surətdə idarə etməyə başlamasına və ya mirasa yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Şəxs miras qoyanın dəfn etmə xərclərini ödəmişsə, mirası qəbul etmiş vərəsələrdən çəkmiş olduğu xərcini ancaq pul şəklində tələb edə bilər, xərcinə görə miras əmlakın ona verilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə hesab edir ki, miras qalmış evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaması, həmin əmlaka münasibətdə iddiaçı tərəfindən mirasın qəbul edilməməsi və mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq məcəlləsinin 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Məhkəmə bütün yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, X2 miras qalmış Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0.018 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın qanun üzrə vərəsə kimi anası Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalmış Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0.018 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasın qanun üzrə vərəsə kimi anası Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 miras qalmış Xaçmaz rayonunun Yalama kəndində yerləşən 0.018 ha həyətyanı torpaq sahəsinə dair Ərizəçi adına mülkiyyət hüququnun təsdiq edən reyestr sənədi verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar