Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2183/2021 04.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı 27.10.2005-ci ildə anadan olmuş oğlu Nicatla birgə Cavabdeh faktiki sahibliyində olan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 2 mərtəbəli,5 yaşayış otaqlı evə yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 04 oktyabr 1997-ci ildə cavabdehin ata evinə gəlin köçərək faktiki ailə qurmuşlar, lakin cavabdehin səhlənkarlığı nəticəsində nikahları rəsmiləşdirilməmişdir. Birgə yaşadıqları dövrdə 4 övladları anadan doğulmuşdur. Uşaqlar hal-hazırda onun yanındadırlar. Cavabdehlə faktiki evləndikdən sonra onun atasına məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən evdə yaşamışlar. 2021-ci ildə isə münasibətləri pozulmuşdur. Cavabdehlə birgə yaşamaqları və birgə yaşayışlarından övladlarının olmasını bütün qohum əqrəba bilir. Cavabdehla evləndikləri ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Aralarında münasibətlər korlandıqdan sonra, cavabdeh onu evdən qovlamış, o, məcburiyyət qarşısında qalaraq, 2021-ci ildən valideynlərinin evində yaşayır. Onun cehiz əmlaklarının əksəriyyəti gəlin köçdüyü rəhmətə getmiş Xaspolad Məmmədova məxsus Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndindəki evdə qalmaqdadır. O, istəyir ki, gəlin köçdüyü həmin evə uşaqları ilə qayıdıb orada yaşamağa davam etsin. Lakin cavabdeh buna imkan vermir. Hazırki iddia ərizəsinin tərtibi ilə bağ|lı DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərək cavabdehin yaşadığı sənədlərin surətlərin verilməsini xahiş etmiş, həmin idarənin 11.06.2021-ci il tarixli, **********62 nömrəli məktubu ilə ona cavab verilmişdir ki, 5 saylı Xaçmaz İdarəsinin arxiv sənədlərinə əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evi dövlət reyestrində hal-hazırda 106 nömrəli qeydiyyat vəsiqəsilə X1 adına qeydə alınmışdır. X5 2012-ci ildə rəhmətə getmişdir. Hesab edir ki, o, faktiki nikah əsasında Cavabdeh Xaspolad oğlu ilə ailə həyatı quraraq onun valideynlərinə məxsus evə gəlin köçdüyündən həmin evdə yaşamaq hüququ əmələ gəlmiş və o, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən evdən istifadə hüququ tanınmalı və o, həmin evə köçürülməlidir. Hesab edir ki,bu mübahisəyə aralarında hüquq münasibətləri yaranan zaman 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 iyun 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, X2 adına Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində fərdi yaşayış evi (106 nömrəli qeydiyyat vəsiqəsi) həmin kənddə X2, X4 və X3 adına 0.59 ha torpaq sahəsinə verilmiş (09.12.1999-cu il tarixli) JN-423 KOD 30219088 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və 0.12 ha ( 5 nəfər ailə üzvü olmaqla, 12.04.2005-ci il tarixli) torpaq sahəsinə verilmiş JN-2383A kod 30219088 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh ilə 1997-ci ildə rəsmi nikaha daxil olduqdan, onların arasında yaranan hüquq münasibətləri həmin dövrün qanunvericiliyinə əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi hüquq münasibətlərinin yarandığı dövrdə özbaşına tikili olduğundan, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında faktiki nikah münasibətləri olsa da, onların nikahı rəsmi olaraq qeydə alınmamışdır. Daşınmaz əmlak isə cavabdehin atasına məxsusdur. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən iddiaçının həmin evdə yaşamaq hüququ təsdiq oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2183/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2183/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver