Məhkəmə qərarları › İş №2(067)-2487/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2487/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2487/2020 26.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair işə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, Cavabdeh Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və iddiaya ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırkı iddia evə mülkiyyət hüququnun tanınması və ya başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı iddia tələbi kimi qəbul edilə bilməz. Ona görə ki, mübahisəli evə kredit borcuna görə tutma yönəldildikdən sonra ev cavabdehin sahibliyindən çıxmışdır. Əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi ilə bağlı vindikasiya iddiasının mahiyyəti isə əmlaka qanunsuz yiyələnməni və əmlaka sahibliyinin qanunsuz olduğunu bilə-bilə ona sahiblik etməni ehtiva edir. Həmçinin, mülki iş məhkəmənin icraatına daxil olarkən elektron portalda “əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi” kateqoriyası ilə deyil, “mənzildən çıxarılma” iddiası kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd edilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar