Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2381/2023 14.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr olan otağa mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən Xudat Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 25 nömrəli əmrinə əsasən Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr mənzil boşaldığı üçün istifadə və yaşamaq üçün ona verilmişdir. Həmin vaxt o Xudat şəhər X1 sahə rəisi vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi həmin mənzildə yaşayır. Lakin mülkiyyət hüququ qeydiyyata alınmır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Xudat şəhərində poçtda işləyərkən icra başçısına məktub yazmışdır ki, Xudat MİS-in balansında olan əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi qırmızı guşə kimi istifadə olunan otaq ona verilsin. Oranı ona vermişlər. O da həmin otağı əsaslı təmir etmiş, orada yaşamağa başlamış və hazırda da orada yaşayır, lakin mülkiyyət sənədi ala bilmir. Ona bildirmişlər ki, order verilməsi 2009-cu ildən dayandırılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xudat MİS rəisinin xx.xx.2011-ci il tarixli 25 saylı əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Xudat Mənzil İstismar Sahəsinin xx.xx.2011-ci il tarixli 25 nömrəli əmrinə əsasən Xudat Mənzil İstismar Sahəsinin balansında olan, əvvəllər 5 saylı məktəbin müvəqqəti istifadə etdiyi “Qırmızı guşə” kimi istifadə olunan 6x4=24 kv.metr sahəsi olan otaq boşaldığı üçün Xaçmaz şəhər sakini Xudat ATS-nin sahə rəisi İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası 30 iyun 2009-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahələri üçün orderin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Məhkəmə xüsusilə qeyd edir ki, ərizəçinin məhkəməyə təqdim etdiyi Xudat MİS rəisinin xx.xx.2011-ci il tarixli 25 saylı əmrindən çıxarışın surəti mülkiyyət hüququnun tanınması üçün heç bir əsas vermir. Ərizəçi ərizəsinin əsaslılığını təsdiq edən başqa heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2381/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2381/2023
14.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver