Məhkəmə qərarları › İş №2(067)-2447/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2447/2022

23.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2447/2022 23.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Xaliq oğluna qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayonu Şollar kəndində yerləşən 0,10 ha torpaq sahəsində tikilmiş cavabdehə məxsus sahəsi 120 kv.metr olan evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2001-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Təxminən 21 ildir ki, cavabdehlə yaşayır. 2001-ci ildən 2013-cü ilə kimi Xudat şəhəri O.Mirzəyev küçəsi 80 ünvanında qayınatasına məxsus evdə ailəvi yaşamışdır. 2013-cü ildən hazıra kimi birgə nikah dövründə əldə edilmiş Şollar kəndində cavabdehin adına rəsmiləşdirilmiş 0,10 ha torpaq sahəsində tikilmiş evdə yaşamışlar. Onun bütün cehiz əmlakı və digər avadanlıqları, habelə qızıl zinət əşyaları cavabdehə məxsus evdədir. Cavabdeh onunla boşanacağını, mülkiyyətdən ona heç bir mülkiyyət hüququnun olmadığını bildirərək yaşayış evində xx.xx.2022-ci il tarixdən hazıra kimi yaşamaq və yaşayış sahəsindən istifadə hüququndan məhrum etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh onu döymüş, ona məxsus ev avadanlıqlarını və qızıl-zinət əşyalarını və ona məxsus sənədləri əlindən alaraq evdən qovmuşdur. Həmin vaxtdan da bacısının evində müvəqqəti məskunlaşmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər arasında nikah xx.xx.2001-ci ildə bağlanmışdır. İşə əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********25 nömrəli məktubundan görünür ki, Cavabdeh Xaliq oğlunun adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh 2001-ci ildə ailə quraraq bir yerdə mübahisəli evdə yaşamağa başlamışlar və birgə təsərrüfat aparıblar. Hazırda isə iddiaçının yaşayış yeri yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəsinin 28 iyun 2022-ci il tarixli 269 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı 2013-cü ildən hal-hazıradək Xaçmaz rayonu Susayqışlaq kənd İƏD-nin Şollar kəndində həyat yoldaşı Cavabdeh ilə birlikdə özlərinə məxsus evdə yaşayır. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəsinin 28 iyun 2022-ci il tarixli 268 nömrəli arayışından müəyyən olunur ki, Əliyev X3 rayonu Susayqışlaq kənd İƏD-nin Şollar kənd sakinidir, hazırda həmin kənddə yaşayır və onun adına 0,10 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 120 kv.metr olan yaşayış evi qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD üzrə nümayəndəsinin 05 iyul 2022-ci il tarixli 986 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu Susayqışlaq kənd İƏD-nin Şollar kəndində yaşadığı üçün xx.xx.2022-ci il tarixdən etibarən Xudat şəhər İƏD üzrə nümayəndəliyinin 02 nömrəli ev təsərrüftlarının uçotu kitabının 111 saylı şəxsi hesabından çıxarılmışdır. İş materiallarında olan Susayqışlaq bələdiyyəsinin 08 iyun 2022-ci il tarixli 49 nömrəli arayışından müəyyən olunur ki, Əliyev X1 bələdiyyəsinin Şollar kəndində onun mülkiyyətində 0,10 ha fərdi mənzil tikintisi üçün torpaq sahəsi və 120 kv.metr yaşayış evi vardır. İş materiallarında olan X6 İstismarı idarəsinin 29 aprel 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Əliyev X3 Regional Qaz İstismarı idarəsinin Xaçmaz Xidmət sahəsində qaz istifadəçisi kimi qeydiyyatdadır. **********4 saylı qaz sayğacından istifadə edir və təbii qazdan istifadəyə görə borcu yoxdur. İş materiallarında olan Susayqışlaq bələdiyyəsinin Müşfiq Mahmudova ünvanlanmış 29 iyul 2022-ci il tarixli 070 nömrəli məktubundan müəyyən olunur ki, Cavabdeh Susayqışlaq bələdiyyəsinin Şollar kəndində onun adına rəsmiləşdirilmiş 0,10 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə aid olan arxiv sənədləri o vaxtki Xaçmaz rayonu Şollar bələdiyyəsi tərəfindən Susayqışlaq bələdiyyəsinə təhvil verilmədiyinə görə təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan Şollar bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli 07 saylı qərarının surətindən müəyyən olunur ki, Şollar kənd sakini Cavabdeh fərdi mənzil tikintisi məqsədilə Şollar kənd ərazisindən 1000 kv.metr torpaq sahəsinin satılmasına icazə verilmişdir. Beləliklə iddiaçı cavabdehin istifadəsində olan Xaçmaz rayonu Şollar kəndində yerləşən yaşayış evinə köçürülməsini xahiş etmişdir. İş materialları və tərəfin izahatı ilə müəyyən edilmişdir ki, həmin ev inşa edilmiş və iddiaçı xx.xx.2022-ci il tarixə kimi həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Hazırda isə özünün yaşayış yeri yoxdur. İddiaçının köçmək istədiyi mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur. İddiaçı cavabdehlə ailə qurduqdan sonra müəyyən müddət həmin evdə yaşamışdır. İddiaçı son dövrlər cavabdehin onun mübahisəli evdə yaşamasına icazə vermədiyini bildirir, oraya köçürülməsini tələb edir. İş materiallarından görünür ki, tərəflər arasında ailə hüquq münasibətləri 2001-ci ildən yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olduğundan, cavabdehlərin həmin yaşayış evi üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının tikiliyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Xaçmaz rayonu Şollar kəndində yerləşən ev dövlət qeydiyyatına alınmamışdır. İddiaçı 2001-ci ildə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onlar yaşadıqları evdə ümumi təsərrüfat aparmışlar. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. İddiaçı Xaçmaz rayonu Şollar kəndində yerləşən Cavabdeh Xaliq oğlunun (məxsus) istifadəsində olan 0,10 ha fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsi üzərində tikilmiş (120 kv.metr sahəsi olan) evə köçürülsün. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar