Məhkəmə qərarları › İş №2(067)-290/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-290/2024

14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-290/2024 14.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Meyralı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Meyralı oğluna qarşı çıxarışın etibarsız hesab olunması və sair tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair vətəndaş X1 adma verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********49 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdehə məxsus “Leksus” markalı, ** FK *** dövlət nömrə nişanlı avtomobili 23000 manata almaq məqsədi ilə aralarında razılaşma olmuş, həmin puldan 13000 manatı on gün ərzində cavabdehə ödəmişdir. Sonradan cavabdehin oğlu avtomobilin satışına etiraz etdiyindən avtomobili cavabdehə təhvil vermiş, cavabdeh isə ödədiyi pulu qaytarmağa söz versə də, həmin pulu qaytarmamışdır. Məsələnin məhkəmə müstəvisinə çıxarmamaq üçün cavabdeh özü ona təklif etdi ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsində onun mülkiyyət hüququ ilə 0.06 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsini borclu olduğu pul əvəzinə ona versin. O da cavabdehin bu təklifi ilə razılaşmışdır. Cavabdeh və onun həyat yoldaşı həmin 0.06 ha torpaq sahəsinə dair tanışı X2 notariat qaydada təsdiq edilmiş birgə baş etibarnamə verdilər. Lakin qısa müddətdən sonra onlar həmin etibarnaməni notariat orqanına ərizə verərək ləğv etdirdilər. Bundan sonra o pul tələbinə dair cavabdehə qarşı məhkəmədə müvafiq iddia qaldırdı. Bununla bağlı məhkəmə mübahisələri olmuş, cavabdeh ödədiyi pulun əvəzinə Xaçmaz rayonunun Muxtadir kəndində olan ona məxsus torpaq sahəsini ona verməyə söz vermişdir. Bu fakt Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1777/2019 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(105)- 4055/2019 saylı və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(105)-2783/2020 saylı qətnamələrində öz əksini tapmışdır. Hazırda cavabdehə həmin torpaq sahəsinin adına keçirilməsini tələb etsə də, bundan imtina edir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini hansısa yolla vətəndaş X1 adına keçirmiş və göstərilən torpaq sahəsinə həmin şəxsin adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********49 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə şifahi qaydada razılaşaraq əqd bağlamış, cavabdeh Xaçmaz rayonu, Muxtadir kəndində yerləşən Seriya RX N° ******* nömrəli çıxarışa əsasən ona məxsus 6 sot torpaq sahəsini ona verəcəyinə söz vermişdir. Lakin buna baxmayaraq əmlakı hal-hazıradək adıma rəsmiləşdirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, əlavə olaraq izahatında bildirmişdir ki, çıxarışın etibarsız hesab edilməsini istəyir. İddiaçı ilə Cavabdeh Meyralı oğlu arasında 2015-ci il tarixdə “Leksus” markalı avtomobili almaq üçün razılaşma əldə olunmuşdur. Cavabdeh 23000 manata avtomobili satacaqdı. İddiaçı 13000 manat pulu vermiş qalan pulu isə 10 gün ərzində ödəcəyini söyləmişdir. Daha sonra cavabdeh avtomobili satmaqdan imtina etmişdir. Cavabdeh həmin pulu geri qaytarmağı söz versə də, geri qaytarmamışdır. Dəfələrlə müraciət də etmişdir. Bundan sonra cavabdeh Xaçmaz rayonu, Muxtadır kəndində yerləşən torpaq sahəsini iddiaçıya verməyə söz vermişdir. Torpaq sahəsini adına keçirməyi tələb etsə də, cavabdeh etməmişdir. Sonradan həmin torpaq sahəsi Hilal adlı şəxsin adına keçirilmişdir. Reysterdən çıxarış da alınmışdır. Hazırki iddia ilə müraciət edərək çıxarışın etibarsız hesab edilməsini və torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçirliməsini xahiş edir.Tərəflər arasında razılaşmadan başqa heç bir sübut yoxdur. Əlavə olaraq qeyd etmişdir ki, çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı hər hansısa bir rəsmi sənədi yoxdur. Məhkəmə iclasında Cavabdeh Meyralı oğlu iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yerləşən ilə 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh Meyralı oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-4055/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh Meyralı oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2019cu il tarixli, 2(057)-1777/2019 saylı qətnaməsi qismən, pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün iilik 5% olmaqla 1437 manat pulun Cavabdeh tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 0.06 ha torpaq sahəsinin planı və ölçüsü Cavabdeh Meyralı oğlunun adına işlənmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yerləşən ilə 0.06 ha həyətyanı torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin Hərrac Yekunları barədə 12/21 saylı Protokolundan müəyyən olunur ki: -Satılan əmlak: Cavabdeh Mehralı oğluna məxsus, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsidir. -Hərracın keçirilməsinə əsas: Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi əsasında verilmiş Xaçmaz rayon İcra Şöbəsinin 18 may 2021-ci il tarixli, 355- 20 saylı sifarişi olmuşdur. - Qalib alıcı- X3. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi şəkildə cavabdehə məxsus “Leksus” markalı, ** FK *** dövlət nömrə nişanlı avtomobili iddiaçının alması ilə bağlı razılaşma olmuş, həmin pulun bir qismini on gün ərzində cavabdehə ödəmişdir. Sonradan cavabdehin oğlu avtomobilin satışına etiraz etdiyindən avtomobili cavabdehə təhvil vermiş, cavabdeh isə ödədiyi pulu qaytarmağa söz versə də, həmin pulu qaytarmamışdır. İddiaçı borc pulun müqabilində cavabdehə həmin torpaq sahəsinin adına keçirilməsini tələb etsə də, bundan imtina edir. Cavabdeh ona məxsus torpaq sahəsini satmış, hazırda mübahisə olunan torpaq sahəsi Çıxarış əsasında X1 mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, mübahisələndirilən çıxarışdan görünür ki, "xxxx" MMC-nin Hərrac Yekunları barədə 12/21 saylı Protokol vasitəsilə X1 mülkiyyətinə keçmişdir. Hərracın yekunları mübahisələndirilməmiş və hərracın yekunları barədə protokol müvafiq qaydada əmlakın mülkiyyətçisi və əmlakın alıcısı tərəfindən imzalanmışdır. İddiaçı mübahisə olunan torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını iddia edərək, çıxarışın etibarsız hesab olunmasını tələb edir. İddiaçı mübahisələndirilən çıxarışın etibarsız olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim, mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə sübutlarla mübahisəli çıxarışın etibarsız olması halı təsdiq edilməmişdir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Qeyd edilən maddələrin birbaşa tələbindən görünür ki, əqdin etibarlılığı tərəf və ya tərəflərin iradə ifadəsindən asılıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin yuxarıda sadalanan hüquqi və faktiki hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, çıxarışın etibarsız sayılması üçün məhkəmə gedişatı zamanı əsaslar müəyyən olunmadığından və məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə prosesi gedişində iddiaçı mübahisələndirilən çıxarışın, habelə onun əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisələndirdiyi Çıxarış hərracın nəticələri əsasında Yekun protokolun imzalanması əsasında verilmişdir. Hərracın nəticələri ümümiyyətlə mübahisələndirməmişdir. Buna görə iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh Meyralı oğluna qarşı çıxarışın etibarsız hesab olunması və sair tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar