Məhkəmə qərarları › İş №2(067)-272/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-272/2021

23.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-272/2021 23.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin nümayəndəsi X4, Cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına qarşı torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilməsi və sair tələbinə dair mülki işə xx xxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon Xaçmaz bələdiyyəsi məhkəmədə iddia qaldıraraq bələdiyyənin xx.xx.2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz bələdiyyəsinin xx xxxxx 2003-cü il tarixli 05 saylı qərarı ilə Cavabdeh1 ictimai iaşə obyektlərinin tikintisi üçün Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha olan torpaq sahəsi satılmış və bu barədə alqı-satqı aktı bağlanmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərinə əsasən ümumi istifadədə olan parkların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarı ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkından 0,30 ha torpaq sahəsinin xx xxxxx 2003-cü il tarixli 05 saylı qərarının və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında AR Qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilmiş və bu barədə Cavabdeh1 rəsmi məlumat göndərilmişdir. Bununla əlaqədar Xaçmaz bələdiyyəsinin 0,30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı və həmin torpaq sahəsinin DƏDRX-də aparılmış qeydiyyatı ləğv olunmalıdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 61 nömrəli xx xxxx 2003-cü il tarixli torpaqların alqısatqısına dair aktın surətindən müəyyən olunur ki, Cavabdeh1 Xaçmaz rayon Bələdiyyəsinə xx.xx.2003-cü ildə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyənin iclasında baxılmış və Xaçmaz bələdiyyə ərazisində 0,30 ha torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli 05 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində Cavabdeh1 tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına əvvəlcədən 10800000 manat ödənilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan X6 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən Camalova (Cavadova) Rəna Telman qızına verilmiş **********26 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, DƏDRX tərəfindən Camalova (Cavadova) Rəna Telman qızına verilmiş **********26 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üst-üstə düşür. İş materiallarında olan Xaçmaz bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli 10 saylı iclasının protokolundan çıxarışdan görünür ki, Xaçmaz rayonu Hacıəhməd oba kənd sakini Cavabdeh1 ictimai-iaşə obyektlərinin tikintiləri məqsədilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan Xaçmaz şəhər parkından 0,30 ha torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədəki Xaçmaz bələdiyyəsi xx xxxxx 2003-cü il tarixli 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndi və bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndindən görünür ki, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Bundan əlavəməhkəmə baxışı zamanı cavabdeh tərəf mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək iddia müddətini təqdim etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0-cı maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələd iyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Göründüyü kimi hazırki iddia tələbi üzrə MM-nin 384-cü maddəsinə əsasən iddia müddəti tətbiq oluna bilməz. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (xx xxxx 2003-cü il tarixli) alqı-satqı aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007ci il qeydiyyat tarixli reyestr qeydi ləğv edilsin. Həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsi boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri olan 95 manat məbləğində pulun 88 manatı cavabdeh Camalova (Cavadova) Rəna Telman qızından, 7 manatı isə iddiaçıdan alınaraq Kapitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 45 manatı cavabdeh Camalova (Cavadova) Rəna Telman qızından və 5 manatı isə iddiaçıdan alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar