Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-22/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh Salmanov Şahin Mövsüm oğlunun iştirakı ilə İddiaçı Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə 07 iyun 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-5403 nömrəli kod 30305018 olan şəhadətnamənin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Quba ravyon Əlik bələdiyyəsinin 14 sentyabr 2006-cı il tarixli qərarı ilə ona «Qəmbə» adlanan yerdən 9 hektar boş sahə 15 il müddətinə icarəyə verilmişdir. 2016-cı ildə Salmanov Şahin Mövsüm oğlu Sumqayıt İnzibati-İqtisadi məhkəməsində Quba rayon Əlik bələdiyyəsi və ona qarşı iddia qaldıraraq bələdiyyənin qərarı ilə ona ayrılmış 80 hektar örüş sahəsini ona icarəyə verilmiş 9 hektar torpaq sahəsi ilə üst-üstə düşməsini bildirmiş və 14 sentyabr 2006-cı il tarixli qərarın ləğv olunmasını xahiş etmiş, məhkəmənin 30 aprel 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Məhkəmənin qərarında iddianın təmin olunmasına əsas kimi göstərilmişdir ki, iddiaçı Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadəyə dair JN-5403 saylı şəhadətnamə vardır və həmin şəhadətnamədə göstərilmişdir ki, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli qərarı ilə ona 80 hektar örüş ərazisi 15 il müddətinə icarəyə verilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, tərəfindən apellyasiya şikayəti verilməsi üçün Şahin Salmanovun adına olan JN 5403 saylı şəhadətnamə və onun verilməsinə əsas olan sənədlər götürülüb öyrənilərkən onların qanunsuz və saxta olması açıq aşkar görünür. Belə ki, həmin şəhadətnamədə göstərilmişdir ki, 09 avqust 2004-cü ildə verilmişdir. Şahin Salmanova torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003-cü il tarixli 03 saylı müqavilənin axırıncı abzasından isə görünür ki, müqavilə Quba rayon torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alınmışdır. İcarə müqaviləsi torpaq şöbəsində 25 iyul 2013-cü ildə qeydiyyata alındığı halda 9 il əvvələ, yəni 09 avqust 2004cü il tarixli şəhadətnamə necə verilə bilər? Halbuki bələdiyyə sənədləri torpaq şöbəsində qeydiyyata alındıqdan sonra sənədləşmə aparılaraq şəhadətnamə və ya digər qeydiyyat sənədi verilməlidir. Bu faktın özü həmin şəhadətnamənin qanunsuz olmasını təsdiq edən təkzibedilməz sübutdur. Lakin müqavilə və digər sənədlər saxta olduğundan X8 idmətinə müraciət etməmiş və 25 iyul 2013-cü ildə Quba rayon torpaq şöbəsində qeydiyyata aldıraraq əvvəlki illərə, yəni 09 avqust 2004-cü il tarixli şəhadətnamə əldə etmişdir. Şahin Salmanova torpaq sahəsinin icarə müddətinin guya 15 illik olması barədə saxta bələdiyyə müqaviləsinin 2-ci variantı da vardır ki, bu variantda müqavilənin axırıncı abzasında müqavilənin Quba rayon torpaq şöbəsində qeydiyyata alındığı 2013-cü il 2003 rəqəminə, müqavilənin 2.3 bəndində isə 10 il 15 il rəqəminə düzəliş edilmişdir. Həmin vaxt bələdiyyənin sədri olmuş X2 və müavini X5 bildirmişlər ki, 2003-cü ilin aprel ayında Şahin Salmanova 10 il müddətinə 80 hektar örüş sahəsi icarəyə verilmiş və 2013-cü ildə icarə müddəti başa çatmışdır. İcarə müddəti 15 il göstərilən sənədlər və onların adından edilmiş imzalar saxtadır. Əmrah Əmrahov həmçinin bildirmişdir ki, 2013-cü ildə Şahin ona müraciət edərək ona ayrılmış torpaq sahəsinin10 illik icarə müddəti bitdiyi üçün 15 illik sənəd almaq istədiyini bildirmiş, o Şahinə artıq bələdiyyədə işləmədiyini demişdir. Sonradan məlum olmuşdur ki, Şahin 15 illik saxta sənədlər əldə etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmış «müvəqqəti istifadə hüququ»na dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş «torpaqdan müvəqqəti istifadə»yə dair 19 avqust 2004-cü il tarixli JN 5403 saylı (kod ********) şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şahin Salmanovun adına olan torpaqdan müvəqqəti istifadə hüququna dair JN-5403 nömrəli şəhadətnamənin ləğv olunmaqla «müvəqqəti istifadə hüququ»na dair əsassız qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmasına dair əvvəlki iddiadan əlavə həmçinin Quba rayon Əlik bələdiyyəsi adından Şahin Salmanovla bağlanmış 15 illik 29 aprel 2003-cü il tarixli 03 saylı icarə müqaviləsinin də ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(067)-246/2019 nömrəli qərardadından müəyyən olunur ki, İddiaçı Salmanov Şahin Mövsüm oğluna və qeyrisinə qarşı torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin ləğv edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11.02.2020-ci il tarixli 2(105)-1077/2020 nömrəli qərardadından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2019cu il tarixli və 10 yanvar 2020-ci il tarixli qərardadları ləğv edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, JN 5403 saylı 30305018 kodlu torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarına əsasən 09.08.2004-cü ildə verilmiş, 15 il müddətində onun etibarsızlığı mübahisələndirilməmiş və müqavilə qüvvədə olmuşdur. Qeyd olunan torpaq sahəsinin ona məxsus olmasını iddiaçı bilmiş, dəfələrlə ona zəbt etdiyi torpaq sahəsinin ona məxsus olmasını deməklə qanunsuz inşa etdiyi tikililəri sökməsini təklif etmişdir. lakin iddiaçı hər dəfə bir bəhanə gətirməklə bundan boyun qaçırmış və onun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlərdən də görünür ki, torpaq sahəsi ona 15 il müddətinə icarəyə verilmiş və bununla bağlı lazımi sənədləşmə işləri də aparılmışdır. Bundan başqa cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. İş üzrə digər cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, Quba rayon Əlik bələdiyyəsinin sədri işləmişdir. 2003-cü ildə Şahin Salmanova 80 ha torpaq sahəsini 10 il müddətinə icarəyə vermişdir. 15 illik icarə müqaviləsinə onun tərəfindən mödhür vurulmayıb və o imza etməmişdir. Bələdiyyədən işdən çıxarkən möhüru İcra Hakimiyyətinə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, tərəflərin sənədləri üzrə torpaq sahələri üst-üstə düşür. Onlarda torpaq alqı-satqı sənədlərinin əsilləri saxlanmır, vətəndaşa verilir və vətəndaş mülkiyyət sənədi alır. Şahin Salmanovla 15 illik icarə müqaviləsi bağlanmış, müqaviləyə əsas isə əvvəlki müqavilə olub. Şahin əvvəlki müqaviləni təqdim edib, surətini çıxarıb bələdiyyə sənədlərinə əlavə etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, 1999- 2004-cü ilə kimi Quba rayonu Əlik bələdiyyəsinin sədr müavini, 2004-2009-cu ildə Əlik bələdiyyə sədri işləmişdir. Alqı-satqı müqaviləsinin əsilləri vətəndaşlara təqdim olunur, surəti bələdiyyə möhürü ilə təsdiq olunub arxivdə saxlanılır. O, müavin işlədiyi dövrdə Şahinə 10 illik icarə müqaviləsi tərtib olunub. 15 illik icarə müqaviləsində olan imza onun tərəfindən imza olunmayıb. İş materiallarında olan JN 5403 saylı 30305018 kodlu torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Quba rayon Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı ilə 80,0 hektar torpaq sahəsi Salmanov Şahin Mövsüm oğluna icarəyə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 aprel 2003cü il tarixli 03 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, X2 ilə Salmanov Şahin Mövsüm oğlu arasında Quba Əlik bələdiyyəsinin 03 aprel 2003-cü il tarixli 04 saylı qərarı əsasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən bəhər kimi Ağqayadan 100 metr aşağı hissədən 80,0 hektar torpaq sahəsi Salmanov Şahin Mövsüm oğlunun icarəsinə verilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07.06.2019- cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surəti çoxaldıcı elektrofotoqrafik çap qurğuda çap edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci və 2.1-ci bəndindəki «15 (on beş il)» əlyazılarda düzəlişlər müəyyən edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə kserosurət olduğu üçün həmin müqavilənin 2-ci və 2.1-ci bəndindəki «15 (on beş il)» əlyazılarda olan düzəlişlərin hansı üsulla aparıldığı, həmin yazıların yerində hansı ilkin yazıların olduğunu, həmçinin müqavilənin sonuncu vərəqindəki «2003» əlyazılarda düzəlişlərin aparılıb aparılmadığını müəyyən etmək mümkün olmadı. Müqavilənin 2-ci və 2.1-ci bəndindəki «15 (on beş il)» əlyazıları və həmin müqavilənin sonuncu vərəqindəki «2003» əlyazılarının icra müddətini müəyyən etmək məmkün olmadı. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09.10.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2.1 və 2.3-cü bəndlərində olan «15» əlyazmı rəqəmlərindən «5» rəqəminin yerində əvvəlcə «0» rəqəmi olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhifəsində olan «2003» əlyazma rəqəmlərindən ikinci «0» rəqəminin yerinə ağardıcı boya çəkilərək indiki rəqəm icra edilmişdir. Düzəlişlər yerli və intensiv olduğu üçün ilkin rəqəmi müəyyən etmək mümkün olmadı. 29 aprel 2019-cu il tarixli 03 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin sonuncu səhivəsindəki «İcarəyəverən» tərəfindən qrafasındakı Əlik bələdiyyəsinin möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17.10.2019-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli 4 saylı qərarından çıxarışın aşağı hissəsində «İclasın sədri» qrafasında «Q.Abdullayev» yazılarının önündəki imza; 29 aprel 2003-cü il tarixli aktın aşağı hissəsində «2» və «3» rəqəmlərinin qarşılarında «Q.Abdullayev» və «Ə.Əmrahov» yazılarının önlərindəki imzalar ABDULLAYEV QÜDRƏT AĞAJAN oğlu tərəfindən icra olunmuşdur. 29 aprel 2003-cü il tarixli 3 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 2-ci vərəqəsində «Tərəflərin imzası» hissəsində «İcarəyəverən» qrafasında «Abdullayev Y.A.» yazılarının önündəki imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Quba rayon Əlik bələdiyyəsinin 3 aprel 2003-cü il tarixli 4 saylı qərarından çıxarışın aşağı hissəsində «Katibi» qrafasında «Ə.Əmrahov» yazılarının önündəki imza – X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndindən görünür ki, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Bundan əlavə məhkəmə baxışı zamanı cavabdeh tərəf mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək iddia müddətini təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0-cı maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Salmanov Şahin Mövsüm oğlunun adına verilmiş «torpaqdan müvəqqəti istifadə»yə dair 19 avqust 2004-cü il tarixli JN 5403 saylı (kod ********) şəhadətnamə ləğv edilsin. Quba rayon Əlik bələdiyyəsi ərazisindəki 80 hektar torpaq sahəsinin Salmanov Şahin Mövsüm oğlunun adına qeydə alınmasına dair «müvəqqəti istifadə hüququ»na dair qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 247,04 manat məbləğində pul Salmanov Şahin Mövsüm oğlundan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Anar Sadıqov.
Məhkəmə qərarları › İş №2(067)-22/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-22/2021
07.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver