Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2212/2021 09.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilmə tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ləyaqətsiz vərəsə olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onlar 20 avqust 1993-cü il tarixdə rəsmi nikaha daxil olmaqla el adəti ilə toy məclisi edib ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 15.07.1994-ci il tarixdə Səidə və 02.05.1997-ci il tarixdə isə Səbuhi adlı iki uşaqları anadan olmuşdur. Cavabdehin günahı səbəbindən ailə münasibətləri pozulduğundan, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhəməsinin 21.12.2013-cü il tarixli 2(026)1214/3013 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra uşaqlarının hər ikisi onun yanında qalmışdır. Birgə nikahdan anadan olan uşaqlarının saxlanılmasında cavabdeh iştirak etməmiş, onların qayğıları ilə maraqlanmamış, qayğı göstərməmiş, uşaqların sosial tələbatları, təhsili, mənəvi inkişafı, sağlamlıqları ilə bağlı valideynlik qayğılarında heç vaxt iştirak etməmiş, uşaqların maraqlarına zidd hərəkətsizliyə yol vermişdir. Təkcə o, valideynlik vəzifəsini yerinə yetirərək hər iki uşağa qayğılarını əsirgəməmiş, böyüdüb ərsəyə çatdırmışdır, qızını el adəti ilə köçürüb ər evinə yola salmışdır. Oğlu Səbuhiyə isə 21 noyabr 2018-ci ildə toy məclisi edib, X1 evinə gəlin gətirmişdir. Onların birgə nikahından 05.07.2019-cu ildə Cavabdeh Səbuhi oğlu adlı bir uşaqları anadan olmuşdur. Cavabdeh hətta onunla birgə nikahdan doğulmuş uşaqların toy məclislərində iştirak etməmiş, həmin vaxtda da övladlarının xeyr işində də onlara heç bir yardım göstərməmiş, uşaqların saxlanılması üçün ödəməli olduğu alimenti qəsdən ödəməmişdir. Şəhid oğlu X4 2017-ci ildə həqiqi hərbi xidmətini tam və qüsursuz başa vurduqdan sonra öz istəyi ilə ordu sıralarına müddətdən artıq xidmətə getmiş, xidmətini Qusar rayonu ərazisində yerləşən N saylı kəşfiyyat batalyonunda keçirirmişdir. 27 sentyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlandığı vaxtdan oğlu Səbuhi də digər hərbçi yoldaşları ilə birlikdə döyüş bölgəsinə gedərkən döyüşlərdə iştirak etmişdir. X10 rayonunun Zərdişan kəndində gedən döyüşlərdə 06.10.2020-ci il tarixdə baş nahiyəsindən qəlpə yarası alaraq, xəstəxanaya daxil olmuş, həmin vaxtdan 6 ay müddətinə koma vəziyyətində müalicə olunmuş və nəticədə 15.04.2021-ci il tarixdə vəfat etmişdir, onun cənazəsi 16.04.2021-ci il tarixdə Xaçmaz rayonunun Maqsudkənd qəbirstanlığına gətirilərək dəfn olunmuşdur. Oğlu Səbuhinin koma vəziyyətində müalicə olunduğu müddətdə cavabdeh Babək bir ata kimi bir dəfə də olsun onun yanına gedib səhhəti ilə maraqlanmamış, onun dəfnində isə yad bir şəxs kimi iştirak etmişdir. Hesab edir ki, övladlarının yetkinlik yaşına çatmayan dövründən valideynlik vəzifələrini icra etməkdən yayınan, şəhid oğlu ölməzdən əvvəl koma vəziyyətində olduğu dövrdə onunla maraqlanmayan ata vicdanlı vərəsə ola bilməz. Cavabdeh, valideynlik vəzifələrini yerinə yetirməməklə özünün ləyaqətsizliyini açıq nümayiş etdirdiyindən, bundan başqa, şəhid oğlu Səbuhinin İİ Qarabağ müharibəsində iştirak edib ağır yaralanmasına və uzun müddət koma vəziyyətində olmasına belə əhəmiyyət vermədiyindən onun, vərəsəlik hüququndan istifadə edərək bəhrələnməsinə yol verilməməli, onun ləyaqətsiz vərəsə olduğu müəyyən edilməlidir. Göstərilənlərə əsasən o, məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq cavabdehlə 2013-cü ildə boşanandan sonra faktiki olaraq ayrı yaşadıqlarını, cavabdehin atasının maşınının oğlunun toyunda gəlin maşını olduğunu, lakin sonradan gəlini evə aparanda maşını tapa bilmədiklərini, başqa maşın axtarıb tapdıqlarını, cavabdehin oğlu üçün bəylik kostyumu aldığını, amma toyda iştirak etmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddinı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının dedikləri ilə razı deyilir. İddiaçı ilə 1993-cü ilin iyun ayında evlənmişlər. Birgə nikahlarından Səidə və Səbuhi adlı iki uşaqları anadan olmuşdur. 2013-cü il ilin dekabr ayında cavabdehlə boşanmışlar, lakin boşansalar da 4 il birlikdə yaşamışlar, iddiaçının və uşaqlarının bütün xərclərini o, özü ödəmişdir. Oğlunun hərbi xidmətə getməsində də o, özü iştirak etmişdir. Oğlunun toyunda da gəlin maşını onun maşını olmuş, oğlu üçün bəylik kostyumu da almışdır. Toya da onu qudası dəvət etmiş və toyda iştirak edib pul atıb getmişdir. İddiaçı özü oğlunun toyundan sonra oğlu ilə gəlinini evdən qovmuşdur, onlara da o, baxmışdır. İddiaçının nəvəsinin harada doğulmasından belə xəbəri olmamışdır. Oğlu hərbi xidmətdə olanda onun ardınca Füzuli rayonuna getmiş, lakin oğlunu orada tapa bilmədiyindən sonra da Yevlaxa getmişdir. Oğlu komada olanda 8 dəfə yanına getmiş, karantinlə bağlı yollar bağlı olduğuna görə bundan sonra oğlunun yanına gedə bilməmişdir. Amma həkimlə hər gün telefonla danışmışdır. Hazırda oğlunun arvadı uşağı ilə birlikdə öz atasının evində qalır, qızının toyunu babası etmişdir. Lakin qızı onun istəmədiyi adamla qaçıb getdiyinə görə onunla bu günədək danışmamışdır. Sumqayıt şəhərində yaşayan qardaşı Hüseyn oğlunun yanına hər gün getmiş və ona məlumat vermişdir. O, oğlunun müalicə üçün xaricə aparılmasına görə bütün aidiyyatı təşkilatlara dəfələrlə məktublar göndərmiş, YAŞAT fondunun ona ev tikmək üçün 2400 manat pul ayırmışdır və o, bu halı iddiaçıya deməmiş, demək fikri də olmamışdır. Oğlunun dəfnində tabutun başında dayanmış və jurnalistlərə müsahibə vermişdir. Oğlunun qayğısını çəkməsəydi iddia ilə razı olardı. Ona görə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhəməsinin 21.12.2013-cü il tarixli 2(026)1214/3013 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydi pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 15.07.1994-ci il təvəllüdlü X5 və 02.05.1997-ci il təvəllüdlü Hüseynov Səbuhi Babək oğlu anaları İddiaçı yanında saxlanılmışlar. Məhkəmə aşağıdakılara əsasən iddianın əsassız olduğu qənaətinə gəlmişdir. İddiaçı iddiasını Cavabdeh oğlunun 15.07.1994-ci il təvəllüdlü X5 və 02.05.1997-ci il təvəllüdlü Hüseynov Səbuhi Babək oğlunun onun doğma uşaqları olmasına baxmayaraq, onlara övladlıq etməməsi, baxmaması ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbəli vərəsələr hesab olunurlar. Mülki Məcəllənin 1193.-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1203.1.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2.-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1203.3.-cü maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Mülki Məcəllənin 1176.1.-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2.-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərilməklə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsini, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsini şərtləndirən hallara aid deyil. İddiaçı irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olmadığı kimi, övladları olan cavabdehlərin ona qarşı yol verdiyini iddia etdiyi əməllər müvafiq məhkəmə tərəfindən də təsdiq olunmamışdır - bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Cavabdeh 02.05.1997-ci il təvəllüdlü Hüseynov Səbuhi Babək oğlunun ləyaqətsiz vərəsəsi hesab edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar yoxdur. Buna görə də, məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı ləyaqətsiz vərəsə hesab edilmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2212/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2212/2021
09.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver