Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2432/2020 07.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh Xaçmaz rayon baytarlıq idarəsinin nümayəndəsi X8, Cavabdehin vəkili X7, X1 iştirakı ilə İddiaçınun Xaçmaz rayon baytarlıq idarəsinə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon baytarlıq idarəsinin onun barəsində xx.xx.2020-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, əvvəlki xadimə işinə bərpa edilməsi və orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh təşkilata xx.xx.2008-ci ildə gözətçi işinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə həmin təşkilatda xadimə işinə keçirilmişdir. Əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri şərəflə yerinə yetirmişdir. xx xxxx 2020-ci ildə işçiləri Ağabəy Məmmədovun ad günü olmuş, karantin dövrü olmasına baxmayaraq rəis Ş.Mahmudov və onun saxtakarlığında iştirak edən əlaltıları məclis qurub, yeyib içəndən sonra sərxoş rəis ondan və bacısından qonaqlıqda istifadə etdikləri qabların yuyulmasını tələb etmişdir. Onlar imtina etdiklərinə görə əsəbiləşən Ş.Mahmudov orada olan 5-6 nəfərə üzünü tutub demişdir ki, Gülnarə və Lenura bacıları ilə işləmək istəmir, siz də deyin ki, biz də istəmirik. xx.xx.2020-ci il tarixli 16 nömrəli əmri alanda bilmişdir ki, heç bir nöqsanı olmayan onu və bacısı Lenuranı qanunsuz və əsassız olan əmrlə 31 ilin işçisini işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, o işinə bərpa edilib məcburi işburaxmaya görə 3 aylıq əmək haqqısı ödənilməlidir. Müdiriyyət Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla onun əmək müqaviləsini müəssisənin X3 qabaqcadan razılığı alınmaqla ləğv edə bilərdi. X2 işdən azad edilməsinə razılıq verən belə bir əsaslı qərarı olmamışdır. Müəssisənin X2 işdən azad edilməsinə razılıq verən qanunauyğun qərarı yoxdur. Çünki belə bir iclas keçirilməmişdir. X4 təşkilatına əsaslandırılmış yazılı təqdimatı olmamışdır. Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cavabdeh təşkilatın rəhbəri intizam tənbehini ona intizamı pozmasını aşkar etdiyi gündən bir ay keçənə qədər verə bilər. İnztizam xətasının baş verdiyi müddət əmrdə və protokolda göstərilməmişdir. Çünki o, intizamsızlıq etməmişdir. Müdiriyyət əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv etsə də, həmin məcəllənin 71.2-ci maddəsinin tələbini pozmuşdur. Onun əmək funksiyasını pozmasının vəzifə borcunu yerinə yetirməməsinin nədən ibarət olmasını iş yerində istehsalın əmək və icra intizamının əmək kollektivinin hüquqlarını və ya qanunla qorunan mənafeyinə ziyan vurmasını aşkar etmədiyi üçün əmrdə qeyd etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbini pozub əmrin ləğv edilməsi üçün əsas hesab olunan təqdimatı Həmkarlar İttifaqı təşkilatı yığıncağının qanunauyğun protokol qərarı, intizam tənbehinin verilməsinə əsas olan halları özündə əks etdirən əmrdə göstərilən əsaslar olmadan əmək müqaviləsini ləğv edən əmr vermişdir ki, bu qanunun tələbinə əsasən əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Rəis Ş.Mahmudovun xx.xx.2020-ci il tarixli 16 nömrəli əmrini və həmkarlar təşkilatının uydurma və yalan protokolunu qanunsuz və əsassız hesab edərək məhkəməyəqədər əmək mübahisəsinə baxmalı olan həmkarlar təşkilatının yerli komitəsinə xx.xx.2020-ci ildə ərizə verərək əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə aylıq əmək haqqı verilməsi barədə ərizə vermişdir. O, Ailənin qazanc gətirən yeganə üzvüdür və işlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, məhkəməyəqədər müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Əgər iddia müddətini ötürübsə də, bu üzrlü səbəblərdən olmuşdur. Belə ki, işə bərpa barədə iddia ərizəsini məhkəməyə gec verməsinə səbəb savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb-oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması ilə bağlı olmuşdur. İddia ərizəsinə baxılarkən bu halların nəzərə alınmasını xahiş etmişdir. (Bu barədə məhkəməyə ərizə təqdim etmişdir). Əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin iyul ayın sonunda əmək kitabçasının və əmrin surəti ona poçtla göndərilib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək iddiaçının iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, iddiaçı ilə bir yerdə işləməkləri çətindir. Yersiz söz-söhbətlər olur. İddiaçı və o sanitar işləyirlər və eyni işi yerinə yetirirlər. İddiaçı işini səliqəsiz yerinə yetirdiyi üçün dəfələrlə mübahisələri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X12 ifadəsində göstərmişdir ki, 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyinin göstərişi ilə iddiaçının vəzifəsi ixtisara düşdüyündən İddiaçı sonradan başqa işə keçirilib. İddiaçı hər gün işə gəlib ondan tələb etmişdir ki, işə bərpa olunsun. İddiaçı işlədiyi müddətdə işini yarıtmaz yerinə yetirmiş və daim davamiyyətsiz işçi olmuşdur. İş materiallarında olan Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin ştatdankənar sanitarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon baytarlıq idarəsinin xx.xx.2018-ci il tarixli 51 nömrəli əmrinə əsasən xadimə vəzifəsinə qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin ştatdankənar sanitarı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən 1.Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda sadalananlardan da göründüyü kimi, işdən çıxma əmri tərtib olunarkən Əmək Məcəlləsinin 84-cü maddəsinin (həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi) tələblərinə tam riayət edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh tərəf məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin işdən çıxma əmrində də iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndində nəzərdə tutulan hansı hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, cavabdeh təşkilat tərəfindən eyni tarixdə müxtəlif şəxslər barəsində eyni nömrə ilə, yəni “16” saylı nömrə ilə iki əmr verilmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-2084/2020 nömrəli qətnaməsindən və işdə olan əmrindən görünür ki, Xaçmaz Rayon Baytarlıq İdarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ilə İddiaçı adlı başqa bir şəxsin də əmək müqaviləsinə xitam verilmişdir. Hər iki əmrdən müəyyən olunur ki, əmrlər fərdi şəkildə bir şəxs barəsində verilib, buna baxmayaraq hər iki əmr eyni tarixdə və eyni nömrə ilə, yəni “16” saylı nömrə ilə qeydiyyata alınıb. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Bununla yanaşı məhkəmə iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı olaraq aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının iddia ərizəsinə iddia müddətini tətbiq edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Bu mövqeyini onuna əsaslandırmışdır ki, 2020-ci ilin iyul ayın sonunda əmək kitabçasının və əmrin surəti iddiaçıya poçtla göndərilib və iddiaçı həmin sənədləri aldıqdan sonar məhkəməyə iddia vermədiyində iddia müddətini ötürüb. Məhkəmə iclasında iddiaçı isə bildirmişdir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Eyni zamanda bildirmişdir ki, məhkəməyəqədər müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Əgər iddia müddətini ötürübsə də, üzrlü səbəblərdən olub. Belə ki, işə bərpa barədə iddia ərizəsini məhkəməyə gec verməsinə səbəb savadsız olması, latın qrafikasında azərbaycan dilində yazıb oxumağı bilməməsi, həmçinin Covid-19 virusunun mövcud olması ilə bağlı olmuşdur. İddia ərizəsinə baxılarkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin iyul ayın sonunda əmək kitabçasının və əmrin surəti ona poçtla göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-cı maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-cı maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-cı maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.[i]
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Yuxarıda sadalanan hüquq normalarından da göründüyü kimi, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə bu hal məhkəmə tərəfindən üzrlü sayıla bilər və iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ali təhsilli şəxs deyil, həmçinin o, orta təhsilini kiril əlifbasının tətbiq olunduğu dövrdə aldığından o, latın qrafikasında azərbaycan dilində yazıb oxumağı bilmir. Bununla yanaşı məhkəmə onu qeyd edir ki, dünyada mövcud olan Covid-19 virusunun yayılması ilə əlaqədar olaraq ayrı-ayrı fiziki şəxslərin bu halda müəyyən hüquqarını həyata keçirmələrində yubanmaların olması da anlaşılan olmalıdır. Belə ki, iddiaçı hazırkı iş üzrə iddia müddətini 3 (üç) ay ötürmüşdür. Məhkəmə qeyd olunanalar əsasən hesab edir ki, iddia müddəti iddiaçının savadsızlığı, həmçinin digər obyektiv hallarla bağlı ötürüdüyündən iddia müddətinin ötürülməsi üzrlü sayılaraq bərpa edilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi: İddia təmin olunsun. Xaçmaz rayon baytarlıq idarəsinin İddiaçı barəsində olan xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilsin və İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin ştatdankənar işçi sanitar (xadimə) vəzifəsinə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz rayon baytarlıq idarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Anar Sadıqov