Məhkəmə qərarları › İş №2(067)-2219/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2219/2022

06.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2219/2022 06.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızının və onun nümayəndələri X8 və X3 iştirakı ilə İddiaçı cavabdeh Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 06 oktyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında X2 fərdi yaşayış evi tikmək üçün ayrılmış JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.10 ha torpaq sahəsindən Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızı və digər şəxslərin çıxarılması, ərazinin boşaldılması, cavabdeh tərəfindən torpaqdan istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılmış maneələrin aradan qaldırılması, torpağın cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması, torpağın ona təhvil verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasında ona fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. JN-290A saylı, kodu 30217048 olan şəhadətnaməyə əsasən Xaçmaz rayonunun Müşüdoba kəndində onun xüsusi mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 13 iyul 2017-ci il tarixli **********21 nömrəli məktubu ilə müəyyən olunur ki, onun adına olan 0.10 ha torpaq sahəsinə dair verilmiş JN-290A saylı, kodu 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş, şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Nərəcan kənd İƏD-də nümayəndəsinin 19 dekabr 2017-ci il tarixli, 1163 nömrəli arayışı ilə müəyyən olunur ki, onun adına 0,10 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin torpaq sahəsi almış vətəndaşların siyahısından çıxarışdan görünür ki, 290cı sırada onun adına 0.10 ha torpaq sahəsi vardır. Xaçmaz rayon Mürşüdoba kəndinin baş planından Azərbaycan Respublikası DT və XK Xaçmaz rayon şöbəsinin müdrinin və Mürşüdoba bələdiyyəsinin sədrinin imzaları və möhürləri ilə təsdiqlənmiş çıxarışda qonşu X4 ayrılmış torpaq sahəsinin yanında 290 nömrəli torpaq sahəsi, yəni ona məxsus torpaq sahəsi göstərilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızı iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin göstərilən torpaq sahəsi ilə bağlı ona və digər ailə üzvlərinə qarşı əsassız iddialar 2016-cı ildən başlanılır. O, ilk əvvəl həmin iddianı Xaçmaz rayion məhkəmisində anası X5 qarşı qaldırmış və həmin iddia tələbi ilə bağlı sonuncu məhkəmə qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1348/2021 saylı, 07 iyul 2021-ci il tarixli qətnaməsi olmuşdur. Göstərilən qətnamə ilə iddia tələbi rədd edilmiş, qətnamədə iddianın rədd edilməsi üçün əsaslardan biri kimi o göstərilmişdir ki, iddiaçı iddia tələbini iddiaya cavab verməli olan şəxsə qarşı yönəltməmişdir. İş üzrə keçirilmiş məhkəmə araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi adına verilmiş JN-290 A, 302 17048 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair“ şəhadətnamə elektron baza məlumatlarında əks olunmamış və iş üzrə keçirilmiş ekspertizaların rəylərində qeyd edilmişdir ki, iddiaçının adına verilmiş həmin şəhadətnamədə göstərilən torpaq sahəsinin yerini dəqiqləşdirmək mümkün olmadığından həmin torpaq sahəsinin zəbt olunub-olunmadığını və Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 saylı qərarına əsassən onun qanuni istifadəsində olan 1200 kvm torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. 1200 kvm torpaq sahəsi Mürşüdoba bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 10 saylı qərarı ilə mülkiyyətinə verilməzdən əvvəl, yəni 1996-cı ildən istifadəsində olmuş, o vaxdan da o həmin torpaq sahəsini dəmir torla hasara alaraq istifadə etməyə başlamış və meyvə bağı əkmişdir. 2016-cı ilə kimi həmin torpaq sahəsi ilə bağlı hər hansı dövlət orqanı və yaxud fiziki şəxs heç bir iradını bildirməmişdir. İddiaçı 2003-cü ildən başlayaraq bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin yerləşdiyi cərgədə 0,10 ha torpaq sahəsindən istifadə edir, o həmin yeri hasara alaraq bağ salmışdır. İddiaçı 2017-ci ildə həmin 0,10 ha torpaq sahəsinə Mürşüdoba bələdiyyəsindən 40 illiyə icarə müqaviləsi almışdır. Ola bilər ki, iddiaçının adına verilmiş JN 290 A, 30217048 kodlu şəhadətnamə məhz həmin 0,10 ha torpaq sahəsinədir. Əlavə olaraq bildirmişdir ki, JN 290 A, 30217048 kodlu şəhadətnamə iddiaçının adına deyil. Məhkəmə iclasında cavabdehin nümayəndələri iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN-290A kod 30217048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə X1 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən isə müəyyən olunur ki, iddiaçının adı İddiaçıdur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçının soyadı və ata adı ilə şəhadətnamədə qeyd olunmuş soyadı və ata adı arasında fərq mövcuddur. Məhkəmə iclaslarında iddiaçıya mübahisə predmeti olan torpaq sahəsinə dair öz adına olan sənədi təqdim etməsi təklif olunsa da, iddiaçı həmin sənədi məhkəməyə təqdim etməmiş və əlavə olaraq bildirmişdir ki, sənəddə səhv yazılması özünün günahı deyil. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəddə (JN-290A kod ********) hüquq sahibinin ata adı fərqli yazılmışdır. Məhkəmə hesab edir ki, bu halda iddiaçının iddiaya münasibtdə subyektiv hüququnun olması mübahisəlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli n+əticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Abdullayeva (Hacıyeva) İlhamə Məmməd qızına qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar