Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2415/2021 24.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bərpa edilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında çıxış edərək, izahatında bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 adına olan torpaq sahələri DƏDRX tərəfindən düzgün ölçülmədiyindən, DƏDRX tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışların ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında çıxış edərək, iddia tələbinin əsassız olduğunu bildirərək, rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməsi araşdırılmalıdır. Həmin Qərarın 3.1-ci və 3.2-ci bəndlərində görə: 3.1 xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası “İnzibati İcraat haqqında” Qanunun 2.0.1-ci maddəsində inzibati orqan anlayışının açıqlamasından görürük ki, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Plenumun Qərarının 5.1-ci maddəsində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X1 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə də, iddia ərizəsindən də göründüyü kimi, iddiaçının iddia tələbi daşınmaz əmlakın dövlət reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlıdır. İddiaçı ilə cavabdeh inzibati orqan arasında xüsusi hüququn əsasını təşkil edən münasibətlər aşkar edilmir, onların arasında ümumi(publik) münasibətlər mövcuddur. İddiaçı iddia edir ki, reyestrdəki qeydiyyatın aparılması inzibati orqanın qanunsuz hərəkəti nəticəsində baş verib, yəni iddianın hüquqi təbiətində inzibati-hüquqi tələb vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. İş materiallarında göründüyü kimi, İddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin bərpa edilməsi dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçının ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2415/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2415/2021
24.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver