Məhkəmə qərarları › İş №2(067)-3293/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3293/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3293/2021 10.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdeh qarşı kredit müqavilələri üzrə zaminlik müqavilələrinə əsasən mərhum X2 tərəfindən ödənilmiş 3811.25 manat məbləğində pulun tutularaq X1 vərəsələrinin nəfinə köçürülməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqavilələri üzrə zaminlik müqavilələrinə əsasən mərhum X2 tərəfindən ödənilmiş 3811.25 manat məbləğində pulun tutularaq X1 vərəsələrinin nəfinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən dövlət rüsumu qanunvericilikdə müəyyən edilmiş məbləğdən az ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı öz adından deyil, kənar şəxslərin mənafeyi üçün iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-in 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan göründüyü kimi başqalarının mənafeyi naminə iddia qaldırılması üçün qanun üzrə bu hüquqa malik olmalıdır. Lakin, iddiaçı tərəfindən iddia ərizəsində mənafeləri naminə iddia qaldırılmış X1 vərəsələrinin kimlər olduğu göstərilməmiş, həmçinin, özünün belə bir iddia qaldırmaq üçün hüququnun olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 69-cu maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh qarşı kredit müqavilələri üzrə zaminlik müqavilələrinə əsasən mərhum X2 tərəfindən ödənilmiş 3811.25 manat məbləğində pulun tutularaq X1 vərəsələrinin nəfinə köçürülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar