Məhkəmə qərarları › İş №2(067)-2371/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2371/2022

04.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2371/2022 04.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və sair tələbə dair iddia ərizəsi üzrə mülki işə 04 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonunun Ləcət kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsində tikilmiş cavabdehin mərhum valideynlərinə məxsus, ümumi sahəsi 226 kv.m və yaşayış sahəsi 125 kv.m. olan ikimərtəbəli yaşayış evinə köçürməklə həmin evdən və həyətyanı sahədən, həmçinin həyətdə tikilmiş köməkçi tikililərdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 12 dekabr 1994-cü il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə üç uşaqları anadan olmuşlar. Uşaqlardan qızları Albina vəfat etmiş və digər qızları Albina və Sabrina ailə quraraq başqa yerlərdə öz evlərində yaşayırlar. Oğlu Elşad isə atası ilə birlikdə yaşayır. Cavabdeh ilə ailə qurduğu zaman onun valideynlərinə məxsus Ləcət kəndində yerləşən 0,18 ha torpaq üzərində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 226 kv.m., yaşayış sahəsi 125 kv.m. olan evə köçmüşdür. Cehiz əmlakını da həmin evə gətirmişdir. Həmin evə köçən zaman heç bir qeyd şərt qoyulmadan ev sahiblərinin və bütün ailə üzvlərinin tam razılığı və sevinci ilə evə köçmüş və hazıra kimi fasiləsiz həmin evdə tam mehribançılıqla ailə üzvü kimi yaşamışlar. Cavabdehin valideynləri vəfat edənə qədər yaşlı və xəstə qaynata və qaynanasına daim xidmət və qayğı göstərmiş və onlar ondan həmişə razı qalıblar. Cavabdehin bir qolu olmadığından İ qrup əlil kimi həmişə qayğı göstərmişdir. Birgə yaşadıqları evin təmir işlərini həyata keçirmişdir. Ona və qızı Albinaya hərəsinə iş 0.65 ha torpaq sahələrini satıb evin məsrəflərinə sərf etmişlər. Həmişə işləmiş və qazandığı vəsaiti evin saxlanılması üçün xərcləmişdir. Beləliklə, evin təmirində yenidən qurularaq əlavələrin edilməsində böyük zəhməti olmuşdur. O cümlədən həyət çəpərlərini daşla tikdirmiş, evi təmir etmiş, evin damına qırmızı dəmir kirəmid qurdurmaqla təzələmişdir. Həyətdə əlavə mətbəx, hamam, sair yardımçı tikililər inşa etdirmişdir. Son illər cavabdehlə münasibətləri soyumuş, onun ona qarşı əsassız ittihamları, qısqanclıqları yaranmış və bunun nəticəsində aralarında mübahisələr olduğundan onu 6 ay bundan əvvəl evdən çıxarmışdır. Hazırda o, valideynləri ilə yaşamağa məcbur olmuşdur. Lakin valideyn evi çox darısqal olduğundan və qolsuz əlil adama ərə getməyə valideynlərinin razılığını almadığından, onun valideyn evində yaşamağı mümkün deyildir. Cavabdeh tərəfindən verilmiş nikahın pozulmasına dair iddia ərizəsi Xaçmaz rayon məhkəməsinin icraatmdadır. 1994-cü ildən hazıra kimi Ləcət kəndində yerləşən, cavabdehin mərhum valideynlərinə məxsus evdə ailə üzvü kimi yaşadığından, həmişə işləyib qazandığı pulu həmin evin təmirinə və yenidən qurulmasına xərclədiyindən, əmlakının hamısının həmin evdə qaldığından və başqa yerdə evi olmadığından, ev almağa və ya kirayə ev tutmağa maddi imkanı olmadığından onun həmin evdə yaşayış hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili izahatında göstərmişdir ki, iddiaçı 1994-cü ildə rəsmi nikahla cavabdehin valdeynlərinin evinə gəlin köçmüş və bütün cehiz, əmlaklarını həmin evə aparmışdır. Ondan sonra fasiləsiz olaraq həmin evdə yaşamış, işləmiş, çalışmışdır. Evi abadlaşdırmış, əlavələr etmiş, dam çəkmiş, hamam tikdirmiş, evi təmir etmişdir. Öz adına və qızlarının adına olan torpaq sahələrin də satıb evə xərcləmişdir. Ömrü boyu çalışmışdır. Xəstə qayınanasının və qayınatasının qulluğunda dayanmış, onlara yaxşı baxmış, halallıqlarını almışdır. Teymurla da münasibətləri yaxşı olub. Sonradan çıxan dedi-qodulara görə ayrılıblar. Gəlin köçdüyü ev 3 otaq, 1 balkon birinci mərtəbədə, 3 otaq, 1 balkon ikinci mərtəbədədir. Amma hazırda iddiaçının yaşadığı ev 2 otaqdan ibarətdir. O evdə atası, anası, bacısı, bacısının ailəsi yaşayır. Orada onun yaşaması üçün şərait yoxdur. Kirayə çıxada da bilməz. İmkanı yoxdur. İddiaçının həmin evdə yaşayış hüququ var. Həmin kənddə olan evlərin 90% -nin sənədi yoxdur. Xahiş edir, iddia təmin edilsin. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddia ilə qəti razı deyil. O, xahiş edir ki, komisiyya gəlib evə baxsın. Onlar iddia edir ki, evə pul qoyub. Hamısını o, özü eləyib. Burada dedikləri sözlərlə razı deyil. 2013-də mal-qara saxlamışlar. 2014-də iddiaçı işə girib. O vaxta kimi işləməyib. Qız nişanlananda pulunu ona xərcləyib. Xahiş edir ki, iddia təmin edilməsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər.Məhkəmə MPM-in 185.5.-ci maddəsini rəhbər tutaraq işə oların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunur ki, cavabdehin valideynlərinin mülkiyyətində olan 0,18 ha torpaq üzərində tikilmiş iki mərtəbəli, ümumi sahəsi 226 kv.m., yaşayış sahəsi 125 kv.m. olan evə köçmüşdür. Həmin evdə iddiaçı uzun illər yaşamış və təsərrüfatı birgə idarə etmişlər. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.1994-cü il tarixdə evlənmişlər. İş materiallarında olan Ləcət İƏV-nin 30 iyun 2022-ci il tarixli, 13 saylı arayışından müəyyən olunur ki, İddiaçı yaşadığı fərdi yaşayış evi Atluxan və Pəri Atluxanovlara məxsusdur. Evin ümumi sahəsi 226 kvm, yaşayış sahəsi 125 kvm-dir İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 497A KOD30215018 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Ləcət kəndində X1 və ailə üzvlərinə 0.18 ha torpaq sahəsi verilmişdir. İddiaçı öz tələbində .0.18 ha torpaq sahəsində tikilmiş yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçı həmin evə gəlin köçmüş və uzun illər həmin evdə yaşamışdır. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı cavabdeh ilə rəsmi nikaha daxil olduqdan sonra həmin evdə uzun müddət yaşamışlar. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini və yaradılmış maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək iddiaçının mübahisəli evə köçürülməsini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı cavabdehin istifadəsində olan Xaçmaz rayonu Ləcət kəndində yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış evinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. İddiaçı Cavabdeh istifadəsində olan Xaçmaz rayonu Ləcət kəndində yerləşən 0.18 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 226 kv.m və yaşayış sahəsi 125 kv.m olan ikimərtəbəli yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar