Məhkəmə qərarları › İş №2(067)-306/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-306/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-306/2023 27.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçı və vəkili Vəkil, Üçüncü şəxslər X4 və X1 iştirakı ilə İddiaçı Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı fərdi yaşayış evinin bağışlanmasına dair müqavilənin üçüncü şəxslərin razılığı tələb edilmədən təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə 27 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Hacı Qurban oba kəndində yerləşən yaşayış evinin bağışlanmasına dair müqavilənin üçüncü şəxslərin razılığı tələb edilmədən təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Xaçmaz rayonu Hacı Qurbanoba kəndində 0.17 ha torpaq sahəsində yerləşən 93.9 kv.m sahəsi olan fərdi yaşayış evinə verilən çıxarışa əsasən hüquq sahibləri kimi X5 ¼ hissə, X7 ¼ hissə və ona 2/4 hissə pay ayrılmaqla paylı mülkiyyət kimi qeydə alınmışdır. Həmin fərdi yaşayış evində o, İddiaçı, Seyfullayeva Ağabacı, Seyfullayeva Ayla və Seyfullayeva Səma qeydiyyatdadırlar. Xaçmaz rayonu Hacı Qurbanoba kəndində yerləşən fərdi yaşayış evinə pay hüququ olan X7 vətən müharibəsində 10 noyabr 2020-ci il tarixində Şuşa şəhərində hərbi əməliyyatlar zamanı döyüş şəraitində qəhrəmancasına şəhid olaraq vəfat etmişdir. X3 miras əmlakı onun və arvadı X4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə müəyyən edilmişdir. O, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək Xaçmaz rayonu Hacı Qurban oba kəndində yerləşən fərdi yaşayış evini qızı X2 bağışlamaq niyyətində olduğunu bildirmiş və xahiş etmişdir ki, notarius digər qanun üzrə vərəsə və evə qeydiyyatda olan X6 notariat ofisinə dəvət etsin. Notarisun verdiyi şifahi məlumata görə isə Seyfullayeva Ağabacı notariat ofisinə gəlməkdən imtina etmişdir. Bu səbəbdən onun evə qeydiyyatı olduğu üçün onun razılığı olmadan öz payını qızına bağışlanmasında formal məhdudiyyət yaranmışdır. Bununla bağlı Notariat Ofisi tərəfindən 19 oktyabr 2022-ci il tarixində ona “Notariat hərəkətlərinin aparılması haqqında” təlimatın 49-cu bəndinə istinad edərək bağışlama müqaviləsi ilə yaşayış evi üzərində notariat hərəkətinin aparıla bilinməməsi barədə imtina cavabı verilmiş və bununla hər hansı bir mübahisə varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi məqsədəuyğunluğu nəzərinə çatdırılmışdır. Təbii ki, verilən bu cavab onu qane etmir. Hüquqi mahiyyətcə formal xarakter daşıyır və onun mülkiyyətindən müstəqil olaraq sərəncam vermə hüququnun qanunsuz olaraq məhdudlaşdırılmışdır. Qanun üzrə vərəsə X8 2020-ci ilin dekabr ayından hal-hazıradək qeydiyyatda olduğu ünvanda yaşamır, yəni qeydiyyatda olması formal xarakter daşıyır, özünə aid qanun üzrə vərəsəlik hüququ tanınıb. Yəni miras payın vərəsəliklə bağlı mübahisəli bir mövcud durumu yoxdur. İş üzrə iddiaçı iddia ərizəsinə əlavə ərizə ilə müraciət edərək Xaçmaz rayon 1 saylı Notariat Ofisinin 19.102022-ci il tarixli X-981 saylı cavabının (məktubun) əsassız hesab edilməsi və cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə Xaçmaz rayonu Hacı Qurban oba kəndində yerləşən yaşayış evinin bağışlanmasına dair müqavilənin üçüncü şəxsin razılığı tələb edilmədən təsdiq edilməsi öhdəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəhid ailəsi kimi dövlət tərəfindən hələki evlə təmin olunmadığından evin bağışlanmasına razılıq verməmişdir. Dövlət tərəfindən evlə təmin olunduqdan sonra həmin evdən çıxacaqdır. İddiaçı da payının bağışlanmasına razılıq verməsini ona təklif etmişdir. Lakin o bundan imtina etmişdir. ərinin vəfatından sonra vərəsəliklə əlaqədar notariusa müraciət etməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 anasının evdən payının kimə istəsə bağışlamasına etiraz etməmişdir. İş üzrə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2001-ci il qeydiyyat tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Hacı Qurbanoba kəndində 0,17 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,9 kv.metr olan yaşayış evi birgə mülkiyyət hüququ üzrə ¼ hissə X1, ¼ hissə X3 və 2/4 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayonu Hacı Qurbanoba kəndində yerləşən yaşayış evinin X2 bağışlamasına dair qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün şəxslərin razılıq ərizəsi tələb olunduğundan, qeyd olunan fərdi yaşayış evinin bağışlanılmasına dair müraciətdən imtina edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kınd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 599 nömrəli arayışından müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrindən **********42-10301 reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Hacı Qurbanoba kəndində 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində aşağıdakı şəxslər qeydiyyatdadır. İddiaçı, X5, X15, X8, X11 və X12. Yuxarıda sadalananlardan da göründüyü kimi iddia tələbi qismən əsaslıdır. Belə ki, işin həqiqi halları, tərəflərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayonu Hacı Qurbanoba kəndində yerləşən fərdi yaşayış evi İddiaçı və digərlərinin birgə mülkiyyətindədir. İddiaçı birgə mülkiyyətində olan Xaçmaz rayonu Hacı Qurbanoba kəndində yerləşən fərdi yaşayış evinin özünə aid hissəsini digər şəxsə bağışlanmasına dair Xaçmaz rayon Notariat Ofisinə müraciət etmişdir, lakin cavabdeh tərəfindən əqd təsdiq edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə müvafiq olaraq mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddənin 152.4-cü maddəsinə görə sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.1-ci maddəsinə əsasən normativ hüquqi aktların kolliziyası həll edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin tələbləri nəzərə alınır. Konstitusiya Qanununun 2.3-cü maddəsinə əsasən referendumla qəbul edilmiş akt, qanun, fərman və ya digər normaativ hüquqi akt Azərbaycan Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Konstitusiyası tətbiq edilir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsasən mülkiyyətçi özünə məxsus olan əmlaka öz mülahizəsinə görə sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququna malikdir. «Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqularının məhdudlaşdırılmasına yönəlmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 49-cu bəndində nəzərdə tutulan qaydada mənzillərin özgəninkiləşdirilməsi haqqında əqdlər təsdiq edilərkən daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra notariat hərəkətlərinin aparılması barədə imtina iddiaçının Konstitusiyada təsbit edilmiş konstitusion hüquqlarını, yəni iddiaçıya məxsus olan əmlak (əmlak payı) barəsində sərəncam vermək hüququnun həyata keçirilməsinə mane olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkilləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülki Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnun reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bu Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Qanunvericiliyin tələblərindən müəyyən olunur ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilklik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarındabu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-cü maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli X-981 nömrəli (məktubu) imtinası əsassız (qanuna uyğun olmayan) hesab edilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar