Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-292/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı yaşayış evindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqları 02 may 2015-ci il təvəllüdlü X1 və 06 iyul 2020-ci il təvəllüdlü X2 ünvan 1 ünvanda yerləşməklə iş üzrə Cavabdeh1 məxsus yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının bərpa edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, o, 17 aprel 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh1 ilə evlənmişdir. Cavabdehlə birgə nikahdan 02 may 2015-ci il tarixdə X3 və 06 iyul 2020-ci il tarixdə X4 adlı iki uşağı olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o Cavabdeh1 ayrılmışdır. Bir ilə yaxındır ki, Cavabdeh1 ayrılıb azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Lakin cavabdehlə aralarındakı nikah hal-hazıradək pozulmamışdır. Cavabdeh1 ilə evləndiyi zaman onun evinə ünvan 1 ünvanda yerləşən səkili, bir mərtəbəli yaşayış evinə gəlin köçmüş və özünə məxsus cehiz əmlakını da həmin evə aparmışdır. Həmin yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********7-10301 reyestr nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Cavabdeh1 ilə evləndiyi vaxtdan həmin evdə yaşamış və azyaşlı uşaqları da həmin evdə anadan olmuşlar. Cavabdeh1 ayrılıb valideynlərinin evinə qayıdandan sonra cehiz əmlakı cavabdehin həmin evində qalmışdır. Onun valideynlərinin evində azyaşlı uşaqları ilə birlikdə yaşamağı üçün yaşayış sahəsi darısqallıq təşkil edir. Ona görə də o azyaşlı uşaqları ilə birlikdə onun Cavabdeh1 məxsus, ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayış sahəsindən istifadə hüquqlarının bərpa edilərək həmin evə köçürülmələrini tələb edir. İş üzrə İddiaçı vəsatət verərək Cavabdeh1 qarşı qaldırdığı yaşayış evindən istifadə hüququnun bərpa edilməsinə və yaşayış evinə köçürülməsinə dair iddiası ilə əlaqədar mülki iş üzrə Cavabdeh1 əsl cavabdeh, onun atası Cavabdeh2 Əhməd oğlu ilə əvəz edilməsini xahiş etmiş, Xaçmaz rayon məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qərardadı ilə əsl olmayan Cavabdeh1 əsl Cavabdeh2 Əhməd oğlu ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun və azyaşlı uşaqlarının ünvan 1 ünvanda yerləşməklə cavabdehə məxsus evdə yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi və həmin evə köçürülmələrini xahiş edir. Cavabdeh1 ilə 2013-cü ilədək yataqxanada yaşamışlar. Mübahisəli evin tikintisində həyat yoldaşının zəhməti olmuşdur. Cavabdeh tərəf onu mübahisəli evə qeydiyyata salmadıqlarına görə hazırda atası evində qeydiyyatdadır. Həyat yoldaşı ilə aralarında rəsmi nikah pozulmamışdır. Həyat yoldaşı boşanma iddiası vermiş, lakin həyat yoldaşı özü məhkəməyə gəlməmiş, valideyninə, bacısına etibarnamə verdiyi üçün məhkəməyə getməmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2014-cü ildə mübahisəli evdə o yaşamışdır. Ev üçün çıxarış alana qədər evin sənədi torpaq haqqında şəhadətnamə olmuşdur. Daha sonra ərizə verərək çıxarış əldə etmişdir. İddiaçı onun evinə gəlin köçüb, əmlakları həmin evdədir. Mübahisəli evin kommunal ödənişlərini özü ödəyir, bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tаriхdə Cavabdeh1 ilə X5 аrаsındа nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Nurməmmədova” soyadı verilmişdir. -doğum haqqında şəhаdətnаmələrin surətindən görünür ki, 02 may 2015-ci il təvəllüdlü X3 və 06 iyul 2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ataları Cavabdeh1, anaları Nurməmmədova (Həsənova) Şahanə Xaləddin qızıdır. -xx.xx.2023-cü il tarixli mediasiya arayışından müəyyən olunur ki, Cavabdeh1 və İddiaçı ilkin Mediyasiya Sessiyasında iştirak etmişlər. Mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat ödəniş köçürülmüşdür. -Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 manat dövlət rüsumu köçürülmüşdür. -Qusar rayon Quxuroba kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 537 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Qusar rayon Ləgərqışlaq kənd sakinidir və hal-hazırda həmin kənddə yaşayır. -xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xudat şəhəri Tofiq İsmayılov küçəsi ev 17 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 94.8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış torpağın mülkiyyətə verilməsinə dair JN-1318A saylı 30202004 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə Cavabdeh2 Əhməd oğlunun və ailə üzvlərinin mülkiyyətinə 0,04 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2020-ci il tarixli, 4102 inventar nömrəli texniki pasportdan müəyyən olunur ki, Xaçmaz rayonu, Xudat şəhəri, T.İsmayılov küçəsində yerləşən 17 nömrəli yaşayış evinə dair Cavabdeh2 adına texniki pasport işlənmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.KM1 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bundan başqa Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki. iddiaçı cavabdehin gəlini, yəni oğlunun arvadıdır, oğlu ilə xx.xx.2014-cü il tarixdə nikah daxil olmuşlar, hazırda faktiki olaraq ayrı yaşayırlar. İddiaçının istifadə hüququnun verilməsini və köçürülməsini tələb etdiyi yaşayış sahəsi cavabdehin xüsusi mülkiyyətindədir. Hazırkı mülki iş üzrə tətbiq olunan mülki qanunvericiliyə əsasən mülkiyyətçinin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər şəxslərin isə yalnız mülkiyyətçi ilə bağlanmış və notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma əsasında yaşayış sahəsinə köçürülməsinə yol verilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ailə üzvü deyildir, iddiaçı ilə cavabdeh arasında hər hansı hüquqi bağlılıq, həmçinin tərəflər arasında yaşayış sahəsinə köçürülmə barədə notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehin ailə üzvü olmadığından, o cümlədən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında təsdiq edilmiş müqavilə mövcud olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 qarşı “yaşayış evindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülmə” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-292/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-292/2025
19.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver