Məhkəmə qərarları › İş №2(067)-2951/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2951/2024

18.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2951/2024 18.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən müayinə edilməsi və torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələrin aradan qaldırılması və cavabdehlərə bu cür maneələrin törədilməsinin qadağan edilməsi və dövlət rüsumu olaraq tərəfindən ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona qaytarılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin 2004cü il tarixli qərarı ilə ona Bələdiyyənin ehtiyat fondundan Şollar kəndi ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi satılmış, həmin torpaq sahəsində yaşayış evi inşa etdirərək ailəsilə birlikdə həmin evdə yaşayır. Həmin ərazidə həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha istifadəsiz torpaq sahəsi olmuş və bu torpaq sahəsinin ona satılması üçün Şollar Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin 28 sentyabr 2006-cı il tarixli, 22 saylı qərarı ilə həmin 0.02 ha torpaq sahəsi ona satılmışdır. xx.xx.2018-ci il tarixdə bələdiyyədən satın aldığı 0.02 ha həyətyanı torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona rəsmi cavab verilmişdir ki, üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etdim. 0.02 ha torpaq sahəsinə başqa şəxsin adına çıxarış verilmişdir. Məlum olmuşdur ki, həmin şəxs hazırki iş üzrə Cavabdeh1dur. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsində cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinə Cavabdeh1 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-80/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iş üzrə üçüncü şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-80/2021 saylı qərarının dəyişdirilməsi, Xaçmaz rayonu, Şollar kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.02 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-2198/2022 saylı qərarı ilə kassasiya şikayətin təmin edilməməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2- 1(105)-171/2022 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra o yenidən 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin 0.02 ha torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 2024-cü ilin fevral ayının əvvələrində 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi əraziyə gələrək həmin 0.02 ha torpaq sahəsinin müayinə edilib koordinatları yerində müəyyən etmək istədikdə, cavabdehlər 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinə maneçilik törətmiş, onu torpaq sahəsinə buraxmamışlar. Bu səbəbdən torpaq sahəsinin müayinəsi baş tutmamışdır. 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə ona 26 fevral 2024-cü il tarixli, 3-21-3-34/2-1955/2024 saylı məktubla cavab verilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.02 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanuni əsaslarla əldə etdiyi 0.02 ha torpaq sahəsi üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata aldıra bilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvvəlki məhkəmə prosesləri üzrə qətnamə ilə onun iddiası təmin olunmuş, cavabdehin sənədləri ləğv olunmuşdur. Hazırda reyestrin nümayəndəsi mübahisəli əraziyə müayinə baxışı keçirməlidir. Lakin cavabdeh baxış keçirməyə imkan vermir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, onlar reyestr idarəsinə qarşı İnzibati Məhkəmədə iddia qaldırmışlar, hazırda iş icraatdadır. Xahiş etmişlər ki, onların torpaq sahəsinin yerini onlara təqdim etsinlər. Onlara bildirmişlər ki, onların yeri cənub tərəfdədir. Ona verilən sənədlər əsasında torpaq sahəsində ev tikmişdir. 50000 manat xərci çıxmışdır. Ziyanı ödənilsin. Əmlak onun mülkiyyətidir, ona görə də mülkiyyətinə daxil olmağa razı deyil. Eyni zamanda bildirmişdir ki, məhkəmənin qərarından sona qanuni əsaslarla ev tikmişdir. Bələdiyyə də bildirir ki, torpaq sahəsi onlarındır. Ekspert baxış keçirib koordinatlar əsasında bildirmişdir ki, onların torpaq sahəsi cənubda yerləşir. Ekspert iddiaçının torpağı ilə üst-üstə düşməsini bildirməmişdir. Ona dəyən ziyanın hesablanmasını tələb edir. İddianın təmin olunmamasını xahiş edir. İş üzrə Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -DƏDK X7 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün satılmış 0.02 ha torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. -Xaçmaz rayon Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı Şollar Bələdiyyəsinin ehtiyat fondundan Şollar kəndinin ərazisindən 200 kv.metr torpaq sahəsinin satılmasına icazə verilmişdir. -Susayqışlaq bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 138 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Şollar kəndi sakini Həsənova X1 bələdiyyəsinin Şollar kəndi ərazisində 28 sentyabr 2006-ci il tarixli 22 saylı iclasın qərarı ilə ona fərdi mənzil tikintisi üçün 0.02 ha torpaq sahəsi satılmış və hazırda həmin qərar qanuni qüvvədədir. -Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-56/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. -Sorğuya əsasən alınmış Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 133 nömrəli məktubundan müəyyən olunur ki, Pərdiqran kənd sakini Cavabdeh1 mülkiyyətində Şollar kəndi ərazisində 0.02 ha həyətyanı torpaq sahəsi və evi vardır. Halhazırda həmin evdə ailəsilə birlikdə yaşayır. -Xaçmaz rayon Susayqışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 488 nömrəli arayışından müəyyən olunur ki, Həkimov X2 sakinidir, aşağıda adları qeyd olunan ailə üzvləri ilə birlikdə həmin kənddə özünə məxsus evdə (çıxarış: reyestr nömrəsi **********70-10301) qeydiyyatda olmaqla yaşayırlar. Arvadı Cavabdeh2, oğlu X4, oğlu X6. -Sorğuya əsasən alınmış Xaçmaz rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və sair tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-80/2021 saylı icra sənədi Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin 28 sentyabr 2006-cı il tarixli, 22 saylı qərarı ilə həmin 0.02 ha torpaq sahəsi iddiaçıya satılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə bələdiyyədən satın aldığı 0.02 ha həyətyanı torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydə alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarədən ona rəsmi cavab verilmişdir ki, 0.02 ha torpaq sahəsinə Cavabdeh1 adına çıxarış verilmişdir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsində cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh orqan tərəfindən Xaçmaz rayonu, Şollar kəndində yerləşən sahəsi 0.02 ha torpaq sahəsinə Cavabdeh1 adına tərtib edilmiş **********70 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı № ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(118)-80/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən iş üzrə üçüncü şəxs Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməmişdir. Üçüncü şəxs Cavabdeh1 kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-2198/2022 saylı qərarı ilə kassasiya şikayətin təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı yenidən 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək həmin 0.02 ha torpaq sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, 2024-cü ilin fevral ayının əvvələrində 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi əraziyə gələrək həmin 0.02 ha torpaq sahəsinin müayinə edilib koordinatları yerində müəyyən etmək istədikdə, cavabdehlər 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinə maneə törətmiş, onu torpaq sahəsinə buraxmamışlar. Bu səbəbdən torpaq sahəsinin müayinəsi baş tutmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinin əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin tələblərinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvericilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(102)-2198/2022 saylı qüvvədə olan qərarında kassasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1905 saylı, 2 iyun 2021-ci il tarixli ekspert rəyinə əsaslanan mövqeyinə görə hazırkı mülki iş üzrə iddiaçının həmin torpaq sahəsinə hüququ olduğu halda, fərdi yaşayış evinin və həmin evi yerləşdiyi 0,02 ha torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınması qanunazidd hesab edilmişdir. Qeyd olunan ekspert rəyinə əsasən Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsi ilə Şollar bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə Cavabdeh1 satılmış 200 kv.metr torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsində inşa edilmiş tikili Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsində yerləşir. Şollar bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 33 saylı qərarı ilə Cavabdeh1 satılmış 200 kv.metr torpaq sahəsinin baş planının çıxarışında göstərilmiş torpaq sahəsinin cizgiləri mübahisə predmeti olan torpaq sahəsindən cənub istiqamətdə yerləşir. Qeyd edilən əmlak üzərində “gözlənilən” mülkiyyət hüquqlarına malik olan iddiaçının sözügedən əmlakın İddiaçı adına dövlət qeydiyyatına alınmasına dair müraciəti daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər tərəfindən şərait yaradılmadığından təmin edilməmiş, bu səbəbdən də, iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının gələcək mülkiyyətçi kimi qanuni gözləntiyə malik olduğu Xaçmaz rayonunun Şollar kəndində yerləşən 0,02 ha torpaq sahəsində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədilə mütəxəssislərin sözügedən torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərmələrinə cavabdehlər tərəfindən edilən hər hansı müdaxilə qanunsuz hesab edilməklə, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış 200 kv.metr torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən müayinə edilməsi və torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələr aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu cür manelərin törədilməsi qadağan edilməlidi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Xaçmaz rayonu Şollar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 22 saylı qərarı ilə İddiaçı satılmış, onun yaşadığı evin həyətyanı torpaq sahəsinə bitişik 0.02 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı X7 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən müayinə edilməsi və torpaq sahəsinin koordinatların yerində müəyyən edilməsinə törədilən maneələr aradan qaldırılsın və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bu cür manelərin törədilməsi qadağan edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar