Məhkəmə qərarları › İş №2(067)-2654/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2654/2025

15.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2654/2025 15.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq 8 ildən artıq müddətdə faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə iki azyaşlı övladları ilə birlikdə yaşamaq hüquqlarının tanınması və mənzilə köçürülmələri, eyni zamanda Cavabdeh hərəkət (və ya hərəkətsizliyinə) hüquqi qiymət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə X19 ilə qeyri- rəsmi nikahla birgə ailə həyatı qurmuşdur. Həyat yoldaşı ilə birgə ailə münasibətlərindən xx.xx.2015-ci təvəllüdlü X25 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlarında övladları doğulmuşdur. Ailə münasibətində həyat yoldaşı ilə birlikdə təxminən 3 il müddətində kirayə evdə yaşamışlar. Sonradan təqribən 2017-ci ildə, mərhum qayınatası X12 və qayınanası X6 məxsus olan ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evin birinci mərtəbəsinə köçərək həyat yoldaşı X19 ilə və körpə övladları ilə birlikdə yaşamışlar. Həyat yoldaşı X19 cinayətlə bağlı təqsirləndirilən şəxs qismində həbs edilmişdir. Odur ki, iki azyaşlı övladları təkbaşına onun himayəsində qalmışdır. Onun qohumları ilə aralarında heç bir problemi yoxdur. Lakin həyat yoldaşının bacısı olan Cavabdeh heç bir səbəb demədən, özbaşınalıq edərək, onun evdə olmamağından istifadə edərək, heç bir məhkəmə qərarı olmadan qanuna zidd əməllərə yol verməklə, faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən iki mərtəbəli evin birinci mərtəbəsində olan əşyalarını çölə ataraq onu və iki azyaşlı övladlarını mənzildə yaşamaq hüququndan qanunsuz olaraq mərhum etmişdir. O, azyaşlı övladları ilə köçəri həyat yaşayır. ünvan 1 ünvanında yerləşən evin üzərində həyat yoldaşı X9 (və övladlarının) vərəsəlik hüquqları vardır. Cavabdeh şəxs Cavabdeh qanuna zidd əməlləri (hərəkət və ya hərəkətsizliyi) nəticəsində ona və iki azyaşlı övladlarına maddi və mənəvi ziyan dəymişdir. Belə ki, əşyalarının çölə atılması nəticəsində əşyalarının bəziləri yararsız hala düşmüşdür. Eyni zamanda qeyd olunan qanunsuzluqların nəticəsində iki azyaşlı övladları ilə çox çətin vəziyyətdə qalaraq köçəri həyat yaşamağa məhkum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 2 oğlu ilə kirayə mənzildə qalırlar, yoldaşı Dadaşov Cəlal həbs olunduqdan sonra onları evə buraxmırlar. Mənzildən istifadə edə bilmir. Ona görə də, 8 ildən artıq müddətdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə iki azyaşlı övladları ilə birlikdə yaşamaq hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. ünvan 1 ona və qardaşına valideyinlərindən qalıb. Qardaşı X1 Ülviyyə Əşrəf qızı ilə rəsmi nikaha daxil olaraq evlənmiş və Ülviyyə el adəti ilə toy edilərək ünvan 2 ünvanda yerləşən evə gəlin gəlmişdir. Birgə nikahlarından dörd qız övladları anadan olmuş və birlikdə həmin ünvanda yaşayırlar. Rəsmi nikahda olduğu müddətdə qardaşı İddiaçı ilə tanış olub onunla qeyri-rəsmi yaşamışdır. Lakin ailəsindən ayrılmamış mütəmadi evə gəlib-getmişdir. Qardaşı Cəlal İddiaçı ilə kirayədə müxtəlif ünvanlarda qalmışlar. Bir neçə il əvvəl Ülviyyə ilə onun etirazına baxmayaraq İddiaçı evə girib qardaşı Cəlalla yaşamağa başlamış, gəldiyi gündən evdə hər gün rəsmi nikahlı ailəsi ilə dava-dalaş salmış, bizi evdən çıxarıb özü yerləşməyə çalışmışdır. Qardaşı Cəlal narkotik vasitə istifadəçisidir, dəfələrlə məhkum olunaraq həbs edilmişdir. 2025-ci ilin iyul ayında yenidən narkotik vasitə istifadəsinə görə həbs edilmişdir. Bundan başqa, İddiaçı ilə aralarında onun evə köçürülməsi və ya istifadə hüququ ilə bağlı heç bir saziş və ya razılaşma olmamışdır. İddiaçının onlarla qohumluq əlaqəsi yoxdur, qardaşı Cəlalın isə həmin evdə rəsmi nikahda olduğu həyat yoldaşı X13, dörd qız övladı və o özü yaşayırlar. İddiaçının mənzilə köçürülməsinə qəti etiraz edirək iddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh yazılı etiraz ərizəsinə uyğun izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir. ünvan 2 ünvanda yerləşən ev mərhum anasının adına olmuş, qardaşı Cəlalın rəsmi nikahda olduğu arvadı X13 dörd övladı ilə birlikdə həmin evdə yaşayırlar. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. - nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 ilə X16 xx.xx.2016-cı ildə nikaha daxil olmuşlar. Qadın nikahdan sonra Dadaşova soyadını qəbul etmişdir. - doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, İddiaçı X19 ilə birgə münasibətlərindən iki övladları xx.xx.2015-ci təvəllüdlü X25 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşlar. - 3729 saylı “Ev sahibliyi üzrə texniki inventarizasiyanın kartoçkası”nın surətindən müəyyən olunur ki, X5 şəhər, H.Aslanov küçəsi 72 saylı evin həqiqi istifadəçisi sayılmış, evin 72 saylı texniki pasportu X10 adına işlənmişdir. - Xaçmaz şəhər Rayonlararası Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli Qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Aslanov küçəsi 72 saylı ev və torpaq sahəsi xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh və qeyrilərinə məxsusdur. - xx.xx.2025-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan qızı X7 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak buraxılış ili 1995ci il olan Opel Astra minik markalı 27BX503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. Hazırkı mübahisə üzrə həlledici məqam evin kimin mülkiyyətində olması və iddiaçının həmin evlə bağlı hər hansı hüquqlarının olub-olmamasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdehin X4 rəsmi nikaha daxil olmamışlar, bir müddət kirayədə yaşadıqdan sonra 2017-ci ildə azyaşlı uşaqları ilə Xaçmaz şəhəri, H.Aslanov küçəsi 72 saylı evə köçərək yaşamağa başlamışdır. X19 həbs olunduqdan sonra həmin evdən çıxmışdır. Hazırda iddiaçı cavabdehə qarşı evə istifadə hüququnun tanınması və evə köçürülmə barədə iddia qaldıraraq, azyaşlı övladları ilə birgə Xaçmaz şəhəri, H.Aslanov küçəsi 72 saylı evə yaşayış sahəsindən hüququnun tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə görə yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, Xaçmaz şəhəri, H.Aslanov küçəsi 72 saylı ev cavabdeh və qeyrilərinin mülkiyyətində olmuş, iddiaçının həmin evə dair hər hansı hüququ yaranmamış və mövcud olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2017-ci ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehin X4 2014-cü ildə nikaha daxil olmadan qeyri-rəsmi ailə münasibətlərinə girmiş, Xaçmaz rayonunda kirayədə yaşadıqdan sonra 2017-ci ildə cavabdehin yaşadığı və cavabdehin anasına məxsus olmuş mübahisəli evə daşınmışdır. Belə olan halda iddiaçının mübahisəli mənzildən istifadə hüququnun tanınması barədə tələbi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə təmin edilə bilməz. İddiaçı qeyri-rəsmi nikah münasibətlərində olduğu X14 iş üzrə cavabdeh qismində qoymamış, ona qarşı hər hansı tələb irəli sürməmişdir. Məhkəmə həmçinin iddiaçının mübahisəli evdə deyil, başqa ünvanda yaşamasını da nəzərə alaraq, hazırki iddianın əsassız olması qənaətinə gəlir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Beləliklə, işin hallarına əsasən iddiaçının mübahisəli evə köçürülməsi həmin yaşayış sahəsindən istifadə və sahiblik hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehin hazırda ailə üzvü (digər qohumu) olmadığından, onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququ mövcud deyildir. Odur ki, iddiaçının cavabdehə qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiasının təmin olunması üçün heç bir hüquqi əsas olmadığından iddia əsassızdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında qohumluq münasibətləri olmadığından iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Cavabdehin iddiaçıya məxsus əşyaları “çolə” atması ilə halı ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş və bü xüsusat iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iddiaçının sözügedən evdən istifadə hüququ olmadığı təqdirdə həmin yaşayış sahəsinə köçürülməsini qanunvericilik istisna edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar